Prezident İlham Əliyevin srağagün imzaladığı sərəncamla deputat Zahid Oruc ötən həftə yaradılan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Ekspertlər Sosial Tədqiqatlar Mərkəzinin necə fəaliyyət göstərə biləcəyi, mərkəzdə daha çox hansı sahənin mütəxəssislərin işləməsi ilə bağlı açıqlamalar veriblər.
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, indiki şəraitdə Sosial Tədqiqatlar Mərkəzinin yaradılması olduqca zəruri idi:“Çünki ictimai rəyi ayrı-ayrı şəxslərin, təşkilatların əli ilə burada marağı olan güclərin qərəzli şəkildə yönəltməyə çalışdığı, hesabatlar tərtib edib ölkəmizi nüfuzdan salmağa çalışdığı bir dövrdə belə bir mərkəzin dövlətin özü tərəfindən yaradılıb xalqın problemlərini, hakimiyyətə münasibətini araşdırması, onun gözləntilərini öyrənməsi və müvafiq tədbirlər görülməsi çox vacibdir. Zahid Oruc kifayət qədər savadlı, ziyalı, geniş dünyagörüşünə, siyasi təcrübəyə, insanlarla işləmək təcrübəsinə malik bir insandır. Onun bu quruma rəhbər təyin edilməsi də yerində verilmiş qərardır. Fikrimcə, o, bu işi uğurla həyata keçirəcək”.

Ekspert qeyd etdi ki, mərkəz ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini, sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik şəxs olaraq yaradılıb.
Buradan aydın olur ki, mərkəzin işinə ictimai elmlər üzrə və texniki sahə üzrə bir sıra sahələr üzrə mütəxəssislər cəlb olunacaq: “Sosioloqlar, psixoloqlar, hüquqşünaslar, tarixçilər, informasiya texnologiyaları üzrə mütəxəssislər, siyasi elmlər, beynəlxalq hüquq, regionşünaslıq və sair sahələrdə mütəxəssislər yəqin ki, mərkəzin fəaliyyətinin həyata keçirilməsində iştirak edə bilərlər. Xaricdə piar texnologiyaları, siyasi texnologiya mütəxəssisləri adətən bu cür mərkəzlərdə işləyirlər. Bizdə belə bir ixtisas bildiyim qədər yoxdur. Hətta imicmeykerlər də burada çalışa, seçki dövründə siyasi partiyalara, siyasi xadimlərə tövsiyələr hazırlaya bilərlər. Mərkəzin əsas funksiyalarından biri də budur, ictimai rəyi öyrənmə, onu müvafiq dövlət orqanlarına çatdırmaq və müvafiq tövsiyələrin hazırlanması. Xaricdə dövlət bunun üçün həm öz nəzdindəki, həm də ayrı-ayrı özəl şirkətlərin xidmətlərindən istifadə edir. Hətta Rusiyada da Putin siyasi texnoloqların xidmətlərindən istifadə edir, ictimai rəyin öyrənilməsindən tutmuş, öz imicinə qədər Putinə məsləhət verən texnoloqlar var”.

Deputat Aydın Mirzəzadə isə modern.az-a deyib ki, ictimai rəyin öyrənilməsi istiqamətində dünyada böyük təcrübə var. Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır:“Həmçinin ictimai rəyin öyrənilməsi fəaliyyəti ilə seçilən QHT-lər də mövcuddur. Xarici ölkələrdə tanınmış sosioloji sorğu mərkəzləri Azərbaycanda vaxtaşırı sorğular aparırlar, nəticələri beynəlxalq informasiya resurslarında dərc edilir. Ancaq dövlət tərəfindən dəstəklənən və ciddi maddi-texniki bazaya malik olan sosial tədqiqat mərkəzinin yaradılmasına böyük ehtiyac var idi. Şəxsi təşəbbüslə, yaxud vaxtaşırı alınan qrantlarla bu böyük işi ciddi həyata keçirmək, müxtəlif sahələr üzrə sorğular aparmaq mümkün olmur. Mərkəz öz qarşısına cəmiyyətin quruculuğu, sosial problemlərin həlli, keçmişimiz və gələcəyimizlə bağlı vətəndaşların rəyinin öyrənilməsi üzrə ciddi iş planını qoyacaq. Bu istiqamətdə heç bir sahə diqqətdən qalmayacaq. Dövlət orqanlarının fəaliyyəti, demokratik təsisatların reytinqi, ayrı-ayrı sahələr üzrə problemlərin öyrənilməsi, vətəndaşların sosial sifarişi və s. məsələlər mərkəzin gündəmində olacaq. Bu istiqamətdə ölkəmizdə ixtisaslaşmış kadrlar, xaricdən öyrəniləsi xüsusi təcrübə mövcuddur. Ölkə başçısının sərəncamı Azərbaycanda bu sahədə mövcud olan boşluğu doldurmağa imkan verəcək”.
A.Mirzəzadə vurğulayıb ki, adından göründüyü kimi, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs olacaq: “Bu qurum dövlətdən asılı olmayacaq, hansısa siyasi sifarişi yerinə yetirməyəcək. Real vəziyyəti olduğu kimi öyrənib, cəmiyyətə olduğu kimi təqdim etmək, onun fəaliyyətinin əsas qayəsi olacaq. Bu istiqamətdə quruma uğurlar arzulayıram və inanıram ki, vaxtaşırı biz bu mərkəzin tədqiqatlarının nəticələri ilə tanışa ola biləcəyik”.
