Yanvarın 21-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası öz işinə başlayıb.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, AŞ PA-dakı nümayəndə heyətinin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib.
Nümayəndə heyətinə mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər. (Modern.az)
AŞ PA nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib. Nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev “Report”a bildirib ki, sessiyada eyni zamanda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın yenidən vitse-prezidenti seçilib.
Lilian Mori Paskye ikinci müddətə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri seçilib.
5 gün davam edəcək sessiya çərçivəsində Nazirlər Komitəsinin iclası olacaq, AŞPA-nın hazırkı baş katibi T.Yaqland çıxış edəcək. Sessiya zamanı dezinformasiya və təbliğat kontekstində kütləvi informasiya vasitələri və mətbuat azadlığı barədə birgə müzakirələr aparılacaq.
Ermənistan mediası isə yazıb ki, AŞ PA-nın sessiyasının ilk günü Ermənistandakı 9 dekabr parlament seçkiləri ilə bağlı məruzə dinlənilib. Məruzəçi Aleksandr Potsey deyib ki, “Mənim addımım” bloku parlamentdə 70 faizdən yuxarı mandata sahib olub, lakin bu faktın özü həm də böyük məsuliyyət deməkdir. Maraqlıdır ki, Ermənistandakı kütləvi pozuntuların üstündən keçilib.
AŞ PA-nın plenar iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq. Avropa Şurası ölkələrində referendum prosedurlarının yenilənməsi, demokratik seçkilər üçün media azadlığının əsas şərtləri, yalan məlumat ötürmə və təbliğetmənin ifşasında ictimai medianın rolu, milli azlıqların hüquqlarının qorunması və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. Avropa İnsan Hüquqları Konvensiyası ilə şəriət qanunlarının uyğunluğu mövzusuna həsr olunan müzakirədə “AŞ üzvü olan dövlətlər Qahirə deklarasiyasını imzalaya bilərmi?” sualı ətrafında polemika aparılacaq.
Milli Məclisin deputatları müzakirələrdə fəal iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
AŞ PA-dan aldığımız məlumata görə, ilk gün deputatlarımız panel iclaslarında iştirak ediblər. Plenar sessiyanın gündəliyinə Azərbaycanla bağlı məsələ salınmayıb. Ancaq qəfildən hansısa dəyişikliklərin edilə biləcəyi ehtimalı da nəzərdən qaçırılmır.
