|
Yaddaşını itirib nişanlısını unutdu və onunla yenidən tanış oldu

Yaponiyada yol nəqliyyat hadisəsindən sonra bir qız yaddaşını itirib və nişanlısını unudub, onunla yenidən tanış olub. Bu barədə Oddity Central saytı xəbər verib. Doqquz ay bundan öncə 24 yaşlı Maruyama velosipedlə getdiyi zaman maşının altına düşüb. Komadan ayılandan sonra qız öz doğmalarını, tanışlarını, eləcə də gənc nişanlısı Li Xuayuyanı tanımayıb. Onlar sonuncu ilə 2.5 ildir ki, görüşürdülər. 

Li ümid edirdi ki, vaxt keçdikcə Maruyamenin yaddaşı geri qayıdacaq. Amma buna baxmayaraq, qəzadan iki ay sonra o, komadan ayılandan sonra xatırladıqlarını da unudub. Bundan sonra yaddaş itkisi günaşırı baş verməyə başlayıb. Qız səhərlər oyananda bir gün öncədən danışdığı adamları, yaşadığı olayları unudur.

Planlaşdırılmış toyu da təxirə salmaq lazım gəlib. Amma Li təslim olmayıb. O, hər gün Maruyameyə özü haqqında danışır və tanışlıqları barədə sübutları ona təqdim edirdi. Bundan başqa, həkimin tövsiyəsinə əsasən, qız hər gün yaşadıqlarını gündəliyə yazır, onları yadında saxlayır və unutduğu xatirələrini bərpa edirdi.

Bir dəfə Maruyama Liyə onunla ayrılmağı məsləhət görüb. O deyib ki, bu münasibətlərdən heç nə alınmayacaq. Növbəti dəfə o, nişanlısına onunla evlənməyi təklif edib. “Amneziyaya görə mənim ona bir daha və bir daha vurulmaq şansım var” - o, bu sözləri yapon televiziyasına deyib: “Mən yaddaşımı neçə dəfə itirsəm də, əminəm ki, onu yenidən sevəcəm”.