Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı 22 ildən bəridir aparılan müzakirələr hələ ki yekun nəticə ilə sonuclanmayıb. Ölkəmiz dünyada ticarət qaydalarını müəyyənləşdirən əsas qurum olan ÜTT-yə üzvlük üçün 1997-ci ildə müraciət edib. Elə həmin il də ÜTT tərəfindən ölkəmizlə danışıqlar üzrə işçi qrupu formalaşdırılıb. Ötən müddət ərzində İşçi Qrupun 14 iclası keçirilib.
ÜTT-yə üzvlüklə bağlı komissiyanın məlumatına görə, Azərbaycan 21 dövlətlə ikitərəfli danışıqlar aparır. Bu müddətdə cəmi 5 ölkə ilə ikitərəfli danışıqlar protokolla yekunlaşıb. Bunlar Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğız Respublikasıdır. Sonuncu dəfə ikitərəfli danışıqlar 2017-ci ilin iyulunda Avropa İttifaqı, ABŞ, İsveçrə, Yaponiya, Hindistan, Rusiya Federasiyası və Tayland ilə mallar və xidmətlər üzrə keçirilib. Ötən ilin dekabrında Cenevrədə Azərbaycanla ÜTT arasında danışıqların aparılması nəzərdə tutulurdu. Bu barədə İşçi Qrupun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat vermişdi. Lakin danışıqların gedişi ilə bağlı hər hansı məlumat açıqlanmayıb.
Qeyd edək ki, ÜTT-yə üzvlük Azərbaycanla Avropa İttifaqı arasında strateji əməkdaşlıq sazişinin imzalanması üçün əsas şərtlərdən birinə çevrilib. Bununla bağlı məlumatı Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməliyyatlar üzrə koordinatoru Ülviyyə Abdullayeva açıqlayıb. Onun sözlərinə görə, Aİ ilə hazırlanmaqda olan sazişin ticarətlə bağlı olan hissəsində bütün müddəalar ÜTT qaydalarına uyğun olmalıdır.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, son illərdə təşkilata üzvlüklə bağlı danışıqlar intensivləşsə də, müsbət nəticə hələ yoxdur: “Azərbaycanın bu təşkilata üzvlüyü ilə bağlı danışıqlarda əsas mübahisəli məqam ölkəmizin hansı statusla üzv qəbul olunması ilə bağlıdır. Belə ki, ÜTT Azərbaycanı inkişaf etmiş ölkə statusunda qəbul etmək istəyir. Azərbaycan hökuməti isə inkişaf etməkdə olan ölkə statusunu əldə etməyə çalışır. Çünki bu halda ölkə daha yüngül şərtlərlə üzvlük əldə edəcək. Güman olunur ki, bu məsələdə razılıq əldə olunacaq”.
Digər məqam aqrar sektora subsidiya məsələsidir: “Azərbaycan ”Yaşıl zənbil"ə iddialıdır. Bu, Azərbaycan üçün aqrar sektora bu sahədə istehsal olunan məhsulun 10 faizi həcmində subsidiya vermək imkanı deməkdir. Amma ÜTT Azərbaycana 5 faizə qədər subsidiya imkanı tanıyan “sarı zənbil”i təklif edir. Bu məsələdə də tərəflərin razılıq əldə etməsi mümkündür. Bütün bunlara rəğmən, hələ də ÜTT-yə üzvlüklə bağlı bir nəticə əldə olunmayıb".
V.Bayramovun dediyinə görə, Ermənistanın bizdən əvvəl quruma üzv olması Azərbaycanın üzvlüyünə heç bir problem yaratmayacaq: “Əvvəla, ona görə ki, qəbulla bağlı səsvermədə müharibə aparan ölkələrin səsi nəzərə alınmır. İkinci tərəfdən isə Ermənistan ÜTT-yə üzv olanda Türkiyə qarşısında öhdəlik götürüb ki, hətta qaydalar dəyişsə belə, Azərbaycanın quruma üzvlüyünün əleyhinə səs verməsin”.
