|
Deputat Jalə Əliyeva: “16 ildir Prezident hər saat, hər an vətəndaşının yanındadır”

Millət vəkili Jalə Əliyeva ilə Milli Məclisin foyesində, işinin başından aşan vaxtında görüşdük. Xanım deputatla söhbətimizdə gündəmdə olan məsələlərə toxunmuşuq.

J.Əliyeva prezidentin atdığı son addımlar, məmurların davranışları, sosial şəbəkələrin rolu, seçicilərinin üzləşdiyi problemlər və keçmiş məmurlar barəsində suallarımızı cavablandırıb. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

-  Jalə xanım, prezidentin şəhid ailələri ilə bağlı sərəncamını, Şamaxıda zəlzələdən zərər çəkənlərlə görüşünü, meşələrdən meyvə yığımına cərimənin ləğvini idarəçilikdə yeni strategiya, qapıdan-qapıya kursu ilə əlaqələndirənlər var. Siz bu fikri bölüşürsünüzmü?

- Cənab prezidentin şəhid ailələri, Şamaxıda zəlzələdən zərər çəkənlərlə görüşü, sosial sahəylə bağlı olaraq ardıcıl verilən fərmanlar, sərəncamlar Azərbaycan dövlətinin vətəndaşına diqqətinin növbəti təzahürü, nümunəsidir. Və bu proses bu gün başlamayıb. Bu proses uzun illərə dayanır. Azərbaycan dövləti hər zaman vətəndaşının yaxşı yaşaması üçün planlı tədbirlər, layihələr həyata keçirir.

Özünüz də gördünüz ki, prezidentin görüşlərdə dilə gətirdiyi səmimi fikirlərin, jestlərin hər biri müsbət qarşılandı, dövlətlə xalqın birliyini bir daha nümayiş etdirdi.

Ötən zaman ərzində ölkədə həyata keçirilən siyasət, dövlət başçısının ilk dəfə prezident seçildiyi 2003-cü ildə “mən hər bir azərbaycanlının prezidenti olacağam” vədi tam doğrulub.

Bilirsiniz ki, şəhid ailələrinə birdəfəlik 11000 manat məbləğində yardım ayrılması barədə ölkə başçısının fərmanı oldu. Sonra bu fərmanın icrası ilə bağlı müəyyən problemlər yarandı; belə ki, illər əvvəl bu qəbildən ailələrə ödənən kompensasiya ilə devalvasiyadan sonra bugünkü təzminatın məbləği arasında fərq meydana çıxmışdı. Bu da həmin kəsimi narahat edirdi, hətta bəzi ailələr müraciət edirdilər ki, guya zamanında bu kompensasiyanı ümumiyətlə almayıblar və ya onların yerinə kimsə alıb və s. Biz o zaman qəbula gələn seçicilərə də bildirmişdik ki, məsələ dövlətin nəzarətindədir və həllini tapacaq. Və həqiqətən tapdı da. Cənab Prezident bu məsələni nəzarətə götürdü.

Hətta 1997-ci ildə müavinət almış ailələrə belə son fərmanın yenidən şamil olunması dövlətin humanizmini və Prezidentin böyük qəlbini bir daha ortaya qoydu.

Amma bəzi media orqanlarında bəzən düzgün olmayan şərhlər verildi. Mən Azərbaycanda nəşr olunan mətbuatı nəzərdə tutmuram, çünki ölkəmizdəki media kifayət qədər sağlamdır, hətta müxalifyönümlü mətbuat da artıq ölkədəki inkişafı görür, ağa qara demir. Bu, əlbəttə, müsbət tendensiyadır. Lakin ölkə xaricində müəyyən qrupların və qüvvələrin mənafeyinə xidmət edənlər var. Əfsuslar olsun ki, onlar atılan hər düzgün addımda əyrilik, fərqli çalar axtarmağa çalışırlar.

Prezidentin şəhid ailələri ilə bağlı sərəncamından, bu ailələrlə görüşündən, Şamaxıya son səfərindən mənfi nəticə çıxarmaq cəhdi, cəmiyyətin müsbət fikrini zorla digər məcraya yönəltmək istəyi heç bir vətəndaşlıq kriteriyasına sığmır.

