Dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Yerli vaxtla saat 08:00-də ölkə üzrə 2010 seçki məntəqəsi açılıb. Səsvermə 20:00-dək davam edib. Seçkiləri 70 yerli və 32 xarici KİV, həmçinin 8 beynəlxalq və 22 yerli təşkilatlardan müşahidəçilər izləyib.
Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Seçkilərdə 11 siyasi qüvvə iştirak edib: “Mənim addımım” və “Biz” blokları, “Milli proqres”, “Çiçəklənən Ermənistan”, “İşıqlı Ermənistan”, “Ermənistan İnqilabçı Federasiyası”, “Ermənistan Respublikaçı Partiyası”, “Sasna Tzrer”, “Vətəndaş qərarı”, “Sosial Demokrat”, “Xristian-Milli Dirçəliş” və “Orinat Yerkir” partiyaları. Parlamentə düşmək üçün partiyalar 5, bloklar isə 7% toplamalı idilər.
Dünən gün ərzində seçkilərlə bağlı bir sıra məlumatlar yayılıb. Seçkilərdə bir sıra qanun pozuntuları qeydə alınıb.
“Report” xarici mətbuata istinadən xəbər verib ki, Loriysk vilayətinin 22/26 seçki məntəqəsində Nikol Paşinyanın rəhbəri olduğu blokun bülletenləri gətirilməyib. Buna görə də seçki məntəqəsində səsvermə dayandırılıb. Bildirilir ki, növbədənkənar parlament seçkilərində səsvermə zamanı pozuntuların olması barədə yeni xəbərdarlıq siqnalları gəlməyə başlayıb.
Məlum olub ki, Razdanda, 26/14 seçki məntəqəsində müşahidə kameraları işləmir. 13/2 seçki məntəqəsində isə yaxasında bəcik olan naməlum şəxs səsvermə otağına yaşlı adamla daxil olub.
Növbədənkənar seçkilərdə seçici fəallığının kəskin azlığı da diqqət çəkib. Belə ki, saat 11:00-a olan nəticələrə əsasən seçkilərdə 201 min 250 nəfər seçici iştirak edib. Bu da seçicilərin 7.76%-ni təşkil edib. 2017-ci il 2 aprel parlament seçkisi zamanı 11:00-a olan seçici fəallığının 13,32% olduğunu xatırladan media isə əhalinin həddən artıq passivliyini qabardıb. Halbuki “aprel inqilabı”ndan sonra əhalinin seçkiyə inamının artdığı və seçkidə daha aktiv iştirak edəcəyi proqnozlaşdırılırsa da, seçkiyə inananların sayında kəskin azalma müşahidə edilib.
Ermənistanın baş naziri səlahiyyətlərini yerinə yetirən, seçkidə “Mənim addımım” bloku ilə iştirak edən Nikol Paşinyan sosial şəbəkə hesabından buna reaksiya verməyə məcbur olub. “Saat 11:00-a əsasən, seçici fəallığı əvvəlki seçkilərə görə çox aşağıdır. Bunun da izahı var: əvvəllər ”Qazel" və avtobuslar seçiciləri məntəqələrə gətirmək üçün resylərini dəyişirdilər, amma indi belə bir şey yoxdur", - Paşinyan qeyd edib.
Paşinyan xalqın demokratik prosesdə fəallığı, kütləvi şəkildə onu dəstəkləməsi haqda yaratmaq istədiyi rəyin dağılmasından narahatlığını isə belə ifadə edib: “Ümid edirəm ki, seçicilər, nəhayət ki, ayılacaq, qəhvələrini içdikdən sonra öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün seçki məntəqələrinə yollanacaqlar. Bəzi vilayətlərdə çiskinli hava olmasına baxmayaraq, ümid edirəm ki, siz evdə oturmayacaqsınız. Mütləq gəlib səs verin və öz hökumətinizi formalaşdırın, onsuz da indi hakimiyyət xalqa məxsusdur”.
Saat 14:00-a olan nəticələrə görə isə seçici fəallığı 24.53 faizə bərabər olub. Paytaxt İrəvanda bu göstərici 23.53 faiz, ikinci böyük şəhər sayılan Gümrüdə 18.22 faiz, Vanadzorda isə 24.21 faizə bərabər olub.
“İşıqlı Ermənistan” Partiyasının nümayəndələri seçkilərin gedişi ilə bağlı bir sıra narahatlıq doğuran xəbərlər alıblar. Həmin informasiyalar operativ şəkildə polisə çatdırılıb". Axar.az xəbər verir ki, bu sözləri partiyanın rəhbəri Edmon Marukyan deyib.
