Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev toplantıda iştirak və sıxış edib. İlham Əliyev deyib ki, 2015-ci ildə bu mühüm prosesə start verilib və Azərbaycan belə bir əməkdaşlıq formatının təşəbbüskarı olub.
“Bu təşəbbüs Avropa Komissiyası tərəfindən də dəstəkləndi və beləliklə, bu proses başlandı. Biz belə toplantıların və bu nəhəng layihənin irəli aparılması ilə bağlı görülməli işlərə dair geniş müzakirələrin faydasını görürük. Mən Avropa Komissiyasına bu prosesdə fəal iştiraka görə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan və Avropa Komissiyası bu şuranın həmtəşkilatçılarıdır və bizim sıx əməkdaşlığımız yaxşı nəticələr verir. Böyük məmnuniyyətlə komissar Ottingeri salamlayıram. O, vaxtilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı olub və Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə əməkdaşlığın möhkəmlənməsi və Cənub Qaz Dəhlizi layihəsinin irəliləməsində mühüm rol oynayıb. Bu, həqiqətən də vahid komanda işidir və ildən-ilə biz bunun nəticəsini görürük”, - deyə prezident qeyd edib.
Ölkə başçısı Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə də Cənub Qaz Dəhlizinin reallaşdırılmasında göstərilən davamlı dəstəyə görə ABŞ hökumətinə minnətdarlığını bildirib. İ.Əliyev deyib ki, Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var: “Ötən ilin fevral ayında şura qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq”.
![]()
Dövlət başçısı deyib ki, Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır: “Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu ”Doing Business" hesabatına əsasən Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik".
Azərbaycanın qaz ehtiyatlarına gəldikdə, İ.Əliyev deyib ki, təsdiq edilmiş ehtiyatlarımız 2,6 trilyon kubmetrdir: “Ona görə də mən əminəm ki, ”Şahdəniz" Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq".
Qeyd edək ki, prezident İ.Əliyev fevralın 20-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə görüşüb. Dövlət başçısı ABŞ prezidenti Donald Trampın Cənub Qaz Dəhlizi layihəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Oudkirk 2018-ci ildə layihənin uğurlu icrası istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu deyib. O, ötən il bu layihə çərçivəsində yeni xətlə Türkiyəyə ilk dəfə olaraq 1 milyard kubmetr qazın çatdırıldığını vurğulayıb.
Deputat Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycana diqqət böyükdür: “Çünki faktiki olaraq Avropa Rusiya qazından çox asılıdır. Fikir verdinizsə, o vaxt Ukraynada baş verən hadisələr zamanı boru kəmərinə çox ciddi təhdidlər var idi. Ona görə də Azərbaycan qaz ixracını artırmağa başladı. Bu iki kəmərin çəkilməsi böyük əhəmiyyət kəsb edir. 2020-ci ildə istifadəyə verilməlidir. Həm Avropa dövlətləri, həm də ABŞ bu kəmərin çəkilməsinə çox maraqlıdırlar, hərtərəfli yardım edirlər. Hətta İrana sanksiyalar tətbiq ediləndə Tramp bu layihə ilə əlaqədar sanksiyaya imza atmadı, dedi ki, bu layihə sanksiyalara düşmür”.
V.Əhmədov Cənub Qaz Dəhlizi layihəsinə diqqətin böyük olduğunu vurğuladı. O, Azərbaycanın ev sahibliyi ilə keçirilən tədbirdə ABŞ və Avropanın yüksək çinli şəxslərinin, həmçinin ayrı-ayrı ölkələrdən gəlmiş nazirlərin iştirak etdiyini vurğuladı: “Bu, onu göstərir ki, layihəyə maraq çox böyükdür. Prezident də tədbirdə çıxış edib bir daha öz mövqeyini ortaya qoydu. Bu layihəni reallaşdırmaq doğrudan da çox ağır idi. Rusiya çalışırdı ki, Azərbaycan qazını öz kəməri vasitəsilə ixrac eləsin. Amma cənab prezidentin səyi və qətiyyətli mövqeyi nəticəsində qaz kəməri Türkiyə vasitəsilə Avropaya çıxarıldı”.
V.Əhmədov qeyd etdi ki, bunun iqtisadi tərəfi ilə yanaşı, həm də siyasi cəhətdən böyük əhəmiyyəti var: “Çünki iri şirkətlər Azərbaycanda işləyəcək ki, bu da ölkəmizin müstəqilliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.
Deputat əmindir ki, maneələrə baxmayaraq, artıq bu kəmərin məsələsi həll olunmuş sayılmalıdır: “Maliyyə cəhətdən də heç bir problem yoxdur”. Şimal qonşumuzun adətən iştirak etmədiyi layihələrə qıcıqlı münasibət sərgiməsinə gəldikdə, V.Əhmədov dedi ki, bu, hər zaman olub: “İndi isə Rusiya Şimal Qaz Dəhlizi çəkir, amma Avropa Birliyi, ABŞ ciddi xəbərdarlıq edir, istəmirlər bu kəmər çəkilsin, müəyyən təhdidlər var. Ümumiyyətlə, neft-qaz məsələləri həm də siyasi məsələ olduğu üçün onun ətrafında mübahisələr həmişə çox olub. Bu kəmərlə əlaqədar da Rusiyanın mövqeyi çox sərt idi. Diqqət etdinizsə, Rusiyadan heç kim iştirak etmirdi. Ancaq bunun əhəmiyyəti yoxdur. Artıq birinci hissə başa çatıb, ikinci hissə də 2020-ci ilin axırlarında başa çatdırılacaq və kəmər istifadəyə veriləcək”.