Sual verirsiniz ki, deyirlər ki, son görüşlər, fərmanlar yeni strategiyadır. Xeyr, əsla belə deyil. Çünki 16 ildir elə bir ay yoxdur ki, prezidentin hansısa rayona,  hətta bir ayda bir neçə rayona səfər etdiyinin şahidi olmayaq. 16 ildir bölgələrin inkişafı ilə bağlı həyata keçirilən proqramların bəhrəsini görürük. 16 ildir Prezident hər saat, hər an vətəndaşının yanındadır. 15-20 il əvvəl biz deputatlara ayda 200 şikayət məktub gəlirdisə, indi 5-10 məktub gəlir.

Bizim üçün lokal, regionlarda yaşayanlara isə qlobal görünən problemlər - yol, qaz, su, işıq, məktəb, xəstəxana tikintisi, yolların çəkilməsi  və s. ilə bağlı məsələlər artıq həllini tapıb. Bu, əlbəttə ki, sevindiricidir.

“Elə dəyərlər var ki, onu qorumaq üçün müsbət mənada senzura tətbiq etmək lazımdır”

Qaldı ki, dövlət idarəçiliyində strategiyanın dəyişdiyini iddia edənlərə, bu qətiyyən belə deyil. Bəlkə prezidentin 16 ildir davamlı olaraq həyata keçirdiyi siyasəti görmək istəməyənlər, indi görməyə başlayıblar, bax bu başqa məsələ.

- Amma xalqla son təmasları müxalifətin 19 yanvar mitinqinin təsiri kimi qiymətləndirənlər var...

- Buna başqa yöndən qiymət vermək, mitinqlə bağlamaq da gülüncdür. 19 yanvar mitinqi Azərbaycanda keçirilən ilk mitinq deyildi ki, hakimiyyət qorxuya düşsün. Bu gün Azərbaycan prezidentinin arxasında 10 milyonluq bir xalq ordusu dayanır. Mitinqə toplaşan 2000-3000 nəfər böyük bir xalq ordusunun qarşısında nədir ki? Bir də ki, demokratik bir ölkədə mitinq normal bir haldır. Yetər ki, bu mitinqlər qanun çərçivəsində olsun, asayişi pozmasın, insanları narahat etməsin.

Siz bir dövlət göstərin ki, orda iğtişaşlar törətmək, qarışıqlıq yaratmaq istəyənlər olsun və həmin dövlətdə bu hərəkətlərin qarşısını almaq üçün tədbir görülməsin. Biz cəngəllikdə yaşamırıq axı. Sivil bir dünyanın nümayəndələriyik və belə hallar heç bir dövlət, o cümlədən Azərbaycan üçün keçərli deyil. Prezident - xalq təmasını da mitinqə bağlamaq cəhdi, həqiqətləri görməzlikdən, müşahidəsizlikdən irəli gəlir.

Azərbaycanda gedən prosesləri sağlam təfəkkürlə izləyənlər üçün bu görüşlər, fərmanlar yeni mənzərə deyil, prezidentin davamlı atdığı addımların növbəti uğurlu səhifəsidir.

- Ümumiyyətlə, olmazmı məmurların bəzi qərarları ictimai müzakirəyə, parlamentin polemikasına çıxarıldıqdan sonra verilsin, xeyirli və zərərli tərəfləri incələnsin, əhali tərəfindən necə qarşılanacağı hesablansın, sonra rəsmiləşsin?

Məsələn, meşələrdə meyvə yığımına görə cərimənin böyük etirazla qarşılanması və bir gün sonra prezident tərəfindən baş nazirin qərarının ləğv edilməsini deyə bilərik...

- Biz bir neçə il əvvəl parlamentdə təklif irəli sürmüşdük ki, məmurlar prezidentdən nümunə götürüb tez-tez rayonlara səfərlərə çıxsınlar, vəziyyətlə yerində tanış olsunlar. Artıq bu yaxşı bir ənənə halını alıb. Nazirlər, komitə sədrləri regionlarda görüşlər keçirir, vətəndaşları qəbul edirlər. Bu da ümumi işimizin xeyrinə olan addımlardır.

Məmurlar prezidentin etimadını doğrultmağa borcludurlar. Əks halda xalqla dövlət arasında süni maneələr yarana bilər.

Meşələrlə bağlı qərara gəlincə, bu, təbiətin geniş mənada qorunması yönündə verilmiş qərar idi. Təbiətin, flora-faunanın mühafizəsi nəzərdə tutulurdu.

