|
Zahid Orucun müraciətinə tanınmış iqtisadçıdan dəstək gəldi

Prezidentin sərəncamı ilə yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin sədri təyin edilən Zahid Orucun facebook vasitəsilə cəmiyyətə ünvanlandığı müraciət müzakirələrə səbəb olub. Deputat rəhbəri olduğu mərkəzə hansı sahədə təmsil olunmasından asılı olmayaraq, kimlər kömək edəcəksə, bundan imtina etməyəcəklərini bəyan edib.

Sitat: “İstər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaq bizim üçün bir nömrəli vəzifədir. Eyni zamanda, hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xətti yaxın olan iqtisadçılarımızla deyil, eləcə də fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq. Hörmətli iqtisadçılar Vüsal Qasımlı, Rövşən Ağayev, Samir Əliyev və onlarla tanınan, yaxud tanınmayan insanlar bizə öz köməyini göstərəcəksə, onlardan qətiyyən imtina etmək fikrində deyilik”.

İqtisadçı ekspert, REAL Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında işlək platformaya böyük ehtiyac olduğunu söylədi: “Bu qurumda təmsil olunmaq bir az fərqlidir. Amma Zahid Orucun rəhbər olduğu təşkilatda diskussiya üçün bir platforma yaradılacaqsa, məmnuniyyətlə iştirak edərik. Bizim qapılar belə diskussiyalar hər zaman açıqdır. Özüm dəfələrlə bununla bağlı mətbuatda çıxışlar etmişəm. İşlək bir platforma olmalıdır ki, ölkənin tanınmış, fikri olan, proseslərə elmi və praktiki cəhətdən yön verə biləcək insanlar orada olsunlar. Bu çox yaxşı olardı. Yeni mərkəz bu işlə məşğul olub, yeni platforma yaradacaqsa, iqtisadçı olaraq dəvət alsam, heç vaxt bu dəvəti geri çevirmərəm. Amma bununla bağlı indidən əməkdaşlıqdan danışmaq tezdir. Çünki əməkdaşlıq tamam başqa bir formatdır”.

N.Cəfərli belə bir müraciətin edilməsinin müsbət olduğunu da qeyd etdi: “Zahid Oruc tərəfindən belə bir çağırışın edilməsi pozitiv məsələdir. İşlək platformaya indiki vaxtda böyük ehtiyac var. Səmimi şəkildə diskussiyaların aparılması, sənədlərin hazırlanması, təkliflərin normal şəkildə səsləndirilməsi müsbət olardı. Digər tərəfdən tənqidi fikirlər üçün bir müstəvi yaranacaqsa, bu tənqiddən nəticə çıxarıb müxtəlif addımlar atılacaqsa, bu, ölkənin, dövlətin xeyrinə olar. Şəxsən özüm illərdir ki, müxtəlif məsələlərlə bağlı təkliflərlə, analitik yazılarla çıxış etmişəm, çalışmışam ki, öz fikirlərimlə bu proseslərdə iştirak edim. İndi də belə bir işlək platforma olacaqsa, diskussiya müstəvisinə çevriləcəksə, məmnuniyyətlə, iştirak edə bilərəm. Burada heç bir kompleksim yoxdur. Ölkədə hər hansı bir pozitiv dəyişikliklərə səbəb olacaqsa, iqtisadiyyatda atılan addımların sürətlənməsinə kömək edəcəksə, müsbətlər gətirər. Açıq diskussiyalarda iştirak üçün heç bir əngəl görmürəm. İndiyə qədər müxtəlif məsələlərlə bağlı fikirlərimizi az bildirməmişik. Bəzi məsələlər hətta həyata da keçib. Məsələn, kənd təsərrüfatında subsidiyaların verilməsini illərdir tənqid edirdik. Hətta 2010-cu ildən etibarən subsidiyalar daha geniş yayılmağa başlayandan bunun düzgün qurulmadığını tənqid edirdik.

Mətbuatda və sosial şəbəkələrdə dəfələrlə fikirlərimizi səsləndirdik. Məndə olan məlumata görə ötən ilin ortalarından başlayaraq bununla bağlı işlər görülür. Bu anlamda onsuzda biz bizdən asılı olan məsələləri etməyə hazırıq. Amma bunun işlək bir platformaya salınması yeni yaradılan mərkəzin işidir. Bir daha deyirəm ki, əməkdaşlıq və o mərkəzdə çalışmaq tamam başqa məsələdir. Burada başqa parametrlər var. Açığı belə bir fikrim də yoxdur. Ümumi müstəvidə ictimai, iqtisadi fikirləri olan bir insan kimi dəvət alsam, fərd olaraq iştirak etməkdə heç bir problem görmürəm. Fikirlərimizi açıq şəkildə səsləndirmək üçün belə bir platformaya ehtiyacın olduğu göz önündədir. Bu günə qədər təkliflərimizi mətbuat vasitəsilə səsləndirmişik. Bundan sonra da belə olacaq. Mənim şəxsən fikrim var ki, yaxın aylarda, hətta yaxın həftələrdə vergi, gömrük məcəllələri ilə bağlı işlədiyim sənədi ictimaiyyətə açıqlayım. Əgər həmin mərkəz o fikirlərdən, sənədlərdən istifadə edəcəksə, bu sevindirici olar. Ümumi xeyrimizə işləyər”.