“Mən o iş üzrə zərərçəkən deyiləm. Məni zərərçəkən hesab etmirlər? Mən də deyirəm ki, zərər çəkməmişəm” - Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə özünün zərərçəkən kimi adı keçən işlə bağlı “Yeni Müsavat”ın əməkdaşının sualını cavablandırarkən belə deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə İqbal Ağazadəyə 165 min manat “atmaqda” ittiham olunan Sərməs Tağıyevin məhkəməsi başlayıb. İqbal Ağazadə məhkəmə hazırlıq iclasına qatılmayıb. Hakim onun prosesdə iştirak etmək istəmədiyini bildirib. Hakim həmçinin deyib ki, İqbal Ağazadə xahiş edib ki, təqsirləndirilən S.Tağıyevə kömək olunsun. Hakim əlavə edib ki, İqbal Ağazadə baxış iclaslarının birində ifadə verməsi üçün məhkəməyə çağırılacaq. İqbal Ağazadə “Yeni Müsavat”a Sərməs Tağıyevdən şikayətçi olmamasının səbəbini də açıqlayıb: “Bu adamdan şikayətim yoxdur, zərərçəkmiş deyiləm, bununla bağlı məhkəməyə mövqeyimi də bildirmişəm. Mənə vurulan zərər ödənilib”.
Tağıyev daha öncə də müxtəlif şəxslərə qarşı dələduzluq edib və Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib, lakin apelyasiya instansiyası ona şərti cəza verərək azadlığa buraxıb.
