|
Paytaxtda parklanma xaosu - sürücülər haqlı-haqsız cərimələnir...

Paytaxtda avtomobillərin dayanma-durma qaydalarını pozmasına görə cərimə yazılması səlahiyyətlərinin Bakı Nəqliyyat Agentliyinə verilməsi şəhərdə xaotik mənzərə yaradıb.

Sürücülər narazılıq edirlər ki, şəhərin istər mərkəz, istərsə ətraf ərazilərində parkomatların yenidən təşkili həyata keçirilmir və kütləvi cərimələnmələr həyata keçirilir.

Sürücülər deyirlər ki, hətta 5-10 dəqiqəlik hansısa hərəkətə mane olmayan yerdə belə avtomobili saxladıqda, yaxud maşın xarab olub yolda qalanda da az sonra cərimələndiyi barədə ona ismarış göndərilir.

Bu da ciddi şəkildə narazılıq doğurub. Çünki BNA şəhərdə parkomatların, parkinqlərin təşkili ilə tam əhatəli məşğul olmur və dayanma-durmanın qadağan olunduğu yerlər bildirilmir. Diqqət ancaq kor-təbii şəkildə cərimə yazmağa yönəlib. 

Parkinqlər yaradılmadığına görə hazırda tibb, təhsil müəssisələrinin qarşısında, iaşə obyektlərinin önündə, hər yerdə dayanma-durma xaosu yaşanır.

Bu vəziyyətin nə qədər sürəcəyi bilinmir. Agentlik problemi kifayət qədər müfəttiş qüvvəsi olmaması ilə izah edir.

Prezidentin fərmanında qeyd olunub ki, BNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür.

Məsul edilmiş qurum isə parklanma yerləri məsələsini həll etmədən, cərimələr tətbiqinə keçib.

Fərman iyulun əvvəlində verilib, təxminən 6 aya yaxındır ki, qüvvədədir. Di gəl Bakının səkiləri, dayanma-durma qadağan olunan ərazilərində vəziyyət ürəkaçan deyil. Həm kim harada gəldi maşın saxlayır, həm də cərimələnmə kütləvi hal alır.

Nəticədə onsuz da tıxacların məngənəsində qalan Bakıda nəqliyyatın hərəkəti lap çətinləşir, sürücülər əsassız yerə cərimələndiklərini iddia edirlər.

İlgili resim

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a dedi ki, prezident fərmanı ilə yerüstü parklanma bu quruma həvalə edilsə də, hələlik Bakı Şəhər İcra Hakimiyyətində təhvil-təslim işləri gedir. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin öz idarəetmə strategiyası var: “Bu istiqamətdə kompleks işlər görülür. Əsas məqsəd parkomatları tam avtomatlaşdırılmış qaydada təmin etməkdir”.

M.Ağayev hazırda sürücülərdən parkomatlarda alınan ödənişlə bağlı bir söz deyə bilməyəcəyini söylədi: “Çünki hələlik təhvil-təslim işləri gedir və bizə aidiyyəti yoxdur”.

BNA sözçüsü bildirdi ki, sürücülər dayanma-durma qaydasının pozulması ilə bağlı yollarda quraşdırılan kameraları görmürsə, durmanı qadağan edən yol hərəkəti nişanını görə bilir:

“Kameranı görmürlərsə, nişanı görə bilirlər. Ona uyğun hərəkət tənzimlənməlidir. Sürücü yolda olan nişanı görsün ki, harada saxlamaq olar, harada olmaz. Bu kameralar nəqliyyatın intensiv və pik tıxaclar olan yerlərdə quraşdırılıb. Hazırda Bülbül prospekti, Qara Qarayev prospekti, 28 May küçəsində kameraların quraşdırılmasının müsbət nəticələrini görürük. Bu ərazilərdə nəqliyyatın hərəkətinin intensivliyi artıb”.

M.Ağayev bildirdi ki, sürücülərin müfəttişlərə itaətsizliyi heç nəyi dəyişmir, cərimə yazılıbsa, ödənəcək: “Cərimə ödənilməsi ilə bağlı mexanizmlərdə heç bir dəyişiklik olmayıb, sadəcə, cərimə edən orqan dəyişib”.

Bu arada Bakı küçə və prospektlərindəki parklanma yerlərində quraşdırılan parkomatlar yığışdırılır. Məlumatı hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov facebook səhifəsində paylaşıb.

Ekspert bildirib ki, parkomatların yığışdırılmasının səbəbi məlum deyil: “Bakının küçə və prospektlərindəki parklanma yerlərindən parkomatları yığışdırırlar. Bunun səbəblərini dəqiq bilməsəm də, bu lazımsız qurğuların belə bir tale ilə üzləşəcəyi aydın idi. Onlar həm mövcud qanunvericiliyə uyğun deyil, həm də xeyli vaxtdır ki, istifadəsiz qalmışdılar”.

Ə.Hüseynov həmçinin bildirib ki, parkomatların yığışdırılması o mənaya gəlmir ki, bundan sonra yol kənarı parklanmalar pulsuz olacaq. Sadəcə, həmin parkomat aparatları artıq işləmir.

Bir müddətdir ki, sözügedən aparatları yeni nəzarət kassa aparatları əvəz edir. Hazırda istifadə edilməyən və yığışdırılan parkomatlar Fransada xüsusilə Azərbaycan üçün istehsal edilmişdi.