Prezidentin bir neçə gün əvvəl imzaladığı fərmanla Azərbaycanda “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.
Prezidentin həmin fərmanı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ləğv olunur, onun bütün əmlakı yeni yaradılan qurumun balansına verilir.
Sənədə əsasən yeni ASC dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsdir.
Xatırladaq ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC prezidentin 2016-cı ilin aprelində imzaladığı fərmanla yaradılmışdı. Məqsəd dövlət qurumlarının ərzaq tələbatının mərkəzləşmiş qaydada yerli məhsullar hesabına təmin olunması idi. ASC-dən verilən məlumatlarda qurumun bazarda dövlət ehtiyat ərzaq fondları yaradacağı qeyd olunurdu. Belə fondların süni qiymət artımının qarşısını almağa imkan verəcəyi nəzərdə tutulurdu. Yəni əgər süni qiymət artımı baş verərsə, ASC buna reaksiya verərək bazara məhsul intervensiyası edilməsi yolu ilə süni qiymət artımının qarşısını almalı idi. Lakin ötən müddət ərzində qurum tərəfindən bazara belə bir intervensiyanın edilməsinə dair məlumat yoxdur. Amma əldə etdiyimiz məlumata görə, ASC mütəxəssisləri tərəfindən bazara intervensiya mexanizmini müəyyənləşdirən qaydalar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Həmin qaydalarda hansı hallarda, hansı qiymətlər şəraitində bazara intervensiyanın edilməsi mexanizmləri əksini tapacaq. NK-nın yaxın vaxtlarda qaydaları təsdiqləyəcəyi gözlənilir.
Qeyd edək ki, əksər ölkələrdə əsas tələbat mallarının qiyməti həssaslığına görə dövlət tərəfindən daim diqqətdə saxlanılır. Avropa ölkələrinin bir çoxunun qanunvericiliyində dövlətin əhalini bahalaşmalardan qoruyan tədbirlər nəzərdə tutulur. Belə tədbirlər əksər MDB ölkələrində də var. Məsələn, Rusiya və Qazaxıstanda pərakəndə ticarət fəaliyyətini tənzimləyən qanunlarda 1 ay ərzində sosial əhəmiyyətli məhsulların qiymətində artım 25-30 faizi keçdikdə dövlətə həmin məhsul üzrə 90 günlük qiymət maksimumu müəyyənləşdirmək səlahiyyəti nəzərdə tutulur.
Belarus qanunvericiliyində dövlətin bazara 2 cür müdaxiləsi nəzərdə tutulur: alış və satış. Alış o zaman həyata keçirilir ki, hansısa məhsulun bazar qiyməti yerli istehsalçıların xərclərini qarşılayacaq səviyyədən aşağı düşsün. Bu zaman Belarus Nazirlər Şurası həmin məhsulun tələbdən artıq hissəsini alaraq yerli istehsalçıları qoruyur. Satış intervensiyası isə 2 halda həyata keçirilir: hər hansı əsas tələbat malının qıtlığı yarandıqda, ikincisi isə hansısa məhsulun qiymətində kəskin bahalaşma olduqda.
Dövlət adından çıxış edən qurumun bazara intervensiyası qonşu Türkiyədə də geniş tətbiq olunur. Məsələn, 2017-ci ildə Türkiyədə böyük həcmdə fındıq istehsalına nail olunmuşdu. Həm bolluq, həm də dünya bazarında qiymətin aşağı olması səbəbindən istehsalçıların zərərlə üzləşməsi təhlükəsi yaranmışdı. Onda Türkiyə hökuməti məhsulu orta qiymətlə istehsalçılardan alaraq, onların zərərə düşməsinin qarşısını aldı. Son illərin təcrübəsi göstərir ki, Azərbaycanda da belə praktikanın tətbiq olunmasına ciddi ehtiyac var. Bu il sarımsaq və kartof istehsalçılarının üzləşdiyi vəziyyət hamıya məlumdur. Həmin məhsulların idxalının əlavə rüsuma cəlb olunması kartof istehsalçıları üçün əlverişli şərait yaratsa da, sarımsaq istehsalçılarının vəziyyətində ciddi dəyişikliyə səbəb olmadı. Bu baxımdan, yeni yaradılan “Aqrar tədarük və təchizat” ASC-nin fəaliyyəti maraq doğurur. Qurumun KTN-in tabeliyində fəaliyyət göstərməsi hansı məhsul üzrə intervensiyanın həyata keçirilməsi ilə bağlı vaxtında və operativ qərarların qəbuluna imkan verəcək.
Kənd təsərrüfatı naziri İnam Kərimov yeni ASC-nin yaradılmasını qısa da olsa şərh edib. Bildirib ki, bu ASC-nin yaradılması ölkə prezidentinin yürütdüyü aqrar siyasətin tərkib hissəsidir və ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdıracaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemliliyini təmin edəcək: “Cənab prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə əsaslanacağıq:
a) aşağı qiymət və dövlət vəsaitinə qənaət etmək;
b) keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat;
c) ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək;
d) çevik və şəffaf idarəetmənin təşkili.
Məqsədlərimizə nail olmaq üçün aqrar tədarük və təchizat sahəsində müasir texnologiyalardan istifadə edəcəyik. Eyni zamanda yaradılmaqda olan elektron kənd təsərrüfatı informasiya sisteminin imkanlarından yararlanacağıq".
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinin icrası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyevə tapşırılıb.
Bu barədə “Trend”ə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov açıqlama verib.
