|
Bu il dünya neft bazarına diktə edəcək amillər

Yeni ilin ilk günlərində dünya neft bazarında ciddi dəyişikliklər qeydə alınmasa da, bu məhsulun dəyəri ilə bağlı gözləntilər çoxalmaqdadır. İstehsalçı ölkələr qiymətlərin artmasını şərtləndirən amilləri izləyirsə, istehlakçı ölkələr tamam fərqli amillərə diqqət yetirirlər. Bu il dünya neft bazarında qiymətlərə hansı amillər təsir edəcək? Bazardakı prosesləri nələr diktə edəcək?

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun fikrincə, bu sahədə əvvəlki illərlə müqayisədə 2019-cu il üçün proqnoz vermək daha da çətinləşib: “Çünki tələb və təklif arasında balansla bağlı xeyli qeyri-müəyyənliklər var. Belə ki, bu il Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tətbiqi nəzərdə tutulan dəniz yanacağının tənzimlənməsinə dair normativ tələblər, OPEK və ora daxil olmayan 10 neft istehsalçısının ötən ayın əvvəlində hasilatın azalması ilə bağlı qərarı, ABŞ-ın İran neftinin istehlakçıları üçün sanksiyalarına necə əməl olunacağı ilə yanaşı, Venesuelada hasilatın enməsi, eləcə də Liviyanın hasilat səviyyəsini saxlamaq qabliyyətinin davam etməsinə qədər çoxsaylı amillər neftin dünya bazar qiymətinin müəyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq.

Qubad İbadoğlu ile ilgili görsel sonucu

Əslində hesablamalar göstərir ki, istehlakçılar üçün qiymətlərin 85 dollardan yuxarı, istehsalçılar üçün isə 55 dollardan aşağı olması məqbul deyil. Lakin hazırda dünya neft bazarında hər barelin qiyməti 55 dollardan ucuzdur. Bu o deməkdir ki, indiki qiymət istehsalçılar, o cümlədən Azərbaycan üçün sərfəli deyil. Əgər yuxarıda sadaladığımız səbəblərdən qiymət daha da ucuzlaşarsa, onda 2019-cu ildən gözləntilər özünü doğrultmaya bilər. Nəzərə almaq lazımdır ki, gəlirlərin formalaşması yalnız qiymətdən deyil, miqdardan da asılıdır. Rəsmi proqnozlara görə, bu il Azərbaycanda neft hasilatı əvvəlki illə müqayisədə azalacaq".

İlham Şaban ile ilgili görsel sonucu

Neft sahəsi üzrə mütəxəssis, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, dünya neft bazarına əsas təsir edəcək amil OPEK-in aylıq hesabatları olacaq: “OPEK-in ilk aylıq hesabatı fevralın ilk ongünlüyünün sonlarında açıqlanacaq. Bu hesabatda Monitorinq Komitəsinin dekabr ayında qəbul edilmiş hasilatın 1,2 milyon barel azaldılmasına dair qərara əməl olunma vəziyyəti əksini tapacaq. Bildiyiniz kimi, OPEK hasilatı 800 min barel, OPEK+ ölkələri isə 397 min barel azaltmalıdılar. OPEK-in hesabatından az sonra isə ABŞ-da yerləşən Beynəlxalq Enerji Agentliyinin onu təsdiqləyən məlumatları açıqlanacaq. Bu açıqlamalar bazara çox ciddi təsir göstərəcək. Əgər açıqlanan məlumatlar OPEK və OPEK+ qərarına əməl olunduğunu göstərəcəksə və bazar buna pozitiv reaksiya verəcəksə, biz qiymətlərin 65 dollaradək yüksəlməsini müşahidə edəcəyik. Yox, əgər OPEK-in açıqladığı hesabatlada hasilatın azalma tempinin aşağı olduğunu göstərəcəksə, yaxud ölkələr üzrə açıqlanan rəqəmlərlə OPEK hesabatı arasında uyğunsuzluq qeydə alınarsa və ya Beynəlxalq Enerji Agentliyinin məlumatlarında hansısa şübhələr olarsa, bazar buna adekvat reaksiyanı verəcək. Bu, OPEK qərarının bazardakı izafi həcmlərin qarşısını almaq üçün yetərli olmadığını üzə çıxaracaq”.

Ekspert bildirir ki, bu il dünya neft bazarındakı qiymətlərə təsir edəcək ikinci amil ABŞ-Çin ticarət savaşından yaranan təsirlərdir: “Bu münaqişə hələ tam aradan qaldırılmayıb. Üstəlik, onun mənfi təsirləri dünya iqtisadiyyatındakı artım templərini zəiflədib. Bu isə dünyada neftə olan tələbatı azaldır. Çinlə ABŞ ticari münasibətlərindəki gərginlik Yaponiya, Koreya, Sinqapur, Tayvan, Hindistan kimi ölkələrə də ciddi mənfi təsirlərini göstərməkdədir. İl yeni başlayıb, artıq bazara neqativ məlumatlar daxil olur. Məsələn, Apple şirkəti bəyan edib ki, 2019-cu ildə satışdan gəlirləri azalacaq. Bunun da əsas səbəbi Çində satış həcminin azalması olacaq. Beləcə, iki nəhəng iqtisadiyyatın toqquşması dünya enerji bazarına da təsir göstərməkdədir”.

Enerjiyə tələbatın ötən ilkinə nisbətən azalmasına gətirən ikinci amil iqlimlə bağlıdır: “Ötən ilin bu vaxtlarında Avropa və Mərkəzi Asiyada kəskin soyuqlar müşahidə olundu ki, bu da enerjiyə tələbatı artıran amillərdən biridir. Bu il hələ ki belə havalar müşahidə edilmir, qış mülayim keçir. Bu da enerjiyə olan tələbatın keçən ilkindən az olmasına gətirib çıxarır. Ötən il qiymətlərə artırıcı təsir göstərən böyük siyasi faktor vardı - İran faktoru. Bu il hələ ki bazara böyük təsiri ola biləcək belə faktor gözlənilmir. Əksinə, ABŞ Suriyadan, Əfqanıstandan öz qoşunlarını çıxardacağını elan edir, dünyada daha isti münasibətlər ab-havası yaranır. Bu da bazara pozitiv təsir göstərən amillərdən biridir. Bundan əlavə, Liviya ötən ilin sonlarından hasilatı artırmağa başlayıb. Venesueladakı azalmanı bu artım kompensasiya edir. Bütün bunlar o deməkdir ki, ötən ili Brent 71 dollarlıq orta qiymətlə başa vurubsa, bu il qiymət daha aşağı olacaq”.

İ.Şabanın fikrincə, dünya bazarındakı indiki qiymətlər kiçik dəyişikliklərlə fevralın ilk ongünlüyünədək - OPEK hesabatı açıqlananadək davam edəcək.