|
“Milli gəlirin 80 faizi Bakı və Abşeron yarımadasının payına düşür” - ekspert

Fevralın 26-da Bakıda “İqtisadi islahatlara jurnalist dəstəyi” adlı seminar öz işinə başlayıb. Seminarı Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (CİPE) maliyyə dəstəyi ilə təşkil edib.

Seminarın ilk mövzusu Azərbaycanda regionların sosial-iqtisadi inkişafının qiymətləndirilməsi məsələlərinə həsr olunub. Ölkədə bu sahədə həyata keçirilən dövlət proqramları barədə danışan iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, hazırda regional inkişaf Azərbaycan üçün ən vacib məsələlərdən biridir. Onun sözlərinə görə, mövcud regional disbalans aradan qaldırılmazsa, ölkədə dayanıqlı iqtisadi inkişafa nail olunması qeyri-mümkündür: “Bakı son 20 ildə demoqrafik baxımdan həddindən çox böyüyüb. Bəxtimizdən Azərbaycanın neft-qaz ehtiyatlarının mütləq əksəriyyəti Bakıda cəmləşib. Nəticədə bu gün Azərbaycanda istehsal olunan milli gəlirin 80 faizi Bakı və Abşeron yarımadasının payına düşür. Təsəvvür edin, coğrafi baxımdan 5 faiz payı olan bir ərazi 80 faiz milli gəliri təmin edir. Təxmini hesablamalarımız göstərir ki, regionların ixracatdakı yeri ən yaxşı halda 3-4 faizə güclə çatır. Bütün bunlar göstərir ki, iqtisadi inkişaf baxımından Azərbaycanın regionları arasında çox ciddi disbalans var. İqtisadi inkişafda varsa, deməli, sosial inkişafda da belə disbalans var”.

Ekspertin sözlərinə görə, rəsmi statistika əhalinin adambaşına düşən gəlirə görə Bakı ilə regionlar arasında ən yaxşı halda 20-25 faiz fərq göstərir: “Bu, inandırıcı deyil, əks halda, əhali regionlardan kütləvi şəkildə Bakıya axışmazdı. Regional disbalansı göstərən digər göstərici büdcədir. Azərbaycan dövlət büdcəsinin cəmi 3-3,5 faizi Bakı və Abşerondan kənarda formalaşır. Bu gün regionların inkişafına dair proqramların icrasına 150-200 milyard manat sərf olunduğu deyilir. Mənim üçün maraqlıdır, bu qədər vəsait xərcləndikdən sonra proqramların icrasına başlanan ərəfədəki ilə indiki arasında evində içməli su alan vətəndaşlar baxımından nə qədər fərq var? Rəsmi statistikanın açıqladığı rəqəmlər də real vəziyyəti qiymətləndirməyə imkan verir. Məsələn, rəsmi məlumata görə, adambaşına düşən ümumi məhsul buraxılışı Bakıda 25 min manat, Yardımlıda isə 1200 manat təşkil edir. Fərq 20 dəfədir. Yaxud məşğulluqla bağlı səsləndirilən rəqəmlərlə bağlı bir fakta diqqət yetirək. Hamının bildiyi bir statistik məlumat əsasında fikrimi izah edim. Azərbaycanda doğuma görə müavinət valideynlərdən biri işləyirsə, işverən tərəfindən, hər ikisi işləmirsə, dövlət tərəfindən ödənilir. Rəsmi statistikadan aydın olur ki, 150 min doğum halının 125 mini üzrə müavinəti dövlət, 25 mini üzrə isə işverən ödəyib. Bu, işsizlik səviyyəsinin ən yaxşı göstəricilərindən biri sayıla bilər”.

R.Ağayev deyir ki, regional disbalansı aradan qaldırmaq üçün hökumət strategiya hazırlamalı, daha sonra onun həyata keçirilməsi üçün proqramlar işlənməlidir: “Proqramlar hər region üçün ayrıca olmalıdır, çünki hər regionun özünəməxsus cəhətləri var”.

Seminarın ikinci mövzusu olan “Bank sektorunun mövcud vəziyyəti və gözləntilər” mövzusu üzrə çıxış edən iqtisadçı-ekspert Samir Əliyev 2015-ci ildə baş verən devalvasiyaların bu sektora ciddi zərər vurduğunu bildirib. Onun sözlərinə görə, 2014-cü ildə iqtisadiyyatın pulla təminatı - monetarizasiya səviyyəsi 29,40 faiz olubsa, 2015-ci ildə bu göstərici 16 faizə düşüb, 2018-ci ilin sonunadək 18,40 faizə yüksəlib: “Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 60-70 faizdən aşağı deyil. Bəzi ölkələrdə isə 100 faizin üzərindədir. Məsələn, Yaponiyada bu, 150 faizdir. Azərbaycanda heç vaxt 30 faizdən yuxarı olmayıb”.

Xarici valyutaların bahalaşması nəticəsində kredit qoyuluşlarında onların payı 2015-ci ildəki 49,4 faizdən 2018-ci ildə 38 faizə, depozitlərdə 72,4 faizdən 65,3 faizə, o cümlədən əmanət qoyuluşunda 66,5 faizdən 62,5 faizədək azalıb. Bundan əlavə, əmanət qoyuluşlarının həcmindəki azalma zəif də olsa artımla əvəzlənib.

Ötən müddət ərzində bank sektorunda təmərküzləşmə güclənib. Belə ki, 5 bankın bazar payı artaraq 2018-ci ildə 65,6 faizə yüksəlib.

Bank sektorunun mənfəətində də azalma baş verib. Belə ki, 2017-ci ildə banklar 883,6 milyon manat mənfəət əldə etmişdisə, 2018-ci ildə bu göstərici kəskin azalaraq 279,4 milyon manat təşkil edib. Əvəzində isə bank işçilərinin sayı 16 171-dən 17 415-ə qədər artıb.

S.Əliyev bildirir ki, yaxınmüddətli dövr üçün banklar qarşısında bir sıra çağırışlar var. Bunlar problemli kreditlər, izafi likvidlik, konsentrasiya, resursların diversifikasiyası, real sektorda yüksək risk səviyyəsi və girov mexanizminin təkmil olmamasıdır: “Hazırda bankların böyük bir problemi kredit vermək üçün müştəri bazasının məhdud olmasıdır. Yaxınmüddətli dövrdə banklar kreditləşməni artıra bilməsələr ciddi problemlərlə üzləşəcəklər”.