“Şikayətlər var. Bizə müxtəlif bölgələrdən müxtəlif fikirlər gəlir. Biz hazırda velosiped ixtira etmirik. Bizim etibarlı simalarımız var, biz bir-birimizə və digər iki partiyaya güvənirik”, - Marukyan bildirib.
Ermənistanın sabiq prezidenti Serj Sərkisyan vəzifədən getdikdən sonra ilk dəfə ictimaiyyət içinə çıxıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Sərkisyan ölkəsində keçirilən növbədənkənar parlament seçkilərinə qatılaraq səsvermə hüququndan istifadə edib. Jurnalistlər seçki ilə bağlı ondan münasibət öyrənməyə çalışsalar da, Sərkisyan “mən sizə müsahibə verməyəcəyəm” deyərək seçki məntəqəsini tərk edib. Eks-prezident öncəki seçkilərdən fərqli olaraq, bu dəfə səsverməyə xanımı ilə deyil, tək gəlib.
*****
Ermənistandakı bu seçkilərdən ekspertlərin gözləntiləri müxtəliflik təşkil edib. Seçkilərin Rusiya və Qərb üçün ciddi önəm daşıdığı əvvəlcədən məlum idi. Region və xüsusilə Azərbaycan üçün düşmən ölkədəki seçki nəticələrinin mühüm əhəmiyyət kəsb edib-etməməsi yönündə fikirlər müxtəlifdir.
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, “GALLUP” beynəlxalq sorğu araşdırmaları mərkəzinin məlumatlarına görə, Paşinyanın “Mənim addımım” bloku 69,4 faiz, Respublikaçılar Partiyası 1,3 faiz, Daşnaksütyun isə 1,2 faiz səs toplaya bilər: “Ermənistan Respublikaçılar Partiyası seçkiqabağı bəyanat yayıb. Lakin keçmişdə səhv buraxıldığını etiraf edən bu sənəd daha çox seçicilərlə vidalaşmaya bənzəyir. Hər kəs Paşinyanın qalib olacağını bilir, o cümlədən də onun rəqibləri. Təbii ki, Paşinyanın hakimiyyətə gəlməsi Rusiya və İran üçün yaxşı heç nə vəd etmir. Doğrudur, Fransa son dövrlərdə Ermənistan üzərində nüfuzundan istifadə edərək Avropa Birliyinin nümayəndəsi qismində ABŞ-ın Ermənistandan istifadə etməklə şimaldan İrana qarşı hər hansı tədbirinin qarşısını almaq üçün Paşinyanla yaxınlaşıb. İndiki İran Fransanın dəstəyilə Xomeyninin qurduğu, 1979-cu ildə ABŞ və İsraili buradan çıxarıb Avropa Birliyinin nüfuz dairəsinə çevirdiyi nəhəng geosiyasi bir məkandır. Onun parçalanması, ABŞ və İsrailin onu zəiflətməsi Fransa və Almaniyanın liderliyində Avropa Birliyini qane etmir. Ona görə də, ABŞ Ermənistanda çevriliş edib Paşinyanı hakimiyyətə gətirən kimi Avropa Birliyi, xüsusilə Fransa hərəkətə keçdi və ABŞ-ın Ermənistan ərazisindən İrana qarşı istifadəsinin qarşısını almağa çalışdı. Bu gün Fransada baş verənlər Makronun vahid Avropa ideyası ilə yanaşı, həm də Gürcüstan və Ermənistanda Rusiya ilə birləşib ABŞ-a qarşı çıxmasına bir cavabdır. Paşinyanın hakimiyyətə gəlməsi ilk növbədə Ermənistanın müxtəlif güc dairələri uğrunda bölünməsinə səbəb olacaq.
