Xəbər verdiyimiz kimi, öz işçi qrupu ilə birlikdə Ermənistanda səfərdə olan “Turan” informasiya agentliyinin redaktoru Şahin Hacıyev artıq Azərbaycana qayıdıb. Mətbuatda gedən yazılara görə, o, İrəvanda “erməni soyqırımı qurbanları”nın abidəsini ziyarət edib.
Ş.Hacıyev dünən bu səfər, eləcə də abidəni ziyarətlə bağlı məqamları reportajının birinci hissəsində işıqlandırıb. “Yeni Müsavat” yaranmış sualları nəzərə alaraq, reportajın həmin hissəsini nəzərə çatdırır.
Ş.Hacıyev öncə yazıb ki, jurnalistlərin Ermənistana səfəri ideyası bir il öncə irəli sürülmüşdü. Onun qeydlərinə görə, bir neçə ay Azərbaycanın dövlət orqanları ilə iş aparılıb: “Ermənistan XİN-lə danışıqlara da o qədər vaxt getdi. Səfər ötən ilin noyabrında olmalıydı, ancaq ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar təxirə salındı... ”Bu, nəyə lazımdır?" sualının cavabı sadədir, eyni zamanda da mürəkkəb. Hərbi münaqişədə olduğumuz ölkə cəmiyyətindəki əhval-ruhiyyəni başa düşməyin nə qədər vacib olduğunu izah etmək lazım deyil. Bəlkə də əsas məqsəd bu idi. Bunu necə etməli? Ermənistan və ermənilər üçün müəyyən əhəmiyyət daşıyan bəzi məsələlər var: 1915-ci il hadisələri, erməni kilsəsinin siyasi rolu və Qarabağ. Diqqət mərkəzində olan üç məsələ budur. Ermənistanda KİV-də bu mövzuda yazıların dərcini və Bakıda bunlara ağrılı reaksiyanı nəzərə alaraq 1915-ci il mövzusundan başlayacam".

Şahin Hacıyev
Ş.Hacıyev sözügedən abidəni necə ziyarət etməsinin ardıcıllığından da bəhs edib: “Ermənistan XİN-dən akkreditasiya alındıqdan sonra 1915-ci il hadisələri ilə bağlı müsahibə verməsi xahişi ilə memorialın direktoru Arutyun Marutyana müraciət göndərildi. A.Marutyan muzeyə dəvət etdi, ancaq müsahibədən imtina etdi, bildirdi ki, muzeyin əməkdaşı bütün suallara cavab verəcək. Muzeyə ziyarət baş tutanda isə muzey bələdçisi bildirdi ki, suallara cavab verməyə səlahiyyəti yoxdur, ancaq eksponatları təqdim edəcək. Bu və ya digər məsələlərlə bağlı dəqiqləşdirici suallara ”bilmirəm", “deyə bilmərəm” cavabını verdi. Bundan əlavə, ekspozisiyanın bir hissəsini çəkmək qadağan olunmuşdu. “Bunlar şəxsi kolleksiyaların eksponatlarıdır və sahibləri onların fotosunu çəkməyin əleyhinədir”, - bələdçi vaxtaşırı ona erməni dilində göstəriş verən təhlükəsizlik xidmətinin əməkdaşının iti baxışları altında dedi. “Soyqırım muzeyinə başçəkmə” beləcə başa çatdı. 1915-ci il mövzusuna Ermənistanda bütün siyasətçilər və ictimai xadimlər arasında müsahibələrdə toxunuldu. Həmin söhbətlərdən gəlinən nəticə sadədir: həmin mövzu bu milləti bağlayan başlıca elementdir. Ermənilər sualların çoxuna məhz bu prizmadan baxırlar və çoxları öz hərəkətlərini həmin hadisələrin fəsadları və onların təkrarlana bilməsinin təhlükəsi ilə izah edirlər. Ancaq burada bir mühüm məqam var. Əlinə silah götürüb öz müstəqilliyi uğrunda döyüşən istənilən xalq axıdılan qan ilə fəxr edir və savaşaraq öz vətəndaşlarının həyatını qurban verdiyini gizlətmir. Ermənilərdə isə başqa cürdür: türklər bir milyon yarımdan çox günahsız qurbanı - qadınları və uşaqları qətlə yetirdilər. Sual: Ermənilər repressiya üçün hansısa səbəb vermişdimi, niyə erməni hərbçiləri öz hökumətinə qarşı silah qaldırdı və rusiyalı işğalçı qüvvələrə yardım etməyə başladı? Sual kəskin və mənfi reaksiya doğurur. Həmçinin erməniləri üsyana təhrik edən, qiyamçı dəstələri silah və pul ilə təchiz edən Qərb dövlətlərinin və Rusiyanın hər hansı rolu inkar edilir. Ancaq bütün bunların ermənilərdə bir cavabı var: türklər ermənilərin məhv edilməsini çoxdan planlaşdırmışdılar ki, Türkiyəni xristianlardan təmizləsinlər. Hətta ermənilər haradasa silah qaldırmış olsaydı belə, heç kimi öldürmək olmazdı. Bu fikirlərlə də 1915-ci il memorialını tərk etdik".
“Yeni Müsavat” xatırladır ki, Ş.Hacıyev soyqırım muzeyinə baş çəkməsinin səbəblərini və bu hekayənin detallarını yazısında belə yazıb.
Qarabağ Azadlıq Təşkilatı (QAT) isə Ş.Hacıyevin Ermənistana səfər etməsini sərt qınayan bəyanat verib. Bəyanatda göstərilir: “”Turan" agentliyini və onun əməkdaşı Şahin Hacıyevi bu hərəkətlərinə görə sərt ittiham edirik. Torpaqlarımız işğal altında qaldığı vaxtda Ermənistana bu cür səfərlər yalnız ermənilərin maraqlarına xidmət edir. Bəzi mərkəzlər torpaqlar işğalda qala-qala xalqları sülhə hazırlamaq tapşırığı verirlər. Bu da ancaq işğalçı Ermənistanın xeyrinədir. “Turan” agentliyi bunu başa düşür və bilərəkdən erməni maraqlarına xidmət edir. Biz hər kəsi bu xəyanət yolundan çəkilməyə çağırırıq. Biz bir daha bəyan edirik ki, bu cür xəyanətkar addımların qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcəyik. Ermənilərlə hər hansı təmaslar yalnız torpaqlarımız işğaldan azad olunandan sonra başlaya bilər. Bunu başa düşməyənlər ya sadəlövhdürlər, ya da bilərəkdən Azərbaycanın maraqlarına xəyanət edirlər"
