2019-cu ilin ilk iki ayı sosial-iqtisadi islahatlarla zəngin oldu. Ölkə prezidentinin şəhid ailələri ilə görüşü, daha sonra şəhid ailələrinə 11 min manat vəsaitin ödənilməsinə başlanması müsbət bir tendensiyanın başlanğıcı oldu.
Şamaxıda baş verən zəlzələdən sonra prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın bu rayona səfəri, sakinlərlə səmimi görüşlər, zərərçəkənlərə yeni evlərin tikilməsi ilə bağlı göstəriş verilməsi də cəmiyyət tərəfindən müsbət qarşılandı. Bunun ardından minimum əmək haqqı 180 manata qaldırıldı. Pensiyalarla bağlı da oxşar addım atıldı, martın 1-dən əmək pensiyalarının minimum məbləği 160 manata yüksələcək. Bir neçə gün öncə isə ölkə prezidenti sosial müavinətlərin artırılması, daha sonra məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən müavinətin 50 faiz artırılması barədə qərar verdi.
Azərbaycan prezidentinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu qərarları cəmiyyətdə alqışlanır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, ümumiyyətlə, ötən il prezident seçkilərindən sonra İlham Əliyev çox ciddi iqtisadi-sosial islahatlara start verib və hazırda gedən proses də həmin islahatların davamıdır: “Bu islahatların nəticəsində müsbətə doğru dəyişikliklərin şahidi oluruq və olmaqda davam edəcəyik. Şəhid ailələrinin sosial məsələlərinin həlli, minimum əmək haqqının, minimum pensiyaların əhəmiyyətli dərəcədə artırılması, çoxmənzilli yaşayış binlarına ”kupça"ların verilməsi ilə bağlı sərəncamlar təqdirəlayiqdir. Bu sərəncamlar yüz minlərlə insanı əhatə edir və təbii ki, əhalinin güzəranında öz müsbət təsirini göstərəcək".
Deputat Tahir Kərimli də bildirdi ki, prezident sosial məsələlərin həllinə həmişə xüsusi diqqət ayırıb və bu yanaşma elan olunmuş fəaliyyət proqramının əsasını təşkil edir. Əslində bu gün əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlarda təəccüblü heç nə yoxdur. Məsələn, müavinətlərin artırılması haqqında sərəncam yeni olsa da, onun imzalanmasını təmin edən siyasət illərdir həyata keçirilir: “Prezident İlham Əliyevin demək olar bütün çıxışlarında sosial məsələlər xüsusi qabardılır, bu xüsusda dövlətin müəyyən etdiyi addımlardan, qəbul olunacaq proqramlardan söz açılır. Verilən qərarlar isə məsələnin praktiki həyata keçirilməsinin isbatıdır. Pensiyaların, sosial müavinətlərin artırılması xüsusilə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrin gəlirlərinin artması baxımından çox sevindiricidir və insanlar bu addımları təqdir edirlər”.
Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov isə qeyd etdi ki, Azərbaycanın sosial dövlət olduğunu ölkə prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi sosial siyasət strategiyasına diqqət yetirməklə görmək mümkündür. Bu strategiyanın ana xəttini Azərbaycan vətəndaşının və ilk növbədə, sosial müdafiəyə ehtiyacı daha çox olan insanların layiqli yaşayış səviyyəsini təmin etmək təşkil edir: “Prezidentin bu addımlarının başqa nəyə isə hesablandığını düşünən diletantlar bilməlidirlər ki, bu tədbirlər dövlət başçısının müəyyənləşdirdiyi ümumi inkişaf konsepsiyasının tərkib hissəsi olan məsələlərin ardıcıl bir şəkildə reallaşdırılmasından başqa heç nə deyil.
Xatırladım ki, həmin konsepsiya çərçivəsində nəzərdə tutulan məsələləri həll etmək və konsepsiyanın tərkib hissəsi, ana xətti olan sosial strategiyanı reallaşdırmaq üçün dövlət bu il üçün qəbul etdiyi büdcəsində bütün xərcləri nəzərə almışdı. Bu, o büdcədir ki, ölkə prezidentinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlarla bağlı xərclər orada öz əksini tapıb. Yəni prezidentin cari ildə sosial məsələlərin həlli istiqamətində imzaladığı və bundan sonra imzalayacağı sərəncamların maddi təminatı onun təsdiq etdiyi büdcədə öncədən nəzərdə tutulub. Ona görə də prezidentin bu addımlarını yanlış izah edənlər anlasınlar ki, burada təsadüfi heç nə yoxdur. Atılan bütün addımlar öncədən planlaşdırılıb və bu addımların maddi təminatı dövlətin büdcəsində öz əksini tapıb.
Bu ilin sosial məsələlərin həlli ilə bağlı daha zəngin bir il olacağını prezident İlham Əliyev hələ xeyli əvvəl bir neçə dəfə bəyan etmişdi. Yeni il də dövlət başçısının verdiyi bəyanatlara uyğun bir şəkildə başladı. Bir-birinin ardınca qəbul edilən qərarlar insanlarda dövlətinə, prezidentinə inamı bir daha artırdı.
İnsanların bütün problemləri prezidentin daim diqqət mərkəzindədir. Çünki ölkə rəhbəri hər zaman xalqın arasındadır. Onun bu günlərdə imzaladığı yeni bir fərman isə yüz minlərlə vətəndaş üçün ciddi narahatlıq doğuran bir problemin həllini gerçəkləşdirdi. Bu, vaxtılə tikilib vətəndaşlara satılan, lakin istismara qəbul edilməyən mənzillərlə bağlı çətinliyin aradan qaldırılması istiqamətində atılan addım idi".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı prezidentin sosialyönümlü qərarlarının müsbət və vacib qərarlar olduğunu dedi: “Biz bu addımları müsbət dəyərləndiririk. Hesab edirəm ki, dövlət rəhbərliyi üzünü daha ciddi şəkildə xalqa tərəf yönəldir. Bu tam müsbət prosesdir, ədalətli cəmiyyətin formalaşmasına xidmət edir. İnsanların vəziyyəti daim dövlətin diqqətində saxlanılmalı, bu istiqamətdə davamlı addımlar atılmalıdır. Məcburi köçkünlər, müharibə qurbanlarının hamısı, şəhid ailələri, əlillər, veteranlar xüsusi diqqətlə əhatə olunmalıdır və verilən qərarlar bu təbəqələrin diqqət mərkəzində olduğunu göstərir”.
