Ötən ilin sonunda verilən bir çox iqtisadi qərarlar, xüsusən də bəzi sahədə gömrük rüsumu və vergilərin artırılması səbəbindən bahalaşma olacağı gözlənilirdi. Avtomobildən tutmuş spirtli içki və tütün məhsullarına qədər bir çox sahələrdə bahalaşma xəbəri özünü doğrultdu. Eləcə də unun qiymətinin artması çörək istehsalçılarına narahat günlər yaşatdı və bu problem hələ də davam edir. Rusiya və Qazaxıstan kimi ölkələrdə taxıl qıtlığının yaşanması, dünya bazarında taxılın qiymətinin artması unun bahalaşması ilə nəticələndi ki, bu da çörəyin qiymətini dəyişmədiyi üçün çəkisinin azalmasına səbəb oldu. Bununla yanaşı, neftin ucuzlaşması, manata təzyiqlərin olacağı müzakirə edilirdi. Artıq ilin ilk ayının son ongünlüyünü yaşamaqdayıq.
Bu müddətdə bir çox pozitiv proqnozlar özünü doğrultdu. Xüsusilə neftin bahalaşması hiss olunmaqdadır. Dünya bazarında “Brent” markalı neftin bir barelinin qiyməti 62,78 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 53,90 dollardır.
Neftin kəskin ucuzlaşdığı vaxtda manatın da dəyər itirəcəyi müzakirə edilsə də, artıq vəziyyət nisbətən dəyişməkdədir.
Bundan başqa, ilin əvvəlində prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirərək önəmli tapşırıqlar verdi ki, onlardan da ən başlıcası struktur islahatları oldu. Bu çıxışın ardından bir neçə sərəncamla xeyli dövlət qurumları ləğv edildi. Bu da dövlət büdcəsinin yükünün azaldılması baxımından yaddaqalan addım oldu.
İlin ilk ayının iqtisadi prosesləri ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov da bildirdi ki, ilin ilk günlərində bazarda bəzi məhsulların qiymətlərində artımlar baş verib: “Yeni ilin birinci ayının 2/3-i arxada qaldı. İlk 20 gündə bazarda bəzi məhsulların qiymətlərində bəzi artımlar baş verdi. Bu artımların real və psixoloji səbəbləri mövcuddur. Real amillər bəzi məhsullara tətbiq edilən aksiz vergilərinin bu ilin yanvar ayının əvvəlindən artırılması ilə bağlıdır. Psixoloji amillər isə neftin qiymətləri ətrafında keçən ilin son aylarında baş vermiş kəskin ucuzlaşmalarla bağlıdır”.
F.Yusifovun sözlərinə görə, neft qiymətlərinin göstərdiyimiz dövrdə bəzən 1 barel üçün 50 dollardan da aşağı düşə bilməsi manatın ətrafında bir ajiotaj yarada bildi: “Təbii ki, cəmiyyətdə hamıdan ”ayıq-sayıq" olan ticarət adamları dərhal bundan istifadə etməyə başladılar. Onlar bir çox idxal məhsullarının qiymətlərini tədricən artırmağa start verdilər. Hesab etdilər ki, manatın ucuzlaşması baş verərsə bu yolla öncədən itkilərini sığortalaya bilərlər. Lakin 2019-cu ilin yanvar ayının 1-dən etibarən gündəlik neft hasilatını 1,2 milyon barel azaltmağa dair OPEK-in qərarı demək olar ki, özünü doğrultmağa başladı. Neftin qiymətləri 1 barel üçün ötən ilin dekabr ayının sonlarındakı 50 dollar səviyyəsindən 60-62 dollar səviyyəsinə qədər yüksəldi. Qiymətlərin bu şəkildə artımı manatın məzənnəsi ətrafındakı söz-söhbətləri aradan qaldıra bildi. Bazarda da qiymətlərin sabitləşməsi baş verdi".
İqtisadçı alim onu da vurğuladı ki, indi qiymətlərin qaldırılması üçün heç bir əsas yoxdur: “Bu o halda baş verə bilər ki, neftin qiymətləri 1 barel üçün 40 dollardan aşağı düşməyə başlasın. Çünki bu zaman manatın ucuzlaşması qaçılmaz ola bilər. Ancaq gözlənən odur ki, neftin qiymətləri hələ ki sabitdir və o, az-az da olsa artır. Bu isə manatın sabitliyi üçün əsas şərtdir”.
Fikrət Yusifov vurğuladı ki, ötən 20 gün ərzində ən yaddaqalan mühüm iqtisadi hadisə isə Sumqayıtda azot gübrəsi istehsal edəcək Sumqayıt Karbamid Zavodunun açılışı oldu: “Bu müəssisənin ölkənin aqrar sektoruna və bütövlükdə qeyri-neft sektorunun inkişafına töhfəsi kifayət qədər böyük olacaq. Müəssisənin məhsulunun 70 faizi ixrac ediləcək və ölkənin bu məhsula olan tələbatı tam ödənilmiş olacaq. Beləliklə, hər il Azərbaycanın gübrə idxalına xərclədiyi 90 milyon dollara qənaət olunmaqla yanaşı, yeni zavodun məhsullarının ixracı hesabına ölkəmizə 160 milyon dollar valyuta da daxil olacaq”.
