|
“Türkiyə gücləndikcə Avropa Birliyinə ehtiyacı azalır”

Politoloqlar ölkənin quruma üzvlüyünə yaradılan əsas əngəldən danışan Ərdoğana haqq verdilər...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin Avropa Birliyinə üzv qəbul edilməməsinin səbəbləri barədə son dedikləri gündəm olub. Cümhurbaşqanı birliyə üzv olmamalarına yeganə səbəb kimi müsəlman dövləti olduqlarını göstərib.

AB-nin müxtəlif bəhanələr etdiyinə toxunan Ərdoğan indiyə qədər üzvlük üçün qarşılarına qoyulan 15 şərtin, indi 35 qaldırıldığını qeyd edib. Ekspertlərin bu məsələdə Türkiyə liderinə haqq qazandırdılar.

Politoloq Əhəd Məmmədli deyilən səbəblə tam razıdır: “Türkiyə böyük müsəlman dövləti olduğu üçün onu Avropa Birliyinə qəbul etmirlər. Almaniyanın kiçik və orta biznesini demək olar ki, türk iş adamları yönəldirlər. Avropalılar qorxurlar ki, sərhədlər açılandan sonra türk insan axınının altında qalacaqlar. Üstəlik, 80 milyonluq müsəlman Türkiyə avtomatik Avropa Birliyinin lider ölkəsinə çevriləcək. Bununla da müsəlman Türkiyə Avropa Birliyinin böyükləri olan xristian Almaniya və Fransanın yerini dar edəcək. Bunu açıq şəkildə alman, fransız, italyan parlamentarilər söyləyirlər. Türkiyəni Avropa Birliyində niyə görmək istəmədiklərini heç gizlətmirlər də. Üstəlik, Brüsselin PKK terror təşkilatına açıq dəstəyi göz önündədir. Avropa İttifaqının parlament binasının yanında PKK terrorçuları da həmin çadıra təşrif buyurub, terrorçulara dəstəklərini bildirirdilər. Ona görə Ərdoğan tam haqlıdır. Bu vəziyyət o vaxta qədər davam edəcək ki, Türkiyə rəsmi şəkildə Avropa Birliyinə üzvlük danışıqlarına son qoysun. Bununla Avropanın da, Türkiyənin də canı qurtarsın. 15 şərti 35-ə çevirənlər, 35-i də 70-ə çevirəcəklərvə bu sona qədər davam edəcək.

Heç 35 şərti 36-a qaldırmaq da lazım deyil. Çünki bu şərtlərin hamısını Türkiyənin qəbul etməsi mümkünsüzdür. Brüssel bilərəkdən elə şərtlər irəli sürüb ki, Ankara qəbul edə bilməsin. Türkiyə gücləndikcə Avropa Birliyinə ehtiyacı azalır. Türkiyə bir müddətdən sonra Avropa Birliyinə ehtiyacı belə olmayacaq. Vaxt gələcək və bu vaxt heç də uzaqlarda deyil. Avropalılar peşman olacaqlar ki, türkləri niyə vaxtında öz böyük ailələrinə qəbul etmədilər. Lakin o vaxt onların böyük ailələrindən əsər-əlamət qalmayacaq. Avropa Birliyi Sovetlər Birliyinin daha müsbət obrazıdır. Bütün birliklər kimi hətta Avropa Birliyi kimi inkişaf etmiş birlik də gec- tez dağılacaq. Artıq bunun işartılarını görməkdəyik. Böyük Britaniya kimi böyük dövlət Avropa Birliyindən çıxdı. İngilis kimi ağıllı xalq yaxşı yerdən çıxmaz. Avropskeptiklər avroparlamentdə artmaqdadır. Avropada antiqlobalistlər, millətçilər hər seçkidə daha çox səs qazanırlar. Liberal demokratiya vətəni Avropada iflasa uğramağa başlayıb. Bütün bunlar da Avropa Birliyini sonda dağıdacaq amillərdir. İndiki şəraitdə Avropa İttifaqının dağılma ehtimalı yüksək görünməsə də, əminliklə söyləyə bilərik ki, bu ittifaqın dağılma prosesi başlayıb”.

 

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli fərqli mövqe sərgilədi: “Hər şey ona bağlıdır ki, Avropada tarixi yaxşı oxuyurlar, həm də mükəmməl analiz edirlər. Siyasəti qoyuram bir kənara, avropalı vətəndaşın hansını dindirsəniz, bir türk nifrəti ifadə edir, özü də platonik şəkildə. Bunun səbəbi sırf Osmanlı imperiyasına və Atillaya dayanır. O baxımdan Türkiyənin quruma üzvlüyü referendumdan belə keçəcək deyil. Digər tərəfdən Türkiyə böyük dövlətdir. Ərazi və əhalisi ona Avropa Birliyi içərisində güc imkanı verir, əsas söz sahibinə çevirir. Düşünün, bir də bunun üstünə dünyanın ən böyük üçüncü iqtisadi mərkəzinin gücünü gəlsək, Türkiyəni kim durdura bilər? İslam amili indiki arqument hesab edilir. 60 ildən sonra Türkiyənin üzvlüyü ilə bağlı şərtlərin artmasındakı İslam amili son 15 ildə Türkiyə hakimiyyətinin sərbəst qərar qabiliyyətindən sonra yaranan xofdan qaynaqlanır. Əks halda, Türkiyə əvvəlcə də onsuz da müsəlman idi. Nə dəyişdi ki? Bu hal nə qədər davam edəcək? Artıq Türkiyə harasa tələsmir.

Fərqli, alternativ güc, əməkdaşlıq mərkəzləri yaranıb. Elə bir məqam gələ bilər ki, bütün birlik bu ölkəyə elçi düşə bilər. Bunun nümunəsini ötən illərdə Suriya münaqişəsində gördük. Avropa qaçqın axını qarşısında necə dondu. Avropa Birliyinin dağılacağını deyənlərdən deyiləm. Amma formatının dəyişməsini təxmin edirəm. Xüsusilə zəif ölənlərin yük olaraq daşınması baha başa gəlir. Elə ölkələr var ki, onların iqtisad inkişafı sırf mədəni səviyyəyə, siyasi imkanlara malik olmasından asılıdır. Bu da indiki gərgin dövrdə birliyin lokomotivləri Almaniya və Fransanı yorur. Bu problemi ötən illərdə İngiltərə gördü. Nəticədə Brexit prosesi birliyə vurulan ən böyük zərbə oldu. Hesab edirəm ki, davamı da gələcək. Çünki birlik dünyada gedən proseslərdə ABŞ-ın, NATO-nun təsirindən çıxa bilmir”.