|
Gürcüstan prezidenti Bakıya gəlir - büst qalmaqalı bitəcəkmi?...

Gürcüstan prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək. İki günlük səfər zamanı o, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək. Bu, onun ölkə prezidenti seçilməsindən sonra ilk regional səfəridir. Bundan qabaq o, Fransada səfərdə olmuşdu. 

Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsinin iştirakçısı, erməni hərbi canilərindən olan Mixail Avaqyana büstün qoyulmasından və bununla bağlı Azərbaycanla yaranan gərginlikdən sonraya təsadüf etməsi Zurabişvilinin Bakı səfərinə diqqətləri artırır. Bakıda abidə məsələsinin müzakirə ediləcəyi istisna edilmir.

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Salome Zurabişvilinin bu səfəri Azərbaycana etməsi gözlənilən idi:“Azərbaycan Gürcüstanın regionda müttəfiqidir, eyni zamanda son dövrlərdə iki ölkə arasında bir sıra problemlər meydana çıxıb və onların danışıqlar yolu ilə həlli zərurəti yaranıb. Xüsusən də son illərdə dərinləşmiş münasibətlərin birdən-birə soyuqlaşması, hətta iki ölkə arasında şərti olaraq ”büst", “dəhliz” və “qaz” böhranı adlandıra biləcəyimiz problemin strateji müttəfiqlik və xalqlararası münasibətləri zədələdəcək həddə gəlməsi də bu səfəri şərtləndirən amillərdən ola bilər. Zurabişvilinin Azərbaycana münasibətində iki yanaşma var: onun ermənipərəst olması ehtimalından çıxış edərək Azərbaycanla əlaqələrə soyuq yanaşması ki, Cavaxetiyadakı ermənilər qarşısında çıxışı, Gürcüstandan Ermənistan və Rusiya arasında dəhliz çəkilməsi məsələsi, erməni terrorçuya abidə qoyulması, SOCAR-ın Gürcüstan qaz bazarındakı mövqeyi ilə bağlı son dövrdəki məsələlər və s. Bütün bunlar onun prezident seçilməsindən sonrakı dövrə təsadüf edib. Bir sıra amillər, faktlar isə bunu deməyə əsas verir ki, xanım prezident Gürcüstanda artıq səlahiyyətləri məhdudlaşdırılmış prezident postunu tutur. O, ölkə siyasətinə əvvəlki prezidentlər kimi bir o qədər də müdaxilə edib həlledici istiqamətləri təkbaşına müəyyənləşdirə bilmir. Gürcüstan daha çox böyük geosiyasi güclərin savaş poliqonudur və onun siyasətini həmin güclərin ölkədaxili siyasi sistemdə yer tutan siyasi qüvvələr təmsil edir, nəinki gürcü iqtidarı özü müstəqil şəkildə, Zurabişvilini dəstəkləyən “Gürcü arzusu” onlardan biridir, “boz kardinal” yenə də Bidzina  İvanişvilidir, hətta ironiya ilə onu “xanım prezident” adlandırırlar. Zurabişvili onun marionetidir və s".

İlgili resim

Politoloq Azərbaycan-Gürcüstan münasibətlərindəki çatlara da toxundu: “Açıq şəkildə qeyd etmək lazımdır ki, iki ölkə arasında son dövrdə yaranmış problemlər daha çox xaricdən, konkret olaraq Rusiyadan göstərilən təsirlər nəticəsində formalaşana bənzəyir. Rusiya bir çox geosiyasi maraqları naminə, o cümlədən Ermənistanı blokadadan çıxarmaq üçün hazırkı gürcü iqtidarı üzərindəki nüfuzundan, təsir imkanlarından istifadə edərək Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən Tsxinvalidən dəhliz açılması məsələsini Karasin - Abaşidze formatına daxil etməyə çalışdı. Son dövrdə Gürcüstan rəsmilərinin guya enerji mənbələrini şaxələndirmək üçün ”Qazprom"la danışıqlar təşəbbüsü də bu qəbildəndir. Üstəlik, Gürcüstan Rusiya təbii qazını Ermənistana ötürən tranzit ölkədir və buna görə haqq alır, yaxud qazı güzəştli qiymətə əldə edir. Bunlar, əlbəttə, iki ölkə arasında münasibətlərə xələl gətirir. Lakin Gürcüstanın hazırda Azərbaycanla müttəfiqlikdən imtina etməsi real deyil. Bizi ümumi geosiyasi tale və böyük layihələr birləşdirir. Gürcüstanın Azərbaycanla münasibətlərinin pisləşməsi milyardlarla dollarlıq layihələrin iflasına səbəb ola bilərdi. Bu layihələrin arxasında böyük güclər dayanır və Rusiyanın onları təkbaşına qarşısına alıb Gürcüstanı Azərbaycanla əməkdaşlıqdan yayındırması onun cənubunda ikinci Ukrayna cəbhəsinin açılması demək olardı. Gürcüstan iqtidarının da belə bir avantüraya gedəcəyi inandırıcı deyil. Hazırkı Gürcüstan siyasi sistemində, qeyd etdiyimiz kimi, prezidentin səlahiyyətləri yox, təşəbbüslə çıxış etmək imkanları var.

Əlbəttə, o, digər ölkə başçıları ilə görüşə bilər. Lakin Zurabişvilinin ölkəmizə gözlənilən səfərinin regional proseslərin həlli istiqamətində xüsusi dəyişikliyə səbəb olacağını düşünmürəm. Azərbaycanla dostluğa xələl gəlməsinə imkan verməmək iradəsi və ya səlahiyyəti olan prezident ölkəmizə qarşı Gürcüstanda son dövrdə ard-arda bu qədər təxribatlara icazə verməli deyildi. Bununla yanaşı, qarşıdan 2020-ci il real hakimiyyəti əlində cəmləşdirmək səlahiyyəti olan parlament seçkiləri gəlir. “Gürcü arzusu” ABŞ-ın müdaxiləsindən, hakimiyyətin əsas güc qanadı olan parlamentdəki mövqeyini itirəcəyindən, Saakaşvili tərəfdarlarının qalibiyyətindən narahatdır və prezident seçkilərində olduğu kimi Azərbaycanın onlara kömək etməsini istəyirlər. Zurabişvilini də, görünür, Azərbaycanla yanmaqda olan körpüləri bərpa etmək üçün ölkəmizə səfərə göndəriblər. Gürcüstanın NATO-ya üzvlüyünün gündəmdə olması, Qara dəniz akvatotiyasının təşkilatın məsuliyyət zonasına daxil edilməsi planları ABŞ-ı Gürcüstana qayıtmağa, Rusiyanı isə buradan çıxmamağa vadar edir. Odur ki, yaxın gələcəkdə böyük güclər arasında o, manevr edəcək, xarici siyasətində, o cümlədən Azərbaycanla münasibətində təzadlı addımlar olacaq və biz buna hazır olmalıyıq".