|
Xalqın xeyrinə addımlardan narahat olanlar...

Bir sıra müxalifətçilər Azərbaycan hakimiyyətinin start verdiyi genişmiqyaslı islahatlara, prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlara kölgə salmağa, məsələlərin mahiyyətini təhrif etməyə, bəzi hallarda isə islahatların guya məcburiyyətdən irəli gəldiyinə dair əsassız fikirlər yaymağa çalışırlar. İddia edirlər ki, Azərbaycan hakimiyyətinin atdığı son inqilabi addımlar Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqin nəticəsidir. Həmin qüvvələrə ən tutarlı cavabı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bir neçə gün öncə yazdığı “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsində verib.

Siyasi ekspertlər də radikalyönlü müxalif qüvvələrin ölkə rəhbərinin verdiyi son qərarlardan, atdığı addımlardan nədən razı qalmadıqlarını, müsbət qərarlara, addımlara da mənfi reaksiya vermələrini, razı qalmadıqlarını tənqid edirlər. Bu barədə politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a şərhində bildirdi ki, müsbət addımları da bəzi müxaliflərin tənqid etməsi cəmiyyətdə birmənalı qarşılanmır və etirazlara səbəb olur. Müxalifət olmaq o demək deyil ki, heç bir müsbət işi görməməlisən, ağa qara deməlisən.

Təəssüf ki, Azərbaycanda bir sıra müxalifətçilər məhz bu cürdürlər-heç bir müsbət addımı görmək istəmirlər, görəndə isə qərəzli yanaşmaları müsbət addımlara müsbət münasibət bildirməyə imkan vermir: “Xüsusən həmin destruktiv müxalifətçilərin ağa qara deməsi, prezidentin həyata keçirdiyi islahatlara kölgə düşürmək, onu hər vəchlə qaralamaq cəhdləri onların obyektivlikdən, ədalət hissindən uzaq olmasından, nə yolla olur-olsun indiki iqtidarı gözdən salıb hakimiyyətə gəlmək iddialarının, xalqın mənafeyini arxa plana atıb bəzi xarici qüvvələrlə əlbir olaraq ölkədə hakimiyyəti ələ keçirib burada səltənət qurmaq, hökmranlıq etmək instinktinin bütün insani dəyərlərdən daha irəliyə çıxıb, onların nəzərində ən üst səviyyədə olmasından xəbər verir. Onların nədən prezident İlham Əliyevin, hakimiyyətin son addımlarından bu qədər narahat olmasını isə Azərbaycan prezidentinin köməkçisi, professor Əli Həsənov məqaləsində çox ətraflı izah edib. Əli müəllim, özünün də qeyd etdiyi kimi, 30 ildən artıqdır ki, Azərbaycanın aktiv siyasəti həyatında iştirak edir, nəinki iştirak edir, Heydər Əliyevin və onun siyasi varisi, prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasətin formalaşmasında bilavasitə iştirak edir. Heç şübhəsiz ki, Azərbaycanda beynəlxalq münasibətlər və geopolitika elmi sahələrində fundamental əsərlər yazmış  professor Əli Həsənov müasir beynəlxalq münasibətlərdə, dünya siyasi sistemində gedən prosesləri cox gözəl bilir və onu obyektiv qiymətləndirməyi bacarır. Nəzərə alsaq ki, dövlətin başında duran birinci şəxs - cənab prezident İlham Əliyev özü də dünyaca məşhur Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, siyasi elmlər doktorudur, habelə administrasiyanın rəhbəri hörmətli akademik Ramiz Mehdiyevin bir çox kitabları, sanballı məqalələri müasir qlobal siyasətin, beynəlxalq münasibətlərin ən aktual problemlərinə, ölkəmizin oradakı yerinə və roluna, böyük dövlətlərin, qlobal aktyorların, xüsusilə Qərbin siyasətinə, onun yeni dünya nizamını formalaşdırmasının əsl mahiyyətinin açılmasına həsr olunub, o zaman Azərbaycan dövlətini idarə edən şəxslərin müxalifətin fəaliyyətinin maliyyə qaynaqlarından tutmuş hərəkət mexanizminədək haradan, necə yönəldildiyinə dair yetəri qədər aydın təsəvvürə, dəqiq məlumata malik olduğunu əminliklə söyləmək olar.

İlgili resim

Hörmətli Əli Həsənovun qeyd etdiyi kimi, sosial bazasını, ictimai dəstəyini Azərbaycan xalqı arasında axtaran və siyasi perspektivini milli iradəyə bağlayan qüvvələr olduğu kimi, bütün iddialarını xarici paytaxtlardakı qaranlıq kulislərdə qəbul ediləcək hansısa qərarların öhdəsinə buraxan qüvvələr də təəssüf ki, bu gün Azərbaycan müxalifətində mövcuddur. Cənab prezident İlham Əliyevin son qərarlarından və addımlarından narahatlıq keçirən məhz həmin müxalif qüvvələrdir".

Politoloq qeyd etdi ki, həqiqətən də İlham Əliyevin liderliyi ilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektiv siyasəti həmin qüvvələr reallıqdan uzaq şəkildə təqdim etməyə çalışır. Halbuki prezident bu yaxınlarda müsahibəsində də qeyd etdiyi kimi, müstəqillik əldə etdikdən bəri Azərbaycanda islahatlar məhz 1993-cü ildən başlayıb və 1993-2003, 2003-2009 və 2009-2019-cu illəri əhatə edir. Son müşahidə edilən proseslər məhz islahatların bu ilin əvvəlindən başlayan hələ ki sonuncu mərhələsidir: “Fikrimcə, destruktiv müxalifətin ölkə rəhbərliyinin apardığı köklü islahatları məhz 19 yanvar mitinqi ilə əlaqələndirməsinin heç bir obyektiv əsası yoxdur və bu, destruktiv qüvvələrin öz gücünü mübaliğəli şəkildə göstərməsi, maliyyələşdirildiyi və təlimatlandırıldığı xarici mərkəzlər qarşısında öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi barədə hesabatdan başqa bir şey deyil. Azərbaycan Konstitusiyasında prezident vəzifəsinə namizədliyi irəli sürülən şəxslər qarşısında qoyulan əsas tələblərdən biri xarici dövlətlər qarşısında heç bir öhdəliyin olmamasıdır. Müxalifətdə olarkən xarici mərkəzlərdən təlimatlanan, Əli Həsənovun qeyd etdiyi kimi ”maliyyəni verən musiqini də sifariş edər" devizi ilə hərəkət edən liderlərin hakimiyyətə gələcəyi təqdirdə həmin mərkəzlərdən asılı olub onların tapşırıqlarını yerinə yetirməyəcəyinə heç kəs təminat verə bilməz və belə insanlar Azərbaycanın müstəqilliyini qoruya bilməz".