|
Daha bir əlilə qarşı növbəti rəzalət
Ötən saylarımızda bir neçə dəfə problemini işıqlandırdığımız Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi Kamran Rəhimli növbəti dəfə redaksiyamıza müraciət edib. Tətbiqi riyaziyyat fakültəsində təhsil alan gənc əlil olduğundan, dərslərə getməkdə çətinlik çəkdiyini deyir. Onun sözlərinə görə, istər küçədə olsun, istərsə də nəqliyyatda, əlillər üçün normal şərait yoxdur: "Məcbursan taksi ilə gedib-gələsən. Ona da pul çatdırmaq olmur". 
K.Rəhimli anadangəlmə əlil olmayıb. Dediyinə görə, 9 yaşında xəstələnib. O vaxtdan da sağlamlığını itirib: "Hələ onda rayonda yaşayırdıq. Məktəbdən evimizə göndərilən müəllimlərdən təhsil alırdım. 11-ci sinfi bitirəndən sonra ali məktəbə sənəd verdim. Ancaq qəbul ola bilmədim. Sonra bir il hazırlığa getdim. Növbəti il Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini seçdim. Və bütün çətinliklərim də bundan sonra başladı. Universitetə gedib-gəlmək faciəyə çevrildi. Evdən çıxıb universitetə rahat gedə bilməyim üçün heç bir şərait yoxdur. Şəhərdəki düşünülməmiş şəraitdə, demək olar ki, hər gün, hər yerdə problemlə qarşılaşıram. Tək hərəkət edə bilmirəm. Gərək yanımda mütləq kimsə ola. Kim işini -gücünü atıb hər gün mənimlə maraqlanmalıdır? Məcburam dərsə taksi ilə gedəm. O da ki, maddi sıxıntılara gətirib çıxarır". 
Kamran Rəhimli xəstəliyi ilə əlaqədar sənədlərini İsraildəki klinikalardan birinə göndərib, müsbət cavab alıb: "Cavab gəldi ki, "gəlin bura, bütün müalicəni boynumuza götürürük". İlkin mərhələdə müayinə edəcəklər. Analizlər götürəcəklər. Sonra professor heyəti toplanıb müalicə üçün hansı yolu seçəcəklərini müzakirə edəcəklər. Sonra müalicə kursu yazacaqlar. İlkin bir nəticə əldə etmək üçün 20 min manat tələb edilir. Çünki mənim ayaqlarımın müalicəsi Azərbaycanda mümkün deyil. Ancaq nə mənim, nə də ailəmin 20 mini yoxdur".
K.Rəhimli deyir ki, Səhiyyə Nazirliyinə müraciətlərinə cavab olaraq müalicənin ölkədə aparılmasına qərar verildiyi bildirilib: "Heydər Əliyev Fonduna və Prezident Administrasiyasına məktub ünvanlamışdım. Oradan bizim rayonun baş həkiminə məktub ünvanladılar ki, müalicənin orada mümkün olub-olmadığını öyrənsinlər. Həmin məktubda bildirmişdilər ki, müalicəsi mümkündürsə, elə rayonun özündə müalicə aparılsın. Ancaq mümkün deyilsə, respublika daxilində harada müalicənin aparıla bilməsindən asılı olaraq oraya yönləndirilsin". 
Gənc tələbənin sözlərinə görə, rayondakı həkim təyinatla onu Sumqayıtdakı özəl klinikaya yönləndirib. O deyir ki, klinikanın verdiyi göndərişi isə Səhiyyə Nazirliyinə təqdim edəcəklər: "Həmin göndərişi də ona görə verirlər ki, nazirlik orada yerləşdirildiyimdən xəbərdar olsun və bilsin ki, xəstəliyimin burada müalicəsi mümkündür. "Ümid" reabilitasiya mərkəzində bildirdilər ki, 5 aylıq müalicə kursu ilə özümü idarə edəcək səviyyədə sağala biləcəm. Bunun üçün hər aya 5700 manat istənilir". 
K.Rəhimli deyir ki, tələbə yoldaşları onun üçün yardım kampaniyası təşkil etmək istəyib. Ancaq universitetlərdə yardım qutularının qoyulmasına icazə verilməyib: "Yardım kampaniyaları ilə bağlı universitetlərdə inamsızlıq var. Bir neçə dəfə təşkil olunmuş kampaniyalarda toplanan pullar ortalıqdan yox olub. Ona görə indi bizə də inanmırlar. Ancaq biz işi tamamilə şəffaf aparırıq. Bank hesabı açıqdır. Sonra toplanan pulların qəbzləri sosial şəbəkədəki səhifəmizdə paylaşılır. Düzdür, tələbələr öz aralarında müəyyən pullar toplayırlar. Ancaq kampaniyanın iri həcmdə aparılmasına ehtiyac var. Ona görə universitet rəhbərlərindən xahiş edirik ki, bizə köməklik göstərsinlər. Bayramdan sonra dostlarım konsert proqramı təşkil etməyi planlaşdırıblar. İnanırıq ki, müəyyən köməklik olacaq. Əmək və Əhalinin Müdafiəsi Nazirliyi də söz verib ki, müalicəm üçün köməklik edəcək". 
Kamran Rəhimli imkanlı şəxslərdən və dövlət qurumlarından müalicəsinə kömək etmələrini xahiş edir. Bunun üçün o, "Bank of Baku"da hesab nömrəsi də açdırıb. Kömək etmək istəyənlər bu hesaba pul köçürə bilərlər. 
 
Hesab sahibi: 
Rəhimli Kamran Savalan oğlu
Hesab nömrəsi:  38010000148662İ46