Məlum olduğu kimi, uzun fasilədən sonra Bakıya qısamüddətli səfər edən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov bildirmişdi ki, qurumu yenidən dirçəltmək arzusundadır:
“İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir? Mənim vətəndaş mövqeyim hakimiyyətin fikrindən fərqləndiyinə görə kinematoqrafçıların mülkiyyətini və əmlakını götürmək lazımdır? Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır? İttifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. Adamlara yaradıcılıqıla məşğul olmağa şərait yaratmaq, bu mənasız cinayət və vergi təqiblərinə son qoymaq lazımdır. Hakimiyyətin mənə iradları ola bilər, ancaq niyə başqaları əziyyət çəkməlidir? ”Qafqaz üçlüyü" filminə görə mənə qarşı təqiblərə son qoymaq lazımdır".
Bəs ittifaqı qaldırmaq mümkün olacaqmı?
Əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyli “Yeni Müsavat”a bildirdi ki, onun üçün Rüstəm İbrahimbəyov mövzusu çoxdan qapanıb: “Amma 80 yaşlı kişinin bundan sonra nə edəcəyi maraqlıdır. Özünün dağıtdığı ittifaqı necə bərpa edəcək, baxarıq. Hər şeydən əvvəl çəkdiyi ”Qafqaz üçlüyü" filmi ilə bağlı söz-söhbətə cavab və izahat versin".
Şeyx Əbdülün sözlərinə görə, hamı qocalanda vətənə gəlir: “Kim gəlir, xoş gəlir, səfa gətirir. Onsuz da kim qocalırsa, vətənə dönür. Amma yaxşı olar ki, həmin film barədə danışsın”.
Yada salaq ki, Ə.Mahmudbəyli həmin filmə görə İbrahimbəyovu “xəyanətkar” adlandırmışdı. Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş katibi, xalq artisti Rasim Balayev isə bu haqda danışmaq istəmədi.
O, İbrahimbəyovun ittifaqı necə dirçəldəcəyini bilmədiyini, özünün orada təmsil olunmadığını, onu maraqlandırmadığını dedi. Yeri gəlmişkən, deyək ki, R.Balayev 2013-cü ildə ittifaqdan imtina edib.
Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev başqa ittifaqın üzvü olduğunu söylədi. Onun sözlərinə görə, İbrahimbəyovun ittifaqın işləri ona maraqlı deyil: “Özləri bilər nə edəcəklər. ”Qafqaz üçlüyü" filmini yazan adamın ətrafında kimlər toplaşacaqsa, onlar da ittifaq haqda fikirləşərlər. Bu məsələ həmin ittifaqın üzvü olanların öz vicdan problemidir".
A.Salayev “onun ətrafına yazıçı Anar, Rəssamların İttifaqının sədri Fərhad Xəlilov da toplaşmışdı” qeydimizə qısa olaraq bildirdi ki, bu da həmin şəxslərin öz işidir, şərh vermək istəmir.
A.Salayev hesab edir ki, ümumiyyətlə, R.İbrahimbəyovun restoranda ad günü keçirməsi mətbuatın diqqət mərkəzinə gəlməsinə layiq deyildi: “Başa düşmürəm ki, niyə kiminsə ad günü səs-küyə səbəb olur. Bu, bir adamın şəxsi hadisəsidir”.
“Müəyyən perspektivlə bağlı fikir mübadiləsi apardıq”. Bunu moderator.az-a R.İbrahimbəyovun sədr olduğu Azərbaycan Kinemotoqrafiyaçılar İttifaqının katibi Əlisa Cabbarov bildirib. “İlk olaraq bu görüş Azərbaycan Kinemotoqrafiya İttifaqının üzvlərinin, idarə heyətinin və katibliyin onun sədrinə olan etibarının nümayişi idi.
İdarə heyətinin qərarı ilə 2012-ci ildən 2019-cu ilədək Azərbaycan Kinemotoqrafiya İttifaqının katibliyinin fəaliyyəti Kinemotoqrafiyaçılar İttifaqının problemləri ilə bağlı apardığı işlər, kinomuzun maraqlarını qorumaqla bağlı apardığı işlər dəstəklənib. Katibliyin və idarə heyətinin işi qənaətbəxş sayılıb. İdarə heyətinin sədri Rüstəm İbrahimbəyova ittifaqın sədri olaraq dəstək nümayiş olunub. Həmçinin real durumumuzu müzakirə etdik. Müəyyən perspektivlə bağlı fikir mübadiləsi apardıq. Bu diskussiyanın, müzakirənin nəticəsini birmənalı şəkildə müsbət qiymətləndirirəm. Amma real olaraq nəticələrini üzümüzə gələn aylar görəcəyik.
Yəni həmişə Rüstəm İbrahimbəyov kino sahəsində, sənəd sahəsində kino ittifaqının katibi olaraq, güclü, komandasının maraqlarını güdən liderdir. O cəhətdən öz komandası ilə görüşü müsbət haldır və nəticəsi də müsbət olacaq", - deyə o bildirib.
Xatırladaq ki, 2012-ci ildə İbrahimbəyovun Azərbaycan Kinematoqrafçılar İttifaqını (AKİ) bir qrup üzvü tərk edərək yeni təsis olunmuş Azərbaycan Respublikası Kinematoqfafçılar İttifaqına (ARKİ) dəyişmişdi. Yeni quruma tanınmış aktrisa Şəfiqə Məmmədova sədrlik edir.