Əvvəllər bu, yalnız Rusiya və onun icazə verdiyi dərəcədə İran idisə, indi isə bu Avropa Birliyi və ABŞ-dır. ABŞ Ermənistanda Rusiya, Avropa Birliyi və İranın birgə ittifaqının təsirinə qarşı mübarizə aparmalı olacaq. Paşinyanın hakimiyyətə gəlib ölkəsinin qapılarını Rusiyaya bağlayıb, ABŞ-a və Avropa Birliyinə açması təkcə Ermənistanda deyil, bütün Cənubi Qafqazda güc tarazlığını dəyişməkdədir. Rusiya hegemon mövqeyini itirib ABŞ-a qarşı Avropa Birliyi ilə birləşmək məcburiyyətindədir. Biz bunu təkcə Ermənistanda deyil, Gürcüstanda da müşahidə edirik. Artıq Gürcüstanın Fransadan raketdənmüdafiə sistemləri alması barədə məlumatlar yayılıb. Fransa Gürcüstana ilk olaraq bu sistemləri 2015-ci ildə satıb, adıçəkilən silahların ilk partiyası da ölkəyə düz 1 il əvvəl gətirilib. Bu, Fransanın Gürcüstandakı prezident seçkilərində fəallığını şərtləndirən amillərdən biridir. Eynilə, Azərbaycana və Ermənistana da Parisin müəyyən silahlar satmaq istəməsi istisna olunmur. Artıq Cənubi Qafqaz silah bazarı uğrunda ABŞ, Rusiya və Fransa arasında mübarizə başlayıb və Paşinyanın hakimiyyətə gəlməsi Rusiyanın buradan sıxışdırılıb, əvəzində ABŞ və Fransanın silah satıcısı kimi rolunu artıra bilər. Heç təsadüfi deyil ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton region ölkələrinə ABŞ-ın silah sata biləcəyini vurğulamışdı.
Fransaya məxsus MBDA Systems-in Azərbaycana ASTER 30, SAMP/T və VL MİKA hava hücumndan müdafiə sistemləri satmaq istədiyi barədə məlumatlar var. Bunlar göstərir ki, Paşinyanın hakimiyyətə gəlməsi bölgədə, xüsusilə Qarabağ münaqişəsində sülhə kömək etməyəcək, əksinə, Ermənistan silahlanmanı davam etdirəcək, regionda yeni geosiyasi iddiaları olan qüvvələr köhnə oyunçularla nüfuz savaşı aparacaqlar, Ermənistan Azərbaycandan savayı Rusiya və İran üçün də təhlükə mənbəyinə çevriləcək. Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanla Qarabağdakı separatçı rejim arasında artıq seçkilərdən xeyli əvvəl başlamış ziddiyyətləri dərinləşdirib, ABŞ-ın nəzarətində olan İrəvanla Rusiyadakı bəzi dairələrin nəzarətində olan Xankəndi rejimi arasında qarşıdurmanı artıracaq. Bundan başqa, İranın Ermənistandan istifadə etməklə, öz təbii qaz resurslarını Qara dəniz vasitəsilə Avropaya çıxarmaq planları elə Qara dənizin sularına qərq olacaq. Üstəlik, Qara və Azov dənizlərində Rusiya və Ukrayna arasında gedən mübarizə və NATO gəmilərinin Qara dənizdə görünməsi nəzərə alınarsa, bu plan artıq iflasa uğramış sayıla bilər. Paşinyan Ermənistanı Köçəryan və Sərkisyan Ermənistanından iqtisadi inkişaf və demokratiya göstəricilərinə görə fərqlənməyəcək. Sadəcə, ölkə bir qüvvələrin nəzarətindən başqa qüvvələrin nəzarətinə keçəcək və daxili siyasi qarşıdurma, hakimiyyətdən uzaqlaşdırılmış qüvvələrin revanş planları, Paşinyan hakimiyyətinə qarşı təxribat-pozuculuq, hətta gələcəkdə silahlı qiyam baş verə bilər. Ermənistan bu seçkilərlə sonsuz, ucu bucağı görünməyən qarşıdurma mərhələsinə qədəm qoyur. Hətta Paşinyanın dediyi kimi avtoritarizmdən demokratiyaya keçid olsa belə, Ermənistanın buna kifayət qədər resursu çatmayacaq”.
Politoloq onu da qeyd etdi ki, müstəqil olmayan ölkə heç zaman həqiqi demokratik ola bilməz: “Problem Paşinyan, yaxud başqa bir siyasətçidə olmaqdan daha çox, Ermənistanın potensialı ilə iddialarının uyğun olmamasındadır. Paşinyan yox, hətta demokratiyanın baniləri də hakimiyyətə gəlsə, vəziyyət çətin ki, düzələ. Çünki problem Ermənistan cəmiyyətində, onun işğalçı təfəkküründə, həqiqi demokratiyaya hazır olmamaqda, orta əsr düşüncəsində ilişib-qalmaqdadır. Demokratiya qurmaq potensialı olmayan ölkədə demokratiya vədləri isə boş və mənasız vaxt itkisindən başqa bir şey deyil”.
Qəzet çapa gedərkən səsvermənin ilkin nəticələri məlum deyildi. “Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinin elanına gecə yarısından etibarən başlanılacaq”. Bu barədə Ermənistan MSK-nın İnformasiya Texnologiyaları İdarəsinin rəhbəri Yelena Ayvazyan bildirib.