Ekspertin fikrincə, ÜTT-yə üzvlüklə bağlı danışıqların intensivləşməsi və məsələnin həll olunması indiki mərhələdə daha çox aktualdır: “Çünki bir tərəfdən qeyri-neft sektorunun inkişafı və ixracın genişləndirilməsi əsas hədəflərdən biridir. ÜTT-yə üzvlük yalnız daxili bazarın xarici məhsullar üçün açılması deyil, eyni zamanda yerli istehsalçılar üçün Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi deməkdir. Digər tərəfdən, üzv olan ölkələr üçün ÜTT tərəfindən daxili bazarını təşkilatın qaydalarına uyğunlaşdırmaq üçün güzəşt müddəti müəyyənləşdirilir. Rusiya üçün bu müddət 7 il idi. Azərbaycan üçün yəqin ki, azı 4-5 illik müddət müəyyənləşdiriləcək ki, bu da kifayət qədər normal vaxtdır. Azərbaycanda gömrükdə şəffaflaşma prosesi gedir, bu da ÜTT-yə üzvlük üçün əlverişli mühitin yaranması deməkdir. Biz hökuməti mümkün qədər qısa müddətdə danışıqları yekunlaşdırmaqla Azərbaycanın ÜTT-yə üzvlüyünü təmin etməyə çağırırıq”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan 22 ildir bu təşkilata üzvlük prosesini yubadır: “Danışıqlar bütün postsovet ölkələri ilə başlamışdı. 2003-cü ildə Ermənistan və Gürcüstan üzv oldular, ən sonuncu isə Rusiya ilə Qazaxıstan 2015-2016-cı illərdə üzv oldular. Bu üzvlük onların aqrar sektora subsidiyalar verməsində və digər məsələlərdə heç bir problem yaratmadı. Hansı ki, Azərbaycan hökuməti dəfələrlə rəsmi şəkildə bəyan edib ki, bu təşkilata üzvlük kənd təsərrüfatına dövlət dəstəyi və digər məsələlərdə problemlər yarada bilər. Rusiya 4 ildir ÜTT-nin üzvüdür, kənd təsərrüfatına ən çox subsidiya ayıran ölkələrdən biri olaraq qalır”.
Ekspertin fikrincə, Azərbaycanda problem iki istiqamətdədir: “Birincisi budur ki, üzv olmaq üçün Azərbaycanın daxili qanunvericiliyi, o cümlədən vergi və gömrük qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. İkinci məsələ isə budur ki, beynəlxalq iqtisad məhkəmələrinin yurisdiksiyası tanınmalıdır. Yəni Azərbaycanda ticarətlə bağlı hər hansı problemlə üzləşən sahibkarın yerli məhkəmələrdən yan keçərək problemini beynəlxalq iqtisad məhkəmələrində həll etmək imkanı yaranacaq. ÜTT-nin öz hüquq müstəvisi var. Məncə, Azərbaycan hökumətinin bu təşkilata üzvlükdən yayınmasının əsas səbəbləri bunlardır. Aqrar sektora subsidiyalar məsələsi doğru deyil. Çünki Azərbaycan üzv olduqdan sonra 10 il müddətində bu subsidiyalarla bağlı güzəştlər alacaq. Elə üzv olan kimi bütün subsidiyalar dayandırılmır ki. Keçid dövrü tanınır və həmin dövr üçün güzəştlər limiti müəyyənləşdirilir”.
N.Cəfərli bildirir ki, bir istehlakçı olan sadə vətəndaş üçün fərqi yoxdur aldığı məhsul harada istehsal olunub: “Onu maraqlandıran əsas məsələ məhsulun keyfiyyətidir. Bu zaman yerli istehsalçı məcburdur ki, keyfiyyətli və ucuz məhsul istehsal etsin ki, xaricdən idxal olunan məhsullarla rəqabət apara bilsin. ÜTT-yə üzvlük istehlakçılara seçim hüququnu tanıyır, seçim imkanlarını genişləndirir. Eyni zamanda əhaliyə imkan verir ki, daha keyfiyyətli məhsul əldə edə bilsin. Yəni bu üzvlük əhalinin marağında olan prosesdir. Kimin marağında deyil? Əlbəttə, ölkəyə mal gətirən inhisarçıların, daxili bazarı monopoliyada saxlayan yerli istehsalçıların. Məmur oliqarxiyası ilə çulğalaşmış olan bu inhisarçılar marağında deyillər ki, gömrük qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşsın. Çünki bu halda istədikləri məhsulun idxalına əlavə rüsum tətbiq etdirə bilməyəcəklər. Bildiyiniz kimi, son vaxtlar belə bir mənfi ənənə formalaşıb ki, yerli istehsalçıları qorumaq adı ilə bu və ya digər məhsulun idxalına rüsumlar artırılır. ÜTT-yə üzv olduqdan sonra belə addımlar atmaq mümkün olmayacaq”.
Ekspertin fikrincə, ümumilikdə götürdükdə, ÜTT-yə üzv olmaq hökumət üçün daha cəlbedicidir: “Bu, Azərbaycan sahibkarlarının Avropa bazarında biznesi üçün əlverişli şərtlər formalaşdıracaq, ölkəyə xaricdən investisiya axınının güclənməsinə gətirib çıxaracaq. Mənə elə gəlir ki, 2019-cu ildə bu sahədə ciddi dönüş olması ehtimalı böyükdür. Belə ki, bildiyim qədərilə mart ayında danışıqların növbəti raundu olacaq. Azərbaycan tərəfdən danışıqlara rəhbərlik edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin son açıqlamaları çox pozitivdir. O, sazişin imzalanması ehtimalının yüksək olduğunu demişdi. Məncə, bu, ən doğrusudur. Azərbaycan heç bir halda ÜTT-yə üzvlükdən uduzmayacaq. Bu təşkilata üzv olduqdan sonra isə Avropa Birliyi ilə ikitərəfli əməkdaşlıq sazişinin imzalanması üçün real şərait yaranacaq”.
