Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Qarabağ məsələsinin həlli prosesinin “ölü” nöqtədən tərpənəcəyi barədə şərhlər artmaqdadır.
Doğrudur, Azərbaycan və Ermənistanda nə baş verdiyini dəqiq bilməyən ekspertlər hələlik birmənalı fikir bildirməyə çətinlik çəkirlər. Ancaq bütün bu şübhələrlə zəngin rəylərin içərisində nələrinsə baş verdiyi qənaəti düşüncələrə hakim kəsilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi “faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını” bəyan edib. XİN-in sözçüsü Leyla Abdullayeva “BBC Nyus Azərbaycanca”ya deyib ki, iki ölkənin xarici işlər nazirləri Paris görüşündə “ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə” razılaşıblar. “Bununla bağlı ötən ilin dekabrında Milanda iki ölkə xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən qəbul olunmuş birgə bəyanatda da ”əhalinin sülhə hazırlanması üçün konkret addımların atılması ilə bağlı çağırış əks olunmuşdur" - XİN sözçüsü deyib.
Elə daha çox müzakirələrə səbəb olan da xalqların sülhə hazırlanması ilə bağlı razılaşmadır. Azərbaycanda hesab edirlər ki, ərazilər işğaldan azad edilmədən hansısa sülhə hazırlanmadan söhbət gedə bilməz. Ermənistanda isə narahatlıq var ki, Nikol Paşinyan hökuməti torpaqları Azərbaycana qaytarmaq üçün hansısa anlaşmaya gedib. Xüsusən də Daşnaksütyun Partiyasının məhz bu günlərdə Dağlıq Qarabağda peyda olması və ilk dəfə özünün toplantısını işğal altındakı torpaqlarımızda keçirməsi təsadüf sayılmır. Hesab edilir ki, erməni millətçiləri əldə olunmuş hansısa anlaşmanın qarşısını almaq, Paşinyanı sülh razIaşmasından çəkindirmək üçün belə bir taktiki gediş ediblər. Ermənistanda Qarabağ razılaşmalarının pik məqamında qanlı hadisələrin, yaxud hakimiyyət dəyişikliklərinin baş verməsini əvvəlki illərdə görmüşük.
Amma istənilən halda Qarabağla bağlı hansısa prosesin getdiyi şübhə doğurmur. Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistanın baş naziri təyin olunması ilə əlaqədar göndərdiyi təbrikində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində səylərin vacibliyi mesajını xüsusi qeyd edib.
Bundan əvvəl Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan tərəfindən münaqişəyə çözüm axtarmağa hazır olduqlarını səsləndirməsinin təqdirəlayiq olduğunu, Ermənistanın da buna müvafiq şəkildə cavab verəcəyinə inandığını qeyd edib.
Həmçinin BMT-nin baş katibi Antonio Quterreş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-da Parisdə keçirilən görüşü müsbət qiymətləndirib. Eyni zamanda Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Federika Mogerini erməni mediasına deyib ki, təmsil etdiyi qurum tərəflər arasındakı son təmasların danışıqlar prosesinə müsbət impulslar verəcəyinə inanır.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi də “faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını” bəyan etmişdi. Azərbaycan prezidenti isə birmənalı şəkildə dəfələrlə bəyan edib ki, ərazi bütövlüyünün pozulması məsələsi danışıqların predmeti ola bilməz. Elə Bakının Avropa İttifaqı ilə əməkdaşlığı məsələsində də ərazi bütövlüyü prinsipinə hörmət edilməsi ilk şərt olaraq qoyulub. Bu mənada Ermənistanda son anlaşma ilə bağlı ciddi narahatlıq var. Hökumət ölkəni xilas etməkdən ötrü işğal siyasətindən əl çəkə bilər deyə, əndişələr mövcuddur. Amma fəlakətlər içərisində olan erməni əhalisi arasında keçirilən son sorğular da nəhayət, İrəvanın “daşı ətəyindən tökməsinin” vaxtı çatıb, qənaətini yaradır. Ermənilər azərbaycanlılarla dinc, mehriban qonşuluq şəraitində yaşadıqları vaxtları xatırlayır, azərbaycanlılardan pis münasibət görmədiklərini deyirlər.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev də sülh prosesində dinamikanın yaranacağına ümidini ifadə edib. “Yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək görüş uzun müddətdir ki, davam edən münaqişənin sülh yolu ilə həllində irəliləyişin əldə olunmasına ümidlərimizi daha da artırır” - icma rəhbəri bildirib.
