Rusiya dövlət borcu ilə yanaşı, şirkətlər vasitəsilə də Venesuelaya irihəcmli vəsaitlər yönəldib
Yanvarın 23-dən etibarən dünyanın nəzəri Venesuelaya yönəlib. Prezident Maduro ilə parlament arasındakı ziddiyyətlər ölkəni vətəndaş müharibəsi ilə üz-üzə qoyub. Paytaxt Karakasda hər iki qüvvənin tərəfdarları arasında toqquşmalardan ölənlərin sayı 10-u keçməkdədir.
Bir zamanlar “Amerikanın incisi” adlandırılan, dünyanın neftlə ən zəngin ölkələrindən biri olan Venesuela Uqo Çaves və ardınca Maduronun idarəçiliyi dövründə ciddi iqtisadi böhranla üzləşib. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ötən il Venesuelada inflyasiya 1 milyon faizə çatıb. Qurum Venesuelada baş verənləri 1923-cü ildə Almaniyada qeydə alınan hiperinflyasiya ilə müqayisə edir. Nikolas Maduronun rəhbərlik etdiyi ölkədə ötən il Ümumi Daxili Məhsul 18 faiz azalıb. Bununla da artıq 3-cü ildir ki, Venesuelada iqtisadi azalma qeydə alınır. Ölkədəki böhran və işçilərin başqa ölkələrə qaçması üzündən neft istehsalı da getdikcə azalır. 2015-ci ilin yanvarında neft satışından 3 milyard dollar əldə edən Venesuelada 3 ildə bu rəqəm 37 milyon dollara qədər azalıb. Dünyanın neftlə ən zəngin ölkəsində gündəlik neft hasilatı ötən il 1,3 milyon barelədək azalıb ki, bu da son 30 ildə ən aşağı göstəricidir.

Venesuela 2017-ci ildə defolt təhlükəsi ilə üzləşmişdi. Artıq bir çox analitik mərkəzlər ilin son aylarında ölkənin defolt elan ediləcəyini proqnozlaşdırırdılar. Lakin Rusiyanın yardımı ilə Maduro bu təhlükədən sovuşa bildi. Belə ki, Maduro Venesuelanın 135-150 milyard dollar civarında hesablanan xarici dövlət borcunun rekonstruksiyası planı ilə çıxış etdikdə onu ilk dəstəkləyən Rusiya oldu. Moskva 3,15 milyard dollarlıq borcun rekonstruksiya olunmasına, ödəniş üçün ilk 6 ili güzəştli olmaq şərtilə 10 illik müddətin müəyyənləşməsinə razılıq verdi. Ardınca Çin də Venesuelaya verdiyi borcların - bəzi məlumatlara görə, 23 milyard dolların - rekonstruksiyasına razılaşdı və nəticədə ödəniş qabiliyyətini demək olar ki, tamamilə itirmiş Venesuela bir müddətə də olsa fasilə əldə edə bildi. Yeri gəlmişkən, Çin Venesuela neftinin ən böyük alıcısıdır - ölkənin dünya bazarına çıxartdığı qara qızılın 40 faizə qədərini alır.
Rusiya dövlət borcu ilə yanaşı, şirkətlər vasitəsilə də Venesuelaya irihəcmli vəsaitlər yönəldib. Məsələn, “Rosneft” Venesuelada neft hasilatına 6 milyard dollar sərmayə yatırıb. Ötən ilin dekabrında Maduronun verdiyi açıqlamadan aydın oldu ki, Rusiya bu ölkənin neft sənayesinə daha 5 milyard dollar yatırmağa razılaşıb. Bundan əlavə, daha 1 milyard dollar da qızıl hasilatına yatırılmalıydı.
Son illərdə ölkənin iqtisadi vəziyyəti getdikcə pisləşdiyi üçün N.Maduro müxtəlif ölkələrdən borc əldə etməyə çalışırdı. Onun Çin və Rusiyaya səfərlərdən hər dəfə irihəcmli borc və bu ölkələrin şirkətlərinə üstünlük verən sənədlərlə dönməsi Venesuelada gülüş və istehza obyektinə çevrilmişdi. Hətta xalq arasında Maduronun bütün Venesuelanı Çin və Rusiyaya icarəyə verməsinə dair lətifələr də yaranıb.
Maraqlıdır ki, 2016-cı ildə N.Maduro Azərbaycana da səfər edib. Səfər çərçivəsində o, Azərbaycan prezidenti, baş naziri və Milli Məclisin sədri ilə görüşüb. Maraqlıdır ki, Maduro Bakıya gələndə cəmiyyətdə onun borc istəmək üçün gəldiyinə dair rəy formalaşmışdı. Hətta bəzi mənbələr Azərbaycanın Venesuelaya 500 milyon dollar borc verdiyini bildirirdilər. Buna görə də indi Maduronun hakimiyyətdən devrilməsi təhlükəsi yaranan zaman sosial şəbəkələrdə Azərbaycanın verdiyi pulu geri qaytara bilməyəcəyinə dair müzakirələr başlayıb.

Bununla bağlı “Yeni Müsavat”ın sualını cavablandıran Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev isə bildirir ki, yayılan məlumatlar əsassızdır: “Azərbaycan Venesuelaya borc verməyib, bu məlumatlar uydurma və əsassızdır”.
Azərbaycanın borc verə biləcək digər qurumu Dövlət Neft Fondudur. Fondun investisiya portfelinə dair məlumatdan aydın olur ki, Cənubi Amerikanın qiymətli kağızlar bazarına yatırım edilib. Belə ki, fondun investisiya portfelinin 0,06 faizi Cənubi Amerika qiymətli kağızlarına yatırılıb. Lakin bu yatırımlar arasında Venesuela kağızları yoxdur. Dövlət Neft Fondundan “Yeni Müsavat”ın sorğusuna verilən cavabda bildirilir ki, qurumun Venesuela Respublikasında heç bir investisiya yatırımı mövcud deyil.
Beləliklə, aydın olur ki, Azərbaycan Venesuela hadisələrindən maliyyə və iqtisadi planda təsirlənməyəcək.
