ABŞ-ın Ohayo ştatının sakini ömründə ilk dəfə lotereya oynayıb və böyük mükafatı qazanıb.
Bu barədə “UPI” saytı məlumat verib. Amanda Koks anasından yeni il hədiyyəsi olaraq lotereya alıb. Qadın bayramı gözləmədən qoruyucu qatı təmizləyib və 20 min dollar qazandığını görüb. Bu hadisəyə qədər Koks heç bir dəfə də olsun, lotereya bileti almamışdı və ümumiyyətlə, lotereya oynamamışdı. O, bu vəsaiti təhsili üçün xərcləməyi planlaşdırır. Bundan başqa, qadın istisna etmir ki, bu pulun bir hissəsini də yeni maşın almaq üçün sərf edəcək.
2016-cı ildə xəbər verilib ki, Amerikanın Minnesota ştatı sakini bir il öncə 1 milyon dollar, həmin il isə 874 min dollar udub.