Jale Eliyeva.jpg (55 KB)

Əgər meşələrdə heyvan ovu qadağandırsa, ağacların qırılması, bitki örtüyünün yox edilməsi də əslində yolverilməzdir. Yəni geniş anlamda verilmiş qərar idi.

Sadəcə, bəziləri özünə sərf elədiyi kimi, dar mənada anladı, şərh etdi. Meşələrdən meyvə yığımı kənd əhalisinin günlük qazancının məhdudlaşdırılması kimi qəbul edildi. Bəli, bu da bir həqiqətdir ki, insan amili ilə birbaşa bağlı olan bəzi məqamlar var ki, qərar verərkən daha həssas bir yanaşma tələb edir. Prezident, qeyd etdiyiniz kimi, qərardan dərhal sonra məsələyə reaksiya verdi. Və qərarın tətbiqi dayandırıldı.

Çünki bu sərvətlər nə qədər torpağın, dövlətindirsə, bir o qədər də xalqındır. Və sərvətlərin qanunlar və qaydalar çərçivəsində istifadəsi normaldır.

-  Siz incə detalları düşünərək addımlar atılmasının, çıxışlar edilməsinin vacibliyini vurğuladınız. Bəzən millət vəkilləri arasında sosial şəbəkələri bağlamağa, fəaliyyətini məhdudlaşdırmağa çağırışlar olur. Bunu daha çox xaricdəki söyüş yağdıranlarla əlaqələndirirlər. Sizcə, indiki zamanda sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılmalıdırmı?

-  Bu ağrılı məsələdir. Məni bir ana, bir ziyalı, bir qadın kimi narahat edir. Mənim də evimdə gənclər var, uşaqlar böyüyür. Əlbəttə, heç bir normal ailə istəməz ki, övladları, ailə üzvləri və ümumiyyətlə ətrafı bu hədyanları görsün, oxusun. Özünə hörmət edən adam o səpkili yazılara baxmaz. Amma nə etməli ki, cəmiyyət müxtəlif zümrələrdən ibarətdir, günlük boşluğunu, məşğuliyətsizliyini kompensasiya etmək istəyənlər, sensasiya axtaranlar bəsit informasiyalara, səviyyəsiz xəbərlərə baş vururlar. Bu nöqteyi-nəzərdən həmkarlarımız arasında təkliflər səsləndi, haqlı idilər. Tək deputatlar yox, cəmiyyətin bütün təbəqələri narahatlıqlarını dilə gətirdilər.

Bilirsiniz ki, Azərbaycanda 5 min çap orqanı qeydiyyatdan keçib, özəl telekanallar, internet televiziyaları var.

Elə zamanda yaşayırıq ki, informasiya bolluğudur, bu informasiyalar səndən icazə almadan sənin ətrafını bürüyür, həyatına müdaxilə edir. Bunun qarşısını tamamilə almaq qeyri-mümkündür və buna çalışmırıq da. Azərbaycanda internetə heç bir məhdudiyyət yoxdur. Bu, özlüyündə demokratiya göstəricisidir. Amma internetin azad olması, sosial şəbəkələrdə hədyanlar, təhqirlər yağdırılması, etikaya riayət edilməməsi, kiminsə öz əxlaqını topluma diktə etməsi anlamına gəlmir.

Elə dəyərlər var ki, onu qorumaq üçün müsbət mənada senzura tətbiq etmək lazımdır. Bu bizim dilimizdir, dinimizdir, əxlaqımızdır, torpağımızdır, vətənimizdir, bayrağımızdır, dövlətimizdir, anamızdır, övladımızdır. Bunlar müqəddəs dəyərlərdir. Hansısa qüvvə bu müqəddəs dəyərlərimizə dil uzadarsa, əl uzadarsa cavabını qəti və kəskin şəkildə alacaq. Hər bir ölkəni qanunlar idarə edir. Heç kim, digərinin konstitusion hüququnu poza bilməz. Bu kimi hallarda qanunların dili ilə danışmaq daha uyğun olar. Eyni zamanda bu hədyanların, təhqirlərin, söyüşlərin qarşısını almaq üçün ictimai müzakirələr, ictimai qınaq vacibdir. Yeri gələrsə qanun sərtləşdirilə bilər. Ancaq düşünürəm ki, ən böyük ölçü insanın vicdanıdır və onları öz vicdanının öhdəsinə buraxmalıyıq.

