|
Rusdillilərin sayı artır: ana dilini qorumaq üçün təkliflər

Azərbaycanda rus dilində danışan ailələrlə bağlı tez-tez iradlar səsləndirilir,  ana dilimizi qorumaq məsələsi gündəmə gətirilir. Müxtəlif ziyalılar  da narahatlıqla bildirirlər ki, xalqın var olması üçün ilk növbədə onun ana dilinin yaşaması lazımdır.

Məsələni bu dəfə xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı gündəmə gətirib. Belə ki, o, “İstanbuldan Bakıya uçan rus təyyarəsi” başlıqlı yazısında azərbaycanlıların öz ana dilinə sayğısızlığından narahatlığını bildirib. Rüstəmxanlı qeyd edib: “Təyyarə meydanında öz aralarında azərbaycanca, daha doğrusu, türkcə, hətta İstanbul ağzı ilə danışanlar Bakı təyyarəsinə minən kimi başladılar rusca danışmağa”.

Yazının növbəti hissələrində Sabir Rüstəmxanlı aşağıdakıları yazıb: "Xarici dilləri öyrənmək vacibdir, lakin bu, ana dilini bilməmək, ana dilində oxumamaq, ana dilindən imtina səviyyəsindədirsə, mənə görə, bu, dövləti cinayətdir. Uşaqlara baxıram. İlahi, bu qədər gözəl övladlarımızı niyə bizdən qoparır, niyə bizə yad edirlər?! Onsuz da Azərbaycanda qəsdən uşaq artımının qarşısı alınır, olanların da bir hissəsi Azərbaycan ruhundan qoparılırsa, bizim axırımız nə olacaq? Valideynlərin çoxu iradəsiz və şərait əsiridir. Bunu anladıq, ancaq bu durumun əsas səbəbkarı onlar deyil. Dövlət üçün, millət üçün belə aşağılayıcı və təhqiramız durumun əsas səbəbkarı rus məktəblərinin sayını ildən-ilə artıran və bununla qürur duyan Azərbaycan hökuməti və onun təhsil siyasətidir".

Etibar Əliyev ile ilgili görsel sonucu

Təhsil eksperti Etibar Əliyev sosial şəbəkə vasitəsilə Sabir Rüstəmxanlıya cavab verib. E. Əliyev bildirib ki, rus məktəblərinin sayı ildən-ilə artmır: “Valideynlər uşaqlarına fərdi şəkildə də rus dilini öyrədirlər. Şəhərdə artan rus dili kurslarına diqqət edin.  Böyüklər də rus dilini öyrənməyə meyl edirlər. Uşaqlar və böyüklər rus dilində geniş çeşidli, yaxşı tərcümə olunmuş ədəbiyyatları daha çox oxuyurlar. Rus dilində uşaqlar üçün ”fantastika", “macəra”, “fentezi” janrında yazılmış və tərcümə olunmuş əsərlərin sayı minlərlədir. Bizdə isə onları barmaqla saymaq olar. Təbiət elmlərində də vəziyyət belədir. Orta məktəblərin birində (23 saylı məktəbdə) “Oxu mədəniyyəti” ilə bağlı tədbirdə uşaqların əlində yalnız Çingiz Abdullayevin kitabını gördüm. Yazıçılar İttifaqının katibi kitablarını rusca yazır. Sizlər isə onu təbliğ edirsiniz".

Ötən il Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məsələyə toxunmuşdu. Ə.Həsənov bildirmişdi ki, hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür: “Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir. Hər bir məmur xarici dili bilmirsə, əlbəttə, bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnalistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir”.

Əli Həsənov ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, ölkədə ana dilinin qorunması istiqamətində rəsmi qərarlar da verilib. Belə ki, ölkə prezidentinin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün sərəncamı var.  Bu sərəncama əsasən monitorinq mərkəzi yaradılması nəzərdə tutuldu.

“Yeni Müsavat”a danışan  Dil komissiyasının üzvü Muxtar İmanov bildirib ki, məsələ ilə bağlı yaradılan monitorinq qrupu işlər aparıb və hesabat xarakterli material  dərc edib: “Xarici dili bilənlərin sayının artması Azərbaycan dili üçün təhlükə yaratmır. Əsas məsələ Azərbaycan dilinin özünün normal tədrisi, yaxşı öyrənilməsidir. Müstəqil bir dövlətdə yaşayan Azərbaycan ziyalısı ilk növbədə öz dilini gözəl bilməlidir. Tərcümə ədəbiyyatında, filmlərdə, jurnal və qəzetlərdə Azərbaycan dilinin qayda-qanunlarını gözləmirik. Söhbətin də məğzi elə buradadır. Yəni ilk növbədə ziyalı öz dilini gözəl bilməli, digər dilləri bilməsi isə buna mane olmalı deyil. Ana dili ilə bağlı apardığımız işlərin də əsasını bu təşkil edir. Bu gün əsasən də seriallarda vəziyyət bərbaddır. Xarici dildən ana dilimizə tərcümə olunan fikirlər, cümlələr normalara uyğun gəlmir. Daha çox hərfi tərcümələrdən istifadə olunur ki, bu da yanlışdır. Eyni zamanda yersiz olaraq xarici sözlərin istifadəsi hallarına da rast gəlirik.  Bu, artıq qüsurdur və xəbər verir ki, Azərbaycan dili digər dillərin təsiri altında gözəlliyini itirir. Bu problemlər aradan qaldırılmalıdır. Dillə bağlı mübahisələrdə səbirli olub, sağlam təklifləri dəyərləndirməliyik”.

Muxtar İmanov ile ilgili görsel sonucu

İmanov bildirib ki, monitorinq mərkəzi əsasən qüsurlara nəzarət edəcək: “Əgər hansısa reklam və ya digər ictimaiyyətin diqqətinə çatdırılan mətn hazırlanırsa, bunu hazırlayan qurum, şirkət məsuliyyət daşıyır. Onlar düşünməlidir ki, həmin mətn, nitq Azərbaycan dilinin qayda-qanununa uyğun olsun. Monitorinq qrupu artıq ayrı-ayrı radioları, televiziya ekranlarını izləyib və ortaya çıxan nitq pozuntularını qeyd ediblər. Bu, bizim öz qüsurumuzu özümüzə göstərən güzgüdür. Bizim reklam sahəsində böyük qüsurlarımız var. Reklamlarda dil qaydaları pozulur. Eləcə də hotellər və digər bu kimi ictimai-iaşə obyektlərinin adlarının yazılmasında qüsurlar qeydə alınır”.

“Yeni Müsavat”