Bakıda son illərdə ictimai nəqliyyatda xidmət səviyyəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülsə də, bu sahədə hələ də bir sıra problemlər qalmaqdadır. Bu, həm sərnişin avtobuslarına, həm də taksi xidmətinə aiddir. Sərnişinlər, xüsusilə taksi xidmətindən narazılıqlarını bildirirlər. Bu narazılıq həm qiymət, həm gecikmələr, həm də xidmət səviyyəsinin aşağı olmasından irəli gəlir.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Trend-ə açıqlamasında rəhbərlik etdiyi qurumun qeyd olunan narazılıqlarla bağlı məlumatlı olduğunu və taksi xidməti sahəsində bunun hazırda mövcud olan nizamsızlıq və vahid qaydaların olmaması ilə bağlı olduğunu qeyd edib. Bununla yanaşı, İdarə Heyətinin sədri taksi xidməti ilə bağlı tələblərin artıq hazırlanaraq hökumətə göndərildiyini bildirib:
"Taksi ictimai nəqliyyatın bir az daha lüks mərhələsidir. Buna baxmayaraq, yenə ictimai nəqliyyatın bir hissəsidir. Fikrimcə, taksi fəaliyyəti ilə şirkətlər məşğul olmalıdır, bunun da nəticəsində özəl sektor inkişaf etməlidir. Özəl sektor olduğuna görə isə biz sadəcə tənzimləmə, nəzarət və sərnişinlərə düzgün xidmətin parametrlərini təqdim etməliyik. Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən bütün taksilərin xidmətləri ilə bağlı tələblər hazırlanaraq hökumətə təqdim edilib".
Qurum rəhbəri deyib ki, təkliflərə müsbət cavab verilib: "Cavablar müsbətdir. Tələblər qüvvəyə mindikdən sonra bütün problemlər öz həllini tapacaq".
Sərnişinlər arasında taksi xidməti ilə bağlı narazılıqlar "London taksiləri" kimi tanınan avtomobillərdən də xali deyil. Bu avtomobilləri ilk dəfə ölkəyə "Bakı Taksi Xidməti” MMC gətirsə də, hazırda digər taksi şirkətlərinin də həmin avtomobillərdən istifadə etməsi müştərilər arasında çaşqınlığa səbəb olur. Bu cür taksilərlə fəaliyyət göstərən bəzi şəxslər müştəriləri, xüsusən də ölkəmizə gələn turistləri aldatmaqla məşğuldur. Nəticədə müştərilər "Bakı Taksi Xidməti” MMC-nin tabeliyində olan taksilərdən də imtina edirlər.
