|
“Vaşinqton Post”da Azərbaycan həqiqətlərinin dərc olunmamasının səbəbi...

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mövzusunda zaman-zaman təkliflər səslənir, ictimai müzakirələr keçirilir. Bu mübahisələrin mərkəzində hər zaman nüfuzlu nəşrlərdə Azərbaycanla bağlı məqalələrin dərc edilməsi tələbi dayanır. Ölkəmizin xaricdəki səfirlikləri, Xarici İşlər Nazirliyinin nümayəndələri, diaspor təmsilçiləri niyə bu missiyanı çiyinlərindən atırlar? Problem bu kateqoriyadakı şəxslərin səriştəsizliyindən, istəksizliyindən irəli gəlir, yoxsa digər səbəblər var?

Azərbaycana qarşı ən sərt tənqidlər əsasən Amerikanın “Vaşinqton Post” qəzetində nəşr olunur. Nəşrin ənənəvi prinsiplərinə görə, qəzetin missiyası yalnız həqiqəti söyləməkdir: Qəzet ABŞ haqqında ancaq həqiqəti əks etdirən xəbərləri yaymalı, heç bir siyasi marağın daşıyıcısı olmamalı, həm yaşlı, həm də gənc nəslin maraqlarını əhatə etməlidir, əsas məqsədi şəxsi maraq sahiblərinə deyil, oxucularına və geniş kütləyə xidmətdir. Qəzet həqiqət naminə öz gəlirlərindən imtina etməli, ədalətli və azad yol tutmalıdır...

“Vaşinqton Post” Amerika iqtidarına ciddi təsir edir, seçicilər, federal xidmət əməkdaşları, məmurlar tərəfindən çox oxunur. Vəzifəyə təyin edilmə, vəzifədən çıxarılma, qanunvericilik, daxili-xarici siyasətlə bağlı qərarların verilməsində qəzetin yazdıqları böyük rol oynayır.

Statistik göstəricilərə görə, “Vaşinqton Post”un təkcə 2012-ci ildə illik gəliri 110.6 milyon dollar olub. Bu, əsasən saytdakı reklamın hesabına olub.

Belə bir nüfuzlu media orqanında Azərbaycanın haqq səsinin ucaldılmaması ciddi boşluq sayılmalıdır.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələ onun yaralı yeridir. Onun fikrincə, Azərbaycanın millət vəkilləri, ayrı-ayrı diplomatları xarici media ilə işləməkdə çox passivdilər və ümumiyyətlə, işləmirlər: “Düzdür, Amerikadakı  səfirimiz Elin Süleymanv haqqında bunu deyə bilmərik. Çünki o və ümumiyyətlə, bizim oradakı heyət bu məsələdə çalışqandır.  Amma belə götürəndə əksər dövlətlərdəki Azərbaycan səfirlərinin həmin ölkədəki mediadan xəbərləri belə olmur. Hətta orada baş verən hadisələr, Azərbaycana aidiyyəti olan heç bir reaksiyaları heç vaxt müşahidə etmirlər. Üstəlik, sosial media ilə çox zəif işləyirlər. Belə məqamları görürük. Facebook, twitterdən geniş istifadə etmirlər. Millət vəkillərimizə gələndə kiçik bir qrup deputatları çıxmaq şərtilə yerdə qalanların, ümumiyyətlə, sosial media ilə əlaqələri yoxdur. Bəlkə də var. Amma başqa məqsədlər üçün özləri və ya yaxınları istifadə edir. Amma bunun siyasi məqsədlər üçün istifadə edildiyini görmürük”.

