Fevralın 12-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov öncə bildirdi ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar pul sikkəsi hazırlanıb.
Bu münasibətlə o, Türkiyə Böyük Millət Məclisinin TBMM sədri Binəli Yıldırıma Milli Məclis adından təşəkkür etdi. Daha sonra spiker dedi ki, prezident İlham Əliyev deputat Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu münasibətlə də spiker bütün deputatların adından Z.Orucu təbrik etdi. Deputatlar da alqışlarla təbrik və təşəkkürə həmrəyliklərini ifadə etdilər.
Deputat Aydın Mirzəzadə dedi ki, Azərbaycan-Türkiyə dostluğu əbədidir, bu qardaşlıq əbədi olacaq. O, “Azərbaycan həmişə Türkiyənin yanında olub və olacaq” deməklə B.Yıldırıma təşəkkür etdi.
Deputat Fazil Mustafa isə parlamentarların və media mənsublarının diqqətini çox vacib məsələyə yönəltdi: “Bu gün Azərbaycanda ən vacib məsələlərdən biri kitab və mətbəə məhsulları üzərindən Əlavə Dəyər Vergisinin (ƏDV) tamamilə ortadan qaldırılmasıdır. Ən yüksək ƏDV bizdədir, yəni 18%. Halbuki Türkiyədə bu rəqəm 8% olmasına rəğmən bunu çox hesab edərək tamamilə ortadan qaldırırlar. Qonşu Gürcüstanda bu vergi, ümumiyyətlə, yoxdur. Orada kitabdan, çap avadanlıqlarından, hətta ölkəyə xaricdən gətirilən kitablardan ƏDV tutulmur. Belarusda isə bütün kitab mağazaları kirayə haqqından azaddırlar. Çünki bu dövlətlərdə kitabın əlçatanlığı və oxuyan cəmiyyət hədəfi qarşıya qoyulub. Çap məhsulları üzərindən ƏDV mütləq götürülməlidir. Əgər cəmiyyətin intellektual inkişafını istəyiriksə, əgər normal orta təbəqənin formalaşmasını istəyiriksə! Bu kitabın satış qiymətinə ən azı 20 % öz təsirini göstərəcək, kitab çapını, tərcüməni, xaricdən kitab gətirilməsini stimullaşdıracaq və kitab bazarını canlandıracaq. Fikrimcə, normal dini ədəbiyyat üzərindəki ifrat qadağa ortadan qaldırılmalıdır”.

Deputat Vahid Əhmədov prezidentin sərəncamı ilə bank əmanətlərinin sığortalanması ilə bağlı addım atılmasına diqqət çəkdi və dövlət başçısının qərarını yüksək qiymətləndirdi. “Prezident sərəncamı ilə əmanətlərin sığortalanması həm bank sistemində sağlamlaşmanın həyata keçirilməsinə imkan verəcək, həm də əhalinin banklara inam və etibarının artmasına səbəb olacaq” - deyə, V.Əhmədov bildirdi.
Qeyd etdi ki, əmanətlərin təqribən 42 faizi 3 illik müddətə banklara qoyulan əmanətlər idi. Deputat digər həlli vacib məsələyə də toxundu:“Narahatlıq doğuran daha bir məsələ dollarla olan kreditlərdir. Yəqin ki, prezident bu məsələnin həlli ilə bağlı da addım atacaq”. V.Əhmədov ölkə prezidentbyə bu məsələ ilə bağlı xahişini də səsləndirdi. “Hazırda məhkəmələrdə 200 minə yaxın kredit borcları ilə bağlı işlər var” - V.Əhmədov bildirdi. O, deputat həmkarı Əli Məsimli ilə birgə bank kreditləri ilə bağlı təkliflər hazırlayıb müvafiq qurumlara təqdim etdiklərini də xatırlatdı.
Milli Məclisin komitə sədri Siyavuş Novruzov dövlət başçısının son zamanlar atdığı addımları yüksək qiymətləndirdi. “Cənab prezident həm xidmətinin, həm də təminatın yaxşılaşdırılması ilə bağlı addımlar atır”, komitə sədri bildirdi. O qeyd etdi ki, bir sıra hallarda biz dövlət başçısının atdığı addımların əhaliyə çatdırılması istiqamətində zəruri təbliğat işləri aparılmır. S.Novruzovun sözlərinə görə, bəzi qruplar sosial şəbəkələrdə iddia edirlər ki, guya onlar mitinq keçirəndən sonra dövlət başçısı şəhid ailələri ilə bağlı addım atıb: “Halbuki cənab prezident bu məsələnin araşdırılması ilə bağlı xeyli əvvəldən tapşırıq vermişdi və araşdırmalar aparıldı, sonda addım atıldı, əlavə 35 milyon vəsait ayrıldı. Həmçinin minimum əmək haqqının artırılması ilə bağlı qərarı bir qrup xaricdə oturan şəxslər öz adlarına çıxmağa çalışırlar”.
Deputat Əli Məsimli ölkə başçısının son qərarlarına diqqət çəkərək ölkədə yeni dönəmə start verildiyini vurğuladı. “Prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb”, deyən deputat əlavə etdi ki, islahatlar xalq tərəfindən dəstəklənir. Bununla belə, Ə.Məsimli ölkədəki qiymət artımından narahatlığını da ifadə etdi:“Cənab prezident süni qiymət artımına qarşı mübarizə aparmaq üçün tapşırıqlar verib. Lakin bəzi sahibkarlar bayramları bəhanə gətirərək, qiymətləri qaldırırlar”. Deputat Novruz bayramı ərəfəsində süni qiymət artımına qarşı mübarizənin ciddi şəkildə aparılmasını zəruri saydı.

