ABŞ senatoru və Demokrat partiyasının üzvü Berni Sanders prezident Donald Tramp haqqında sərt ifadələr işlədib.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, senator Sander bununla prezidentin onunla bağlı tvitter hesabında “Dəli Berni” deyə bəhs etməsinə cavab verib.
Berni Sanders Amerika xalqına müraciətində Ağ Evin sahibini irqçi, fırıldaqçı və azğın adlandırıb.
Vermont ştatının 77 yaşlı senatoru həmçinin 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb. “Mən istərdim ki, bu xəbəri öncə vermontlularla paylaşım”, - deyə Sander ştatın ictimai radiosunda əhaliyə səslənib.
Berni Sanders Demokrat partiyasını dəstəkləsə də onun sol qanadını təmsil edir, ictimaiyyətin diqqətini daha çox ABŞ-da sosial problemlərə, səhiyyəyə, qeyri-bərəbərliyə və təhsilə çəkir.
Xatırladaq ki, Berni Sanders 2016-cı ildə partiydaxili ilkin seçkilərdə Hillari Klintonun əsas rəqibi sayılırdı. O, indi də Donald Trampa qalib gələ biləcək daha güclü və uğurlu namizədə dəstək verməyə hazır olduğunu bildirib.
Berni Sanders prezidentliyə namizədliyini elan etdikdən sonra 1 sutka ərzində milyon dollardan çox ianə toplayıb. Onun özünün məlumatına görə, 225 min adam orta hesabla 27 dollardan başlayaraq kampaniyaya maddi dəstək verib.
2020-ci ildə Berni Sandersin 79 yaşı tamam olacaq. Əgər o qalib gəlsə, ABŞ tarixində ən yaşlı prezident sayıla bilər.
Berni Sandersdən əlavə Demokrat partiyasından Konqresin Nümayəndələr palatasının üzvü Tulisi Qabbard (Havay ştatı), Nyu-Cersi ştatından senator Kori Buker, Nyu-York ştatından senator Kirsten Cillibrand, Minnesota ştatından Emi Klobuşar kimi nüfuzlu siyasətçilər prezident olmaqla bağlı niyyətlərini açıqlayıblar.
