|
Əflatun Amaşov: “İran radiolarının dalğaları bizim radioları üstələyir, hətta udur”
Milli Məclisin plenar iclasında “Telekommunikasiya haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunub. Layihə barədə çıxış edən deputat Əflatun Amaşov çox maraqlı fikirlər söylədi: “Əgər Londondasansa, sənə Bakıdan gələn zəng başqa ölkədən keçib gəlir. Telefonun ekranında Azərbaycan əvəzinə Rusiya yazılır. Bakıda da elədir. Tutaq ki, Rusiyadan sənə zəng olunur, telefonda başqa nömrə, başqa ölkə görünür. Görünür, kimlərsə bu yolla külli miqdarda vəsait əldə edirlər”.Ə.Amaşov bildirdi ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir. Deputat ölkəmizin suverenliyinə digər təhdidlərdən də bəhs etdi: “Söhbət telekommunikasiyadan gedirsə, bir məsələni xüsusi qeyd etmək istərdim. Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları üstələyir, hətta udur. Ağsu dolaylarında erməni radio dalğaları eşidilir, Gəncədən sonra gürcü radio dalğaları hakimdir. Hər bir ölkənin quru sərhədi olduğu kimi informasiya məkanlarının da sərhədləri var. Ölkəmizin gələcəyi naminə hər iki sərhədimizi qorumalıyıq. Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmalıyıq”.

Plenar iclasda çıxış edən Ə.Amaşov Azərbaycan dilinin qorunmasının vacibliyindən də bəhs etdi və “Reklam haqqında” qanunun müzakirəsi zamanı bu barədə fikirlərini söylədi.