Aprel ayında növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilirdi. Lakin ilin ilk aylarından ölkədə ciddi sosial islahatların başlanması və bu prosesin hazırda hökuməti daha çox məşğul etməsi, həmçinin ölkə daxilində və regionda müşahidə olunan siyasi proseslər, hərəkətlilik apreldə növbədənkənar seçkiyə gedilməsi məsələsini bir müddət üçün arxa plana keçirib. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda deyilir. Xəbərdə qeyd edilir ki, ötən ilin sonlarında yuxarı dairələrdə yazda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi barədə demək olar ki, yekdil mövqe formalaşmışdı. Rəsmi qərarın fevralın sonlarında veriləcəyinə qədər məsələ dəqiq olub. Yuxarıda sadalanan səbəblər üzündən növbədənkənar seçki məsələsində hələlik bir qədər gözləmək məqsədəuyğun sayılıb.
Məlumata görə, bu ilin sonunda-dekabrın 27-də bələdiyyə seçkilərinin keçiriləcəyi faktoru da növbədənkənar parlament seçkiləri məsələsində tərəddüdlər yaradıb. Bununla belə, mənbə bildirir ki, növbədənkənar seçki məsələsi hələ gündəmdən tam olaraq da çıxmayıb. Sadəcə, bir müddət üçün gözləmə mövqeyi seçilib.
Bələdiyyə seçkilərinə hazırlıq isə davam edir. Seçki Məcəlləsinin tələbinə əsasən 2019-cu il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə seçici siyahısının dəqiqləşdirilməsi həyata keçirilir. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, siyahıların yüksək səviyyədə dəqiqləşdirilməsi üçün bu geniş miqyaslı işə respublikadakı bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və dəqiqləşdirmə prosesində həm Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilir. Qanunvericiliyə uyğun olaraq, vahid seçici siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılıb. Məntəqə seçki komissiyalarının üzvləri yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən təqdim edilən məlumatlar əsasında öz məntəqələrinin seçici siyahısını dəqiqləşdirərək, məntəqələr üzrə tərtib olunan seçici siyahılarını müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.
Hazırda dairə seçki komissiyaları seçici siyahılarını yoxlayaraq əlaqədar qurumlardan daxil olan məlumat və statistik göstəriciləri bir daha təhlil etməkdə və öz hüdudları daxilində müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını dəqiqləşdirməkdədirlər. Bu proses isə aprelin 5-dək yekunlaşmalı və respublika üzrə ilkin seçici siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçici siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Xəbərdə bildirilir ki, bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulması və ölkə üzrə yenidən tərtib olunan vahid seçici siyahısının Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdirilməsi nəzərdə tutulur.
27 dekabra-bələdiyyə seçkilərinə hələ xeyli vaxt qaldığını nəzərə alsaq, seçici siyahılarının indidən hazırlanması növbədənkənar parlament seçkilərinin nə zaman keçiriləcəyi barədə son zamanlar yayılan xəbərləri yada salır. Seçici siyahılarının hazırlanması prosesinə isə ən geci may ayının sonuna qədər yekun vurulacağı bildirilir. Bu məqama diqqət çəkən siyasi ekspertlər hesab edir ki, seçici siyahılarının indidən tərtib olunması və prosesin may ayında yekunlaşmasının nəzərdə tutulması növbədənkənar parlament seçkilərinin yayda keçiriləcəyi ehtimalını da yaradır.