Müsahibimiz Azərbaycanı beynəlxalq mediada təmsil etməyənlərin mövqeyinə gəlincə, bildirdi ki, əksəriyyətinin buna qabiliyyəti, təcrübəsi çatmır. Müsahibimiz bəzi deputatların hətta elementar rus dilində danışa bilmədiyini vurğuladı: “İngilis dilini qoyuram kənara. Dünyada gedən prosesləri izləyə bilmirlər. Elə deputatlar var ki, hələ də onların adı Azərbaycan mediasına bəlli deyil. Parlamentdə kürsü zəbt etməklə deyil ki. Təbii ki, o cür adamlardan hansısa addım gözləmək sadəlövhlük olardı. O baxımdan da hesab edirəm ki, çıxış yolu bir sonrakı parlamentin tərkibinin formalaşdırılması zamanı bu amilin nəzərə alınmasıdır. Yəni Azərbaycana edilən hücumlara ediləcək operativ hücumlara cavab verəcək tərkib formalaşdırılmalıdır. Eləcə də diplomatlar kiminsə qohumu, tanışı, kiminsə yaxını, kiminsə tapşırdığı adamlar arasından seçilməməlidir. Həqiqətən də Azərbaycan dövlətinə sadiq, eyni zamanda da işləmək üçün ürəyi olan şəxslər arasından diplomatlar seçilib səfirliyə göndərilməlidir ki, baş verənlərə operativ reaksiya versinlər”.

Azərbaycanın üzərinə hər tərəfdən hücumlar edildiyini xatırladan müsahibimiz dedi ki, bu yaxınlarda Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamə qəbul etməsindən sonra azərbaycanlı deputatların kiçik bir qrupu Azərbaycan mediasında bununla bağlı mövqe bildirdilər: “Amma siz onları tapın və sual verin ki, onların neçəsi bu çıxışlarını ingilis dilinə tərcümə edib, Avropa parlamentinə göndərdilər? Şəxsən mənə məlum deyil. Sadəcə, bu günlərdə Milli QHT Forumu adından ingilis dilində açıqlama yayımlandı. Amma deputatlarımızdan kiminsə bunu etməsi barədə mənim məlumatım yoxdur. Ediblərsə belə, bir neçə nəfər edib. 125 nəfərlik parlamentdən ən azı 100 nəfər bu hadisələrə reaksiya verməyib”.

İctimai fəal, Harvard Universiteti məzunu Bəxtiyar Hacıyev isə bildirdi ki, “Vaşinqton Post” kimi qəzetlərin hətta ödənişsiz yazı yayımlamaq imkanları var. Onun sözlərinə görə, vətəndaşı olduğu ölkə ilə bağlı sözügedən qəzetdə hansısa məsələ işıqlandırılıbsa, səfirlik və nüfuzlu bir şəxsin buna cavab vermək haqqı var: “Son illər beynəlxalq mətbuatda Azərbaycanla bağlı neqativ, balanslandırılmamış məlumatların getməsi halları geniş yayılıb. Bu da onun nəticəsidir ki, diaspora və diplomatların müxtəlif ölkə siyasətçiləri ilə əlaqələri yaxşı səviyyədə deyil. Bunun da kökündə o dayanır ki, Xarici İşlər Nazirliyi və müxtəlif səfirliklərə təyinatlar istedad və bacarıq əsasında yox, başqa bacarıqlar əsasında olurdu. Kimsə kiminsə qohumudur deyə diplomat kimi göndərilirdi. Bu da ümumi nəticəyə təsir edir”.

B.Hacıyev bildirdi ki, bu məsələdə seçkilərin də böyük rolu var. Onun fikrincə, seçkilər normal keçirilsəydi, həmin ölkələrdə təhsil almış, yaşamış insanlar həmin ölkələrlə olan parlamentlərarası qruplarla əməkdaşlıq edə bilərdilər: “Elə insanlar var ki, parlamentdə, dostluq qruplarında bəzi şablon nitqləri oxuyub qayıdırlar. Sonra da şikayətlənirlər ki, bizə dəstək vermədi. Hətta bu nitqləri dinləməyə mən Azərbaycan vətəndaşı olaraq əziyyət çəkirəm. O ki qaldı xarici ölkə insanları”.

Müsahibimiz həmçinin vurğuladı ki, lobbiçilik sahəsində də ciddi problemlər var. B.Hacıyevin sözlərinə görə, keçmişdə bu görəvlər müxtəlif ölkələrdə müxtəlif məmur övladlarına vermişdilər: “O sahəyə olduqca böyük pullar ayrılmışdı. Tutaq ki, adam Ağ Evlə Konqres binasını səhv salırdı, amma lobbiçilik etməyə iddialı idi. ”Vaşinqton Post", “Nyu York Tayms” kimi nəşrlərdə Azərbaycanla bağlı məqalələrin yazılmamasının səbəbi düzgün kadr siyasətinin, normal lobbiçilik, diaspora fəaliyyətinin olmamasıdır".