Digər tərəfdən, indi sizə sual edirəm, bu dırnaqarası vətən təəssübkeşləri əli onminlərlə azərbaycanlının  günahsız qanına batan Ermənistan hakimiyyətini, onların dəstəkçilərini, Azərbaycan xalqının haqqını görməzlikdən gələn fövqəldövlətləri görəsən bir dəfə də olsun leksikonlarındakı hətta ən yüngül söyüşlərə qonaq ediblərmi? Təəssüflər olsun ki, yox! Ona görə içlərindəki hikkəni, kini kənara qoysunlar, Azərbaycana başqa prizmadan baxsınlar. Tənqidi təhqirə çevirməsinlər.

-  Jalə xanım, millət vəkili kimi fəaliyyətinizə də toxunmaq istərdim. İndi seçicilər sizə daha çox nədən şikayət edirlər?

- Bayaq da qeyd etdim. 10-15 il əvvəllə müqayisədə seçici müraciətlərinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu da artıq infrastrukturla, ayrı-ayrı məhəlli problemlərlə bağlı məsələlərin dövlət proqramları çərçivəsində öz həllini tapmasından irəli gəlir. İndi daha çox şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər olur.

Məsələn, kimisi övladının xaricdə təhsili üçün səfirlikdən viza alınmasında yardımçı olmağımızı xahiş edir, kimisi övladının təhsil ödənişlərində güzəşt xahiş edir. Hüquq mühafizə orqanlarına yolu düşənlər əfv olunmaqlarını və ya işə ədalətli baxılmasını istəyirlər.

Səhiyyə ilə bağlı  müraciətlər daxil olur. Əsasən özəl klinikalarda bahalı müalicə və əməliyyat xərclərinin qarşılanması üçün köməklik istəyirlər.

Eyni zamanda işlə təmin olunmaq üçün müraciətlər edilir. Yəni, bu gün heç bir vətəndaş demir ki, qaz, su, işıq, yol, məktəb, bağça, xəstəxana yoxdur. Bütün bu məsələlər həllini tapıb. Həmçinin, müəyyən qurumlarda qapı arxasında qalan, yerli təşkilatlara sözünü demək üçün köməyimizə ehtiyacı olan vətəndaşlarla rastlaşırıq.

- Uzun illər idarəetmədə olan və indi vəzifədən kənarlaşdırılan yüksək ranqlı məmurlarla bağlı fikirlərinizi bilmək istərdik. Mətbuatda qınaq obyektinə çevrilirlər, nələrdəsə günahlandırılırlar...

- Həyatda əbədi olan heç nə yoxdur. Eləcə də vəzifə. Bu stereotipdən də uzaqlaşmanın vaxtı artıq gəlib çatıb. Kiminsə vəzifədən getməsini bir sensasiya, bir faciə kimi qarşılayırıq.

Yüksək ranqlı məmurların vəzifəyə təyin edilməsi və azad ediməsi Prezidentin müstəsna hüququdur. Buna yalnız o qərar verir. Və kiminsə bu qərarı şərh etməsi, ona don geyindirməsi yanlış bir yanaşmadır.

Dövlət məmuru, işlədiyi müddətdə ölkəsinə, xalqına xidmət edibsə, prezidentin tapşırıqlarını sədaqətlə, bacarıqla  yerinə yetiribsə, bu əlbəttə təqdirəlayiqdir. Kiminsə vəzifədən azad olunması mütləq şəkildə onun belə deyək ki, günahkar olduğu anlamına gəlmir. Belə yanaşma yanlışdır. İdarəetmə hər zaman yenilik istəyir. Yeni kadrlara ehtiyac yaranır. Biz bəzən keçmiş məmurlar barəsində müəyyən yazılara, düşüncələrə rast gəlirik. Biz hüquq-mühafizə orqanı deyilik ki, onların fəaliyyətini və ya əməllərini təhqiq edək.

Əgər həmin məmurların pozucu əməli olubsa, bununla əlbəttə ki, əlaqədar təşkilatlar  məşğul olur. Bizim isə əlimizdə heç bir əsas olmadan kimisə ittiham etmək haqqımız yoxdur. Bu halda yazılanlar onları qaralamaq və sensasiya axtarmadan başqa bir şey deyil.