|
Türkiyənin dənizdə neft-qaz axtarışı - Azərbaycandan kömək istənilsə...

Türkiyə Aralıq dənizində neft-qaz ehtiyatlarının axtarışı işlərini sürətləndirir. Bu ilin sentyabrında Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz bəyan edib ki, Aralıq dənizində neft və təbii qaz axtarış fəaliyyətlərinə başlanacaq. Bu işlə iki gəminin məşğul olması nəzərdə tutulur. Bunlardan biri “Fateh” kəşfiyyat-axtarış qazma gəmisidir. Gəmi bu ilin mayında istifadəyə verilib. Onun ilin sonunadək Aralıq dənizində ilk neft və qaz quyusu qazacağı gözlənilir.

Aralıq dənizinin Mersin sahillərində isə neft-qaz axtarışının “Rowan Norway” gəmisi vasitəsilə aparılması nəzərdə tutulur. Noyabrın 14-dən başlayan kəşfiyyat-qazma işləri gələn il yanvarın 19-dək davam edəcək.

Qeyd edək ki, “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti cari ilin sentyabrında ABŞ-ın “Rowan Companies” şirkəti ilə Aralıq dənizində iki neft-qaz kəşfiyyat quyusunun qazılması üçün müqavilə imzalayıb. Aralıq dənizinin şərq sahillərində böyük enerji ehtiyatları mövcuddur. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft var. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində “Heredo” adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir.

Bu bölgənin neft-qazla zəngin olmasına dair iddialar 2007-2008-ci illərdən səsləndirilsə də, ilk nəticələr 2009-cu ildə əldə edilib. İsrail öz sahillərində ehtiyatlarının həcmi 280 milyard kubmetr hesablanan “Tamar” qaz yatağını kəşf edib. Daha sonra yenə İsrail tərəfindən 620 milyard kubmetrlik ehtiyatı olan “Leviafan” yatağı açılıb. 2011-ci ildə isə Kipr yaxınlığında “Afrodita” yatağı (200 milyard kubmetr ehtiyatla) aşkarlanıb. 2015-ci ildə İtaliyanın “Eni” şirkəti dənizin Misirə aid hissəsində “Zöhr” yatağını kəşf edib - 850 milyard kubmetrə qədər ehtiyatla.

İsrail, Misir, Kiprdən əlavə, Aralıq dənizinin Suriya, Livan, Fələstin və Yunanıstan hissələrində də böyük ehtiyatların olduğu güman edilir. Buna görə də böyük qüvvələrin bölgəyə marağı getdikcə artır. ABŞ, Fransa, İtaliya şirkətləri kəşfiyyat işləri üçün müxtəlif ölkələrdən lisenziya almağa çalışır.

Türkiyə də bölgədə öz maraqlarını qorumağa, həmçinin dənizin özünə aid hissəsində neft-qaz axtarışlarını genişləndirməyə çalışır. Belə ki, Misir, Yunanıstan və Cənubi Kipr artıq sərhədlərlə bağlı razılığa gəlib. Onlar arasında Türkiyənin maraqlarına heç də uyğun gəlməyən yaxınlaşma prosesi gedir. “Zöhr” yatağının kəşfi bu yaxınlaşma sayəsində mümkün olub. Eyni zamanda İsrail də bu üç dövlətlə əlaqələrini yaxınlaşdırmaqdadır. Bu isə Aralıq dənizinin şərq sahillərində Türkiyə üçün heç də əlverişli olmayan birliyin formalaşması deməkdir. Məsələni çətinləşdirən amil isə budur ki, Avropa dövlətləri Aralıq dənizlindəki qaz mənbələrinə Rusiya asılılığından qurtarmaq üçün vasitə kimi yanaşmağa başlayıb. Bu prosesə ABŞ tərəfindən də ciddi dəstək verilir.

Yeri gəlmişkən, Türkiyə neft və qazın böyük idxalçısıdır. Yaxın illərdə bu ölkədə hər iki məhsula olan tələbatın sürətlə artımı gözlənilir. Buna görə də Türkiyə hökuməti qaz idxalından asılılığı azaltmaq üçün Aralıq dənizindəki kəşfiyyat işlərinə böyük ümid bəsləyir. Bu baxımdan, Kiprin Misir və İsraillə sərhədlərin tanınmasına dair müqavilələri Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin maraqlarına cavab vermir - hansı ki, İtaliya və Fransanın neft nəhəngləri bu maraqları nəzərə almadan Yunan Kipri ilə müqavilə bağlayaraq mübahisəli ərazilərdə kəşfiyyat-qazma işləri aparmağa çalışır. Bu il ərzində Türkiyəyə məxsus hərbi gəmilər iki dəfə  “Eni” şirkətinin geoloji-kəşfiyyat gəmilərinin işini dayandırıb. Hər iki halda  Avropa Birliyi və ABŞ-dan Türkiyəyə ciddi etirazlar səslənib.