Deputat Fərəc Quliyev Azərbaycandakı siyasi məhbuslarla bağlı siyahılar hazırlayıb Avropa təşkilatlarına göndərən şəxslərə xitab etdi. O, həmin müraciətlərin müəlliflərini erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı da Qərb təsisatlarına müraciətlər etməyə çağırdı.
İclasda ədliyyə nazirinin müavini Vilayət Zahirov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim etdi. Dedi ki, 2018-ci ildə bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Bildirdi ki, “2019-cu ilin dövlət büdcəsi haqqında” Qanunda ilk dəfə olaraq bələdiyyələrə 1 milyon manat subvensiya ayrılıb.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə hesabatı müsbət qiymətləndirdi.
Deputat Qüdrət Həsənquliyev ölkə prezidentinin islahatlarla bağlı atdığı addımları təqdir etdi. Dedi ki, bu addımları öz adına çıxmağa çalışan radikal qüvvələrə baş qoşmağa dəyməz: “Məntiqlə, radikal qüvvələr ölkədəki islahatları təqdir etməlidirlər. Amma onlar şantaj yolu ilə bu islahatların dayandırılmasını istəyirlər”.
Q.Həsənquliyev prezidentin şəhid ailələri ilə görüşündən, həmçinin zəlzələ bölgəsində ağbirçək ananın əlini öpməsindən əhalinin duyğulandığını söylədi. Bələdiyyələrlə bağlı hesabata münasibət bildirən Q.Həsənquliyev hesabatdakı bəzi məqamlara tənqidi yanaşdı. Dedi ki, bələdiyyələrin tərəqqiyə nail olduğunu demək olmaz: “Bələdiyyələrlə bağlı ”tərəqqi" sözünün işlədilməsi doğru deyil. Çünki qeyd olunur ki, bələdiyyə tərəfindən 50-dən artıq kommersiya qurumu yaradılıb, amma onların yarıdan çoxu artıq işləmir. Əgər yaradılan kommersiya təşkilatlarının böyük əksəriyyəti işləmirsə, onda bələdiyyə üzvləri üçün təşkil olunan seminarların nəticəsi harada qaldı?"
Deputat Çingiz Qənizadə isə hesabatdakı bəzi məqamlarla bağlı fikirlərini bölüşməklə yanaşı, hesabatı təqdir etdi. O, ölkə gənclərini ilin sonlarında keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyə çağırdı.
Çıxışlardan sonra illik məruzə səsə qoyuldu və qəbul edildi.
Milli Məclis sədrinin müavini Bahar Muradova prezidentin islahatlarla bağlı addımlarından və bu addımlara bəzi qüvvələrin münasibətindən bəhs etdi. B.Muradova bildirdi ki, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç vaxt şübhə doğurmayıb: “Bu, ardıcıl və məqsədyönlü bir siyasətdir. Biz bunun içərisindəyik, əksini söyləyənlər də bunu görürlər. Amma təbii ki, məqsəd başqadır, gündəmi dəyişməkdir. Əsas məqsəd qarşımızda dayanan vacib niyyətdən və məqsəddən yayındırmaqdır. Biz bunları nəzərə alaraq diqqətimizi əsas məqsədimizə yönəltməliyik”. B.Muradova hamını vahid məqsədə, Dağlıq Qarabağ probleminin həllinə töhfə verməyə çağırdı.
Milli Məclis Xəzər dənizi ilə bağlı imzalanmış sənədləri müzakirəyə çıxartdı. Layihələrlə bağlı parlament sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verdi. Bildirdi ki, layihələr Azərbaycanın milli maraqlarına cavab verir və Konvensiyanın imzalanmasından sonra Xəzərin statusundan irəli gələn məsələləri özündə əks etdirir.
Plenar iclasda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişiklik layihəsi də müzakirə olundu. Dəyişikliklə Azərbaycanda vəkil olmaq istəyən şəxslərə yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir.
Plenar iclasda “Gənclər siyasəti haqqında” Qanunda dəyişiklik edilməsi layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev məlumat verdi.
Deputatlar Qüdrət Həsənquliyev və Tahir Rzayev layihə barədə çıxış etdilər.
Deputat Qənirə Paşayeva isə 18 yaşına çatmayan yeniyetmələrin mərc-idman oyunlarında iştirakının yolverilməzliyinin qanun layihəsində qeyd olunmasını vacib saydı: “Biz hər ay ailələrdən nə qədər məktub alırıq ki, bu uşaqlar mərc oyunlarında iştirak etməklə ailələrə faciələr gətirirlər”. Deputat dedi ki, layihədə gəncliyimizlə bağlı çox önəmli məsələlər əks olunub.
Qanun layihəsi müzakirələrdən sonra ilk oxunuşda qəbul olundu.
İclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edildi. Dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur. Xatırladaq ki, sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2020-ci ilin sonuna qədər dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun müvafiq maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir. Təklif edilən dəyişikliyə əsasən bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib.
Bundan başqa, parlament Azərbaycanda “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul etdi. Dəyişiklik valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur. Xatırladaq ki, qanuna görə, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələ aradan qaldırılır. Bununla da Milli Məclis valyutadəyişmə obyektlərinin fəaliyyətinə “yaşıl işıq” yandırmış oldu.
“Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi də müzakirəyə çıxarıldı. Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, sənəd 9 maddədən ibarətdir. Onun sözlərinə görə, bu qanun Azərbaycanın Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir. Qanun layihəsi ilə Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir. Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Birinci vitse-spiker Ziyafət Əsgərov sual etdi: “Biz himni oxuyan zaman farağat vəziyyətində durub oxumalıyıq, yoxsa əlimizi ürəyimizin üstünə qoymalıyıq?” Lakin bu suala konkret cavab verilmədi.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.
