|
5 yaşlı qız zorlandı - ölkədə Fövqəladə Vəziyyət elan olundu

Syerra-Leone Afrikanın kiçik müsəlman ölkələrindən biridir. Əhalisinin sayı 8 milyona yaxındır. Son dərəcə kasıb ölkədir. Yalnız bir faktı xatırladaq ki, Syerra-Leonedə qadınların orta ömür həddi 48, kişilər arasında isə 42 ildir. 

Syerra-Leonedə baş verən bu hadisə beynəlxalq rezonans doğurub. 28 yaşlı birisi 5 yaşlı qız uşağını zorlayıb. Zorlama zamanı uşağın beli qırılıb. Həkimlər bildirib ki, uşaq şikəst olub və yerimək qabiliyyətini ömürlük itirib. 

Britaniya mətbuatı yazır ki, Syerra-Leonedə qadınların zorlanması halları geniş yayılıb. Ötən il Syerra-Leonedə 8.500 qadın zorakılıqla üzləşib. Ölkənin birinci ledisi deyib ki, bu rəqəmlər həqiqəti əks etdirmir. Əslində zorakılığa məruz qalan qadınların sayı bir neçə dəfə çoxdur.



O da vurğulanır ki, prezident Julius Maada Bio 5 yaşlı qızın zorlanması ilə bağlı Syerra-Leonedə fövqəladə vəziyyət elan edib. Ölkə başçısı bildirib ki, bizim xalq qadınların zorlanması hallarının gizlədilməsinə üstünlük verir. Bu isə bu kimi cinayətlərin sürətlə artmasına səbəb olur. Biz xalq olaraq qadınların zorlanmasının qarşısını almaq üçün ayağa qalxmalıyıq.
Qeyd olunur ki, uşağı zorlayan kəsə 15 il həbs cəzası verilib. 

Ölkənin birinci xanımı “Bizim qızlardan əlinizi çəkin” kampaniyasına start verib.