Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir ilkin memorandumu Hüquq və İnsan Haqları Komitəsinə təqdim edib. “Turan”ın məlumatına görə, Evarsdottirin yanvarın 22-də İnsan Hüquqları və Hüquq Komitəsinə təqdim etdiyi sənəddə siyasi məhbus sayılan 130 nəfərin adı yer alır. Belə bir siyahının Avropa Şurasına təqdim olunması ciddi suallar doğurur.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bu barədə kifayət qədər sərt danışdı: “Xatırlayırsınızsa, bir neçə il bundan öncə Avropa Şurası Azərbaycandakı siyasi məhbuslarla bağlı məsələyə nöqtə qoydu. Bunun real olmadığını önə çəkdi. Biz düşündük ki, Avropa Şurası artıq siyasi məhbuslarla bağlı məsələnin alver predmetinə çevrildiyinin fərqindədir. Təəssüf ki, Avropa Şurası bir neçə ay bundan əvvəl qəbul etmiş olduğu qərarı kənara qoyub yenidən siyasi məhbuslar məsələsini önə çəkir. Görünən budur ki, burada Azərbaycana qarşı birmənalı şəkildə təzyiq elementləri var. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu güclənir, mövqeyi möhkəmlənir. Bu isə müəyyən dairələri, xüsusilə erməni lobbisinə bağlı olan dairələri ciddi şəkildə narahat edir. Bunun da arxasında duran əsas məqsəd işğal olunmuş torpaqlarımızın geri qaytarılmasına mane olmaq, necə olursa-olsun həmin torpaqları Ermənistana verməkdir. Bunun üçün də Azərbaycanı beynəlxalq səviyyədə bu və ya buna bənzər addımlarla zəiflədib, cəmiyyətdə narazılıqlar yaradıb, hakimiyyət dəyişikliyi edib, özlərinə sərf edən bir şəxsin hakimiyyətə gəlməsinə çalışırlar.

Bir neçə gün bundan öncə Mehman Hüseynov əllərində bayraq edildi, bir nəfərin həbsi ilə bağlı Avropa Parlamenti gülünc qətnamə qəbul etdi. Avropa Şurası da eyni şəkildə Leyla Yunus kimi antimilli bir insanın siyasi korrupsiyaya bulaşan, Avropada çox yüksək səviyyədə həyat tərzi keçirən bu qadının hikkələrindən doğan, tamahından irəli gələn siyasi məhbus siyahılarını yayır. Azərbaycanda siyasi baxışlarına görə heç kim həbs olunmayıb. Hazırda ölkədə struktur dəyişiklikləri gedir, kadr islahatları aparılır. Korrupsiya və rüşvətxorluğa qarşı da mübarizə göz önündədir. Bunlar həbsxanaya təbii ki, düşməlidirlər. Çünki rüşvət üstündə tutulublar, korrupsiya cinayətinə yol veriblər. Qətiyyən şübhə etmirəm ki, belə şəxsləri də Leyla Yunus siyasi məhbus kimi siyahıya salacaq. Onların ailələri və özlərindən külli miqdarda pul almaqdan əlavə anti-Azərbaycan qüvvələrindən də maliyyə alacaq, yüksək həyat səviyyəsini yaşamağa davam edəcək. Azərbaycanla Ermənistan arasında fərqli bir durum əmələ gəlib. Ola bilsin ki, problemin həlli üçün sülh imkanları qalır. Ekspertlərin də yüksək səviyyəli açıqlamalarında bunu görürük. Buna da mane olmaq istəyən qüvvələr var. Onlar Dağlıq Qarabağ münaqişəsindən öz məqsədləri üçün istifadə edirlər. Heç zaman Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını istəmirlər. Nə oldu ki, uzun illərdir Leyla Yunus ağzına şeypur alaraq siyasi məhbus məsələsini gündəmə gətirir, hay-küy salır. Leyla yunuslar və onlara qoşulanlar bu şeypuru nə qədər üfüləsələr də, Azərbaycanın nə dövlətçiliyinə, nə də onun dünyadakı nüfuzuna xələl gətirə bilməyəcəklər. Bu cür siyahılar xalqımızın iradəsi qarşısında kağız parçasından başqa bir şey deyil”.

Siyahının müəlliflərindən olan “Xural” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Əvəz Zeynallı ümidlidir: “Bizim siyahıda 130-dan çox məhbusun adı var. Bu baxımdan o siyahının özünü qismən natamam hesab edirəm. Çünki AŞ PA-ya siyasi məhbusların tam siyahısı təqdim olunmalıdır. Amma bütün hallarda Avropa Şurasına bu siyahının təqdim olunması və müzakirəsinin problemin həllinə mütləq təsiri olacaq. Heç bir halda bu, izsiz ötüşə bilməz. Mehman Hüseynov məsələsi kifayət qədər böyüdü. Avropada bir daha Azərbaycandakı siyasi məhbuslar məsələsi qabardı. Bu günlərdə bəzi hüquq müdafiəçilərinin müsahibələrini oxudum. Güman ki, hakimiyyətin yüksək pillələrində də siyasi məhbuslar məsələsinin müzakirəsi gedir. İnşallah, müsbətə doğru nələrsə dəyişə bilər. Mövcud durumda optimist olmaq çətindir. Amma inanıram ki, siyasi məhbus problemi əvvəlki kimi olmayacaq. Ola bilər ki, martda bir qrup məhbus azad edilsin. Bu işdə Azərbaycan prezidentinin qərarının müstəsna rolu var. Doğrudur, indiyə qədər bir çox hallarda Avropadan insan haqları, siyasi məhbuslar məsələsində Azərbaycana təzyiqlər artanda həmin vaxt əfv sərəncamları verilməyib. Hətta gözlənilən əfvlərin belə təxirə salındığının şahidi olmuşuq. Amma son baş verən hadisələrin bu məsələləri tərpədəcəyini düşünürəm”.
