“Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olması və ya təşkilatda müşahidəçi statusu alması məsələsi hələ qarşıya qoyulmayıb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində “RİA Novosti”yə açıqlamasında deyib və bir sıra dairələrin gözləntilərinə son qoymuş olub.
Xatırladaq ki, Rusiyadan rəsmi və qeyri-rəsmi səviyyədə bir sıra hallarda Azərbaycanın Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə və KTMT-yə üzv olması ilə bağlı istəklər ifadə olunurdu. Hətta Rusiyanın baş diplomatı səviyyəsində belə bir istək ifadə olunmuşdu. Hətta Ermənistan tərəfi daha çox uzağa gedərək Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı məsələyə veto qoyacağını iddia etmişdi. Üstəlik, son zamanlar KTMT-də mövqeləri sarsılan İrəvanda belə iddialar eşidilirdi ki, üzv ölkələr Azərbaycanı quruma üzv, yaxud müşahidəçi statusla qəbul etməkdən ötrü hazırlıq görürlər. Lakin Azərbaycan prezidenti Davosda “Bu məsələ hələ ki, müzakirə mərhələsində deyil” – deməklə Bakının prinsipial mövqeyini nümayiş etdirdi.
Azərbaycanın KTMT-yə üzv olacağını iddia edənlər unudurlar ki, 2019-cu ildə, yəni bir neçə aydan sonra Azərbaycan Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. Üstəlik, 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama hərəkatına sədrliyi də həyata keçirəcək. Hesab olunur ki, Qoşulmama Hərəkatının Bakıda keçiriləcək 18-ci Sammitinin həm də böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Burada Bakının mühüm rolunu xüsusi qeyd etmək lazım gəlir.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, dövlət başçısının mövqeyi KTMT ilə bağlı gözləntilərə nöqtə qoymuş oldu: “Azərbaycan prezidenti cənab İlham Əliyev Azərbaycanın KTMT-yə üzvlüyü və ya müşahidəçi statusu ilə bağlı birmənalı şəkildə qeyd etdi ki, bu məsələ ümumiyyətlə, gündəlikdə yoxdur. Bunu prezident ona görə bildirdi ki, əgər KTMT-yə daxil olan bir dövlət digər bir dövlətin ərazi bütövlüyünə qarşı işğalçılıq siyasəti həyata keçirirsə və işğal etdiyi torpaqları qeyri-şərtsiz tərk etməkdən imtina edirsə və separatçılıq siyasəti yürüdürsə, eyni hərbi blokda təmsil edilə bilməzlər, bu, birbaşa Ermənistana və onun yürütdüyü işğalçılıq siyasətinə aiddir. Yəni nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyib, KTMT üzvlüyündən söhbət gedə bilməyəcəyini bir daha Azərbaycan prezidenti bəyan etdi”.
A.Nağıyevin fikrincə, dövlət başçısının mövqeyi KTMT üçün çox ciddi bir siqnaldır və onlar da bundan nəticə çıxarmalıdır: “Eyni zamanda heç KTMT-nin nizamnaməsinə də uyğun gəlmir. Əgər Rusiya bunu istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdır. Əks halda, Azərbaycanı KTMT-yə üzv etmək mümkün olan məsələ deyil və Azərbaycanın da buna ehtiyacı yoxdur”.
