|
Deputatdan Gürcüstanda və Rusiyada yaşayan soydaşlarımızla bağlı mühüm təklif...

Milli Məclisin 30 noyabrda keçirilən plenar iclasında deputat, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov xaricdə, xüsusilə də Gürcüstan və Rusiyada yaşayan soydaşlarımızı narahat edən problemə diqqət çəkdi.

“Qanun layihəsinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduqları yer üzrə qeydiyyata alınmaları üçün müddət 10 gündən 15 günə artırılıb. Bunu müsbət qiymətləndirəm” - deyən Ə.Amaşov ardınca diqqəti mühüm bir məqama yönəltdi: “İl ərzində Azərbaycana gələn xarici ölkə vətəndaşlarının kifayət qədəri Gürcüstanda yaşayan azərbaycanlılardır. Qonşu dövlətdə yaşayan 300 minə yaxın soydaşımız, mən deyərdim ki, hər birimizin ailəsi və Azərbaycanla sıx surətdə bağlıdır. Onların tam əksəriyyəti Azərbaycanda bu və ya digər formada daşınmaz əmlaka malikdir. Elə ailələr var ki, ər bir dövlətin, onun həyat yoldaşı isə başqa bir dövlətin vətəndaşıdır. Bəzi hallarda onların uşaqları da çətin vəziyyətlə üz-üzə qalırlar”.

Bütün bunları nəzərə alan Ə.Amaşov konkret təkliflə çıxış etdi: “Təklif edirəm ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız, əsasən də Gürcüstanda yaşayanlar üçün nəzərdə tutulan müddət daha çox olsun. Çünki bir də görürsən ki, iki yaşlı valideyn paylı-pürüşlü öz övladlarına, doğmalarına baş çəkməyə gəlir, bir gün gecikəndə 400 manata qədər cərimə ödəməli olurlar”. 

Ə.Amaşov dedi ki, buna bənzər digər problemlərlə eyni zamanda başqa ölkələrdə, əsasən də Rusiya Federasiyasında vətəndaşlıq alan soydaşlarımız da qarşılaşırlar: “Düşünürəm ki, belə problemləri operativ və daha münasib formada həll etmək üçün ayrıca qanuna – “Soydaş haqqında qanun”un qəbuluna ehtiyac var. Axı, biz Azərbaycan Respublikasını dünyaya səpələnmiş bütün azərbaycanlıların Vətəni hesab edirik”.