|
İtmiş resept kitabını tapana 10 min avro mükafat verəcəklər

Yekaterinburqda, şəhər səfəri zamanı fransız aşpaz Thierry Drapeau içində dəyərli reseptlər olan kitabını itirib və onun üçün mükafat elan edib. Bloknotu qaytaranı isə 10 min avro məbləğində mükafat gözləyir. Bloknotun itməsi barədə noyabrın 21-də məlum olub.

Ölkəsinə qayıtmalı olan aşpaz 20 illik əməyini saxladığı bloknotu itirdiyi üçün Yekaterinburq səfərini bir qədər də uzadıb. O deyib ki, bloknotu olmadan bəzi yeməkləri heç bişirə bilməz. Çünki reseptlərin çoxunu əzbər bilmir. Xatırladaq ki, itmiş bloknot üçün mükafatı Yekaterinburq rəhbərliyi təyin edib. Onlar yerli mətbuata açıqlamalarında deyib ki, məşhur aşpazın şəhərdən pis təəssüratlarla ayrılmaması üçün bu addımı atıblar. Mükafatın məbləği elan ediləndən sonra bir neçə şəxs zəng edərək, bloknotun yerini bildiyini söyləsə də, araşdırma nəticəsində bunun yanlış siqnal olduğu üzə çıxıb.