Aralıq dənizinin Fələstin sahillərinə yaxın hissəsində də böyük ehtiyatlara malik qaz yatağı açılıb. Lakin İsraillə münasibətlərdəki problemlər üzündən yatağın işlənməsinə başlamaq mümkün olmur. İsrail həmçinin Livanın öz ərazisi hesab etdiyi suların bir hissəsinə ərazi iddiasındadır. Buna görə də Livan öz ərazisində yataqların kəşfiyyatına başlaya bilmir.

Bu arada Əlcəzairin “Sonatrakch” neft şirkəti Aralıq Dənizdə neft axtarışı üçün “Eni” və “Total” şirkətləri ilə müqavilə imzalayıb. Müqaviləyə görə, ölkənin şərq və qərb sahillərindəki iki ayrı bölgədə olmaq üzrə cəmi 25 min kilometrlik sahədə axtarış aparılacaq. Bundan əlavə, “Sonatrach” ilə “Eni” şirkətləri arasında Əlcəzairin cənub-şərq istiqamətindəki neft və qaz yataqlarının inkişaf etdirilməsi üçün 1,1 milyard dollarlıq bir müqavilə imzalanıb. Müqaviləyə əsasən, sözügedən regiondakı neft və qaz ehtiyatlarına dair yeni ölçü və qiymətləndirmələr aparılacaq, Aralıq dənizində seysmik tədqiqatlarla yanaşı, yeni neft quyuları qazılacaq.

Göründüyü kimi, Aralıq dənizinin şərq sahilləri yaxın illərdə böyük konfliktlərin mərkəzinə çevrilmək təhlükəsi ilə üz-üzədir. Bu konfliktlərin mərkəzində olacaq dövlətlərdən biri də qonşu Türkiyədir. Türkiyənin neft-qaz axtarışlarında Avropa və ABŞ şirkətləri ilə yanaşı, Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) də iştirak etməsi mümkün variantlardan biridir. Bununla bağlı məsələ bir neçə dəfə tərəflər arasında müzakirə mövzusu belə olub.

İlham Şaban ile ilgili görsel sonucu

Neft sahəsi üzrə mütəxəssis, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Türkiyə uzun müddətdir dənizdə geoloji-kəşfiyyat işlərinə hazırlaşır: “Quru sahəsində aparılan geoloji-axtarış işləri mineral resurslar baxımından uğursuz nəticələr versə də, rəsmi Ankara ruhdan düşmədi. Bu yöndə axtarışları onu əhatə edən dənizlərdə etmək də israrlı olduğunu ortaya qoydu. Bu məqsədlə hələ neçə illər öncə BP şirkəti ilə Qara dəniz sularında ilkin geoloji-kəşfiyyat işlərinə dair bir saziş imzaladılar. Düzdür, burada hələ bir irəliləyiş yoxdur. Ancaq son 10 ildə Aralıq dənizində digər ölkələrin və şirkətlərin apardığı geoloji-kəşfiyyat işləri Türkiyəni də bu işlərdə aktiv addımlar atmağa sövq edib. Belə ki, həm Misirin, həm də İsrailin şelfində bir neçə qaz yatağı son illərdə aşkarlandı. Bundan əlavə, Yunan Kipri ətrafında seysmik kəşfiyyat nəticəsində qaz yataqlarının ola biləcəyinə dair məlumatlar əldə edildi. Bu kimi məlumatlar Türkiyə hökumətini daha ciddi addımlar atmağa sövq etdi ki, onlar artıq cari ildə əvvəllər alınmış və modernizə etdikləri üzən qazma gəmisi FATİH-in may ayında rəsmi açılışını etdilər. Türkiyə hökuməti bu qazma gəmisi vasitəsilə Kuzey Kipri və Türkiyə arasındakı sularda ilk əməliyyatlara başlamaq niyyətindədir”.

Ekspertin fikrincə, Azərbaycan tərəfinə müraciət edilsə, Azərbaycan dəniz qazmaçılarının təcrübəsindən Türkiyə tərəfi faydalana bilər: “Şükürlər olsun, artıq 70 illik bir dəniz qazmaçılığı təcrübəmiz var. SOCAR-ın törəmə şirkəti ”Caspian Drilling Company" artıq bir neçə il öncə Aralıq dənizinin İsrail şelfində təqribən 1 ilə yaxın müddətində “Noble Oil” şirkətinin tenderini udaraq kəşfiyyat-qazma işlərini həyata keçirmişdi. Səhv etmirəmsə, 6 min metrə yaxın quyu qazılsa da, o zaman kommersiya məhsulu aşkar edilməmişdi. Ancaq qazmaçılarımız qoyulan vəzifənin öhdəsindən bacarıqla gəlmişdilər".