|
Maliyyə naziri ötən ilin iqtisadi artım göstəricilərini açıqladı, ekspertlər şərh etdi

Maliyyə naziri Samir Şərifov ötən ili bir çox iqtisadi göstəricilər baxımından müsbət xarakterizə edib. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən nazir bildirib ki, ötən il dünya bazarında bir çox iqtisadi şoklar yaşansa da, Azərbaycan iqtisadiyyatı bundan maksimum dərəcədə zərərsiz çıxmağa nail oldu: “2018-ci il, eyni zamanda, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması ili kimi də dəyərləndirilə bilər”.

Nazir qeyd edib ki, büdcə-fiskal siyasətin monetar siyasətlə sıx əlaqəli şəkildə həyata keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub, inflyasiyanın cilovlanmasına və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz-bənd azalmasına nail olunub. Xarici ticarət balansındakı müsbət saldo tədiyə balansının cari əməliyyatlar hesabının 5 milyard ABŞ dollarına qədər, məcmu valyuta ehtiyatlarının isə ötən ilin əvvəlinə nisbətən 3,0 milyard ABŞ dolları məbləğində və ya 6,5 faiz artmasını şərtləndirib. 2018-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları nəzərə alınmadan hökumətin valyuta ehtiyatları xarici dövlət borcumuzu 4,3 dəfə üstələməklə ümumi daxili məhsulun 83,5 faizini təşkil edib".

Maliyyə nazirinin səsləndirdiyi məlumata əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub. Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. S.Şərifov qeyd edib ki, icmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə 5,9%-lik profisit əldə edilib. Maliyyə naziri əlavə edib ki, 2017-ci illə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub.

Samir Şərifovun çıxışında yer alan bu məqamları şərh edə iqtisadçı ekspertlər də ötən ilin  2017-ci ilə  nisbətən yüksək iqtisadi göstəricilərlə icra edildiyini qeyd edirlər.

Fikrət Yusifov ile ilgili görsel sonucu

İqtisadçı alim Fikrət Yusifov da “Yeni Müsavat”a danışarkən vurğuladı ki, ölkə iqtisadiyyatının artım dinamikasına nail olmaq, onun real sektorunun üstün sürətlə inkişafını təmin etmək hökumətin yola saldığımız il üçün başlıca hədəfləri idi: “Bu sırada ən çox diqqət çəkən məsələlərdən biri də ölkədə makroiqtisadi sabitliyin əldə edilməsi - inflyasiyanın bir il öncəki, 12 faizdən 2,3 faizə qədər azaldılması və  bu fonda əhalinin pul gəlirlərinin inflyasiyadan 4 dəfə üstün - yəni 9,2 faiz artması oldu. Ötən il ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Müqayisə üçün deyək bu Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin gəlirlərindən 1 milyard manata qədər çox olan bir məbləğdir. Bu sərmayənin 11 milyard manatının - yəni haradasa 64 faizinin iqtisadiyyatın qeyri-neft sektoruna qoyulması da ümumi iqtisadiyyatımızda qeyri-neft sektorunun indiki xüsusi çəkisinə uyğun bir göstəricidir. Bu isə o deməkdir ki, iqtisadi inkişafın bütün parametrləri müəyyən edilmiş strategiyaya tam uyğun şəkildədir”.

İqtisadçı alim vurğuladı ki, ötən il Azərbaycanın valyuta ehtiyatlarının daha 3 milyard dollar artması hesabına ölkəmizin maliyyə dayaqları bir qədər də möhkəmlənə bildi: “Bu gün Azərbaycan xarici borcların səviyyəsinə görə dünyada və MDB məkanında lider dövlətlər sırasındadır. Lakin buna baxmayaraq, ötən il ölkə prezidentinin bu məsələ üzrə müəyyən etdiyi strategiyaya uyğun olaraq xarici borclarımızın Ümumi Daxili Məhsuldakı xüsusi çəkisi 4 faizə qədər azalaraq, 22,8 faizdən 19 faizə endirildi. Bu gün Azərbaycanın xarici borcu onun valyuta ehtiyatlarından 4,3 dəfəyə qədər çoxdur. Keçən il ixracımız 36% artaraq onun ümumi həcmi 19 milyard dollara çatıb.  Bunun hesabına xarici ticarət balansımızda  8,6 milyard dollar müsbət saldo yaranıb. Ölkə iqtisadiyyatının dinamik inkişafı və yola saldığımız ildə edilmiş böyük yatırımlar nəticəsində Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoya bildi. Belə bir durumda büdcə göstəricilərinin də pozitiv olması tam məntiqidir”. 

F.Yusifovun sözlərinə görə, ötən il icmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığının əmələ gəlməsi və nəticə etibarilə icmal büdcənin profisitinin Ümumi Daxili Məhsulun 6 faizinə qədər bir səviyyəyə çatması bütövlükdə büdcə sistemində pozitiv bir durumun bərqərar olmasından xəbər verir: “2018-ci ilin dövlət büdcəsinin kəsirinin  951 milyon manat proqnoza qarşı faktiki olaraq 644 milyon manat icra olunması da ilk növbədə büdcənin gəlirlərləri üzrə proqnozlara artıq əməl edilməsi nəticəsində mümkün ola bilmişdi. Bütün bunlar iqtisadiyyatda baş verən pozitiv  proseslərlə yanaşı eyni zamanda vergi və gömrük sistemində aparılan islahatların nəticəsində mümkün olmuşdu. Belə ki, ötən il gömrük sistemində aparılan şəffaflaşma tədbirləri nəticəsində bu sistemdə rüşvət və korrupsiya rıçaqları vasitəsilə yayındırılan 1 milyarda qədər vəsaiti büdcəyə cəlb etmək mümkün ola bildi”.