|
Tahir Kərimlinin ayların adını dəyişmək ideyası başına bəla oldu

Deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli  bu dəfə təqvim aylarına milli adların verilməsi təklifi ilə çıxış edib. Deputat bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin qarşılaşa biləcəyimiz digər çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarına aşağıdakı milli adları təklif edib:

İlk ay (yanvar);  Soyuq (çillə ay) ay (fevral); Boz ay (mart);  Yağış ayı (aprel); Çiçək ayı (may);  Əkin ayı (iyun); İsti ay (iyul); Biçin ayı (avqust);  Məhsul ayı (sentyabr);  Qızıl ay (oktyabr);  Xəzəl ayı (noyabr);  Son ay (dekabr).

Kərimli deyib ki, sadə və anlaşılan bu sözlər 100 illərlə xalq dilində işlənib. Və mənasını hamı anlayır: “Ukraynalılar ”Serpen", “Jovtnya”, “Listopada” ay adları işlətməklə özlərinə böyük hörmət aşılatdıra biliblər. Biz də ən azı məişət və ədəbiyyatda bu adlardan istifadə edə bilərik".

Qeyd edək ki, ötən il Tahir Kərimli Azərbaycanın dövlət himninin sözlərində və musiqisində bəzi dəyişikliklərin edilməsi təklifi ilə gündəmə gəlmişdi. Onun bu təklifi ölkə ziyalıları tərəfindən sərt təpki ilə qarşılandı və deputatın yanlış fikir söylədiyi bildirildi. Onun növbəti təklifinə də reaksiyalar birmənalı deyil. Sosial şəbəkələrdə xeyli gülüş doğuran reaksiyalara rast gəlinir...

Muxtar İmanov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Dil komissiyasının üzvü Muxtar İmanov bildirib ki, yaxşı olar Tahir Kərimli öz sahəsi üzrə təkliflər irəli sürsün: “Bu, Tahir Kərimlinin subyektiv fikridir. Belə bir təklif irəli sürürsə, qoy sürsün. Lakin arzu edərdim ki, bizim deputatlarımız, xüsusilə də hüquq sahəsində çalışan mütəxəssislərimiz öz işləri ilə məşğul olsalar, bu sahədə dövlətə, xalqa xeyir versələr daha yaxşı olar. Onun fikirlərinə hörmətlə yanaşıram. Ancaq bu, mənə son dərəcə şairanə təklif təsirini bağışlayır. Arzu edərdim ki, Tahir Kərimli şairanə təkliflə yox, hüquq müstəvisində ciddi təkliflərlə gündəmə gəlsin. Parlamentdə onun çox ciddi missiyası var. Bu missiya ilə məşğul olarsa, daha yaxşıdır. Bir adam hansısa təklifi etməklə, ayların adı dəyişməz. Hər yerindən duran bu cür təklif edəndə ayların adı dəyişmir axı. Asif Əfəndiyev də ayların adının dəyişməsi ilə bağlı təklif vermişdi. İndi kimsə belə təklif verirsə, o demək deyil ki, ayların adı dəyişəcək. Görünür, Tahir Kərimli sahəsində özünü göstərə bilmir. Ona görə də  bu cür qeyri-adi fikirlərlə isə gündəmdə olmaq istəyir. Məndən bu fikirlərimə görə inciməsin. Sadəcə, hər kəs öz sahəsi ilə bağlı yeniliklər, təkliflər irəli sürərsə, daha yaxşı olar. Nəinki gündəmdə qalmaq və ya nəyinsə xatirinə bu cür qeyri-adi təkliflər irəli sürülsün”.

Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa da bildirib ki, onda belə çıxır ki, dindarlar da aylara fərqli ad qoysunlar:“Açığı, bu cür təklif mənim üçün təəccüblüdür. Ancaq hər bir şəxsin hansısa təklifi irəli sürmək ixtiyarı da var. Ayların adını dəyişməklə nə dəyişəcək? Ona görə də bu təklifi dəstəkləmirəm. Sadəcə olaraq, bu fikirlərə sayğı ilə yanaşıram. Ən azından bir şəxs təklif irəli sürübsə, bunu müzakirə etmək olar. Lakin ayların adlarının dəyişməsi üçün heç bir zərurət görmürəm”.

İlgili resim

AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, Tahir Kərimlinin fikirlərini uğurlu hesab etmir: “Ona görə yox ki, ideya uğursuzdur. Bu gün cəmiyyətimizdə ayların adını dəyişməkdən, himninin mətnini qısaltmaqdan daha vacib işlər var. Yəni əhalinin dolanışığı, gəlirləri, yaşayış vəziyyəti, müxtəlif sahələrdəki problemlər daha lazımlıdır. Bu kimi məsələlərlə bağlı Milli Məclisdə deputatlar tərəfindən təkliflər səslənib, çıxış yolu göstərilsə, məncə, daha  yaxşı olar. Belə olarsa, təkliflər cəmiyyət tərəfindən də daha yaxşı qarşılanar və ironiya ilə müşahidə olunmaz. Siyasətçi üçün unudulmaq, yaddan çıxmaq bəlkə də ən təhlükəli məsələdir. Tahir bəyə də yəqin ki, ciddi mövzulardan danışmaq yasaq olduğu üçün belə absurd, yersiz təkliflər səsləndirib. Ümumi vəziyyəti sistemin günahı kimi dəyərləndirirəm. Çıxış yolları, qanunvercilikdə dəyişikliklərlə insanların həyatını yaxşılaşdırmağa çalışmalı olan millət vəkillərimiz görün hansı mövzulara toxunurlar. Bunun özü məyusedici haldır. Əminəm ki, bu gün parlamentin 90 faizi belə vəziyyətdədir. Təklifim odur ki, ya bu şəkildə parlamentə getməsinlər, ya da oturduqları kürsülərin haqqını verib, xalqa faydalı işlərlə məşğul olsunlar”.