|
Oqtay Əsədov: “Onlar baxırlar ki, Naxçıvandan İrəvana cəmi 60 kilometrdir, ona görə də narahat olurlar”

“Rusiya-Azərbaycan münasibətləri son 30 ildə indiki kimi bu qədər yaxşı olmayıb. Eyni zamanda Rusiya-Ermənistan münasibətləri indiki qədər pis olmayıb”.

Bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında söylədi. O, dedi ki, İlham Əliyevlə Putinin münasibətləri yaxşılaşdıdıqca, Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin mövqeyinə zərbə dəyir.

Z.Oruc spiker O.Əsədovun Rusiya Dövlət Dumasına ünvanladığı məktubun həm də deputatların mövqeyini ifadə etdiyini bildirdi: “Biz sizin mövqeyinizi müdafiə edirik”.

Deputat Sahib Alıyev dedi ki, Zatulin və onun yandaşları Ermənistandakı azərbaycanlıların 30 il əvvəl deportasiya olunmasını bayram etmək üçün İrəvana getmişdilər.

Deputat İsa Həbibbəyli də Zatulinin ermənipərəst mövqedən çıxış etdiyini dedi. Ermənilərin və onları dəstəkləyən qüvvələrin Naxçıvana qarşı iddialarına toxunan deputat bildirdi ki, Qars müqaviləsi beynəlxalq müqavilədir və 5 dövlət imzalayıb: “Beynəlxalq müqavilənin şərtlərindən biri budur ki, tərəflərdən birinin iddiası əsasında müqavilə ləğv oluna bilməz”.

Deputat Musa Qasımlı bildirdi ki, bir zamanlar Stalin 1921-ci il Moskva və Qars müqavilələrini ləğv edə bilmədi: "Əgər Stalin kimi diktator, SSRİ kimi dövlətin rəhbəri bu müqavilələri ləğv edə bilmədisə, onda Zatulin kimilərin məqsədi nədir? Bunlar elə rəy yaratmaq istəyirlər ki, sanki Dağlıq Qarabağ məsələsi həll olunub, növbədə Naxçıvandır. İkinci tərəfdən məqsəd Rusiya-Azərbaycan münasibətlərini pozmaqdır".

M.Qasımlı dedi ki, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü Moskva, ya da Bakıda keçirilsə, faydalı olar.

Spiker Oqtay Əsədov dedi ki, Ermənistandakı Naxçıvanla bağlı iddialara çox fikir verməyin: “Onlar baxırlar ki, Naxçıvandan İrəvana cəmi 60 km-dir, ona görə də narahat olurlar”.