Bu situasiyanın perspektivləri barədə “Yeni Müsavat”a danışan politoloq Arzu Nağıyev dedi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün ekspertlər və bir sıra beynəlxalq qurumlar tərəfindən alqışlanmasının əsas səbəbi hər iki dövlətin vətəndaşlarının sülhə hazırlanması ilə bağlı bəyanatın verilməsidir: “Yəni atəşkəsə nail olmaq və itkilərin olmamasını birinci plana qoyurlar. Təəssüf ki, bu, münaqişənin həlli demək deyil. Yenə də atəşkəs pozulur, dinc əhali narahatdır. Bir aydan sonra kənd təsərrüfatı ilə bağlı əkin-biçin işləri başlanacaq və vətəndaşların narahatlığı da artacaq. ATƏT-in Minsk Qrupu da bu səpkilərdə deklorativ bəyanatlar verir”.
Siyasi təhlilçi qeyd etdi ki, ümumən danışıqların aparılması müsbət haldır: “Ələlxüsus da tam şəkildə Ermənistanda hakimiyyət formalaşmayıb və formalaşmasından sonra hansı addımların atılacağının da aydınlaşdırılması labüddür. Məhz buna görə də fevralda yeni bir görüşün keçirilməsi planlaşdırılır. Paşinyan hakimiyyəti belə bəyanatlar vasitəsilə sanki vaxtı uzatmağa çalışır. Təbii ki, Azərbaycan son illər bu istiqamətdə müəyyən üstünlüklərə malikdir, bu, erməniləri qorxudan amilllərdəndir. Hətta son danışıqlardan sonra da bunu müşahidə etmək olur. Ermənilərin fikrincə, iş və idarəçilik təcrübəsi az olan yeni hakimiyyət danışıqlar prosesini uduzmaqda davam edir və bu da münaqişənin Azərbaycanın xeyrinə həlli ilə nəticələnə bilər”.
İşğal altındakı Dağlıq Qarabağda keçirilən daşnak yığıncağına gəldikdə isə A.Nağıyev bildirdi ki, bu da Qarabağ kartından istifadə etməyin bir növüdür: “Paşinyan siyasi gediş edir ki, orada hakimiyyəti radikal millətçilər əvəz etsin. Bunu da diaspora və Ermənistan vətəndaşları dəstəkləmir. Yəni yeni hakimiyyət vəzifə bölgülərini yekunlaşdırdıqdan sonra konkret fikirlər yürüdə bilərlər. Hələ ki Ermənistanda xaotik bir vəziyyət hökm sürür və bu da özünü aydın göstərir”.
Erməni ekspertlərinin “Aprel-may aylarında Azərbaycan hücuma keçə bilər" məzmunlu həyəcanlı bəyanatını da diqqətdən qaçırmaq olmaz. İşğalçı ölkədə artıq çoxları anlayır ki, Azərbaycan danışıqların danışıq xatirinə aparılması ilə barışmaq niyyətində deyil. Aprel döyüşləri və Naxçıvan əməliyyatından sora həm beynəlxalq aləmdə, həm də Ermənistanda vəziyyətə daha real yanaşanların sıraları genişlənib. Bu mənada tezliklə “daş”ın yerindən tərpənəcəyini güman etmək olar...
