ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Camal Qaşıqçı cinayətindən qurtulsun deyə, 450 milyard dollarlıq sərmayəyə razı salmağa çalışır.
Dünya mediası yazır ki, əslində, Trampın buna dair bəyanatı Səudiyyə Ərəbistanına göstərilən bir yoldur: “Təhlükəli bir yer olduğu üçün, ABŞ nə olursa-olsun Səudiyyə Ərəbistanına dəstək verməyə davam edəcək. ABŞ prezidenti bu bəyanatda Səudiyyə şahzadəsini 450 milyard dollarlıq bir sərmayəyə çağırır”, - məqalədə deyilir.
Xatırladaq ki, ABŞ prezidenti şahzadə Salmanın Qaşıqçı cinayəti barədə informasiya sahibi ola biləcəyini, lakin sanksiyaların tətbiqinə soyuq yanaşdığını bildirmişdi. ABŞ-ın İsrail və bölgədəki digər müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı davam etdirəcəyini deyən Ağ Evin başçısı Ər-Riyadla imzalanan silah razılaşmalarına diqqət çəkib.

Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanına qarşı sanksiyaların qəbul edilməsi Rusiya və Çinin maraqlarına xidmət edəcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Camal Qaşıqçı cinayətinə münasibət bildirib.O, “Cinayəti törədənlər Türkiyədə də mühakimə olunmalıdır” deyib. “Həqiqi məsuliyyətlilər ortaya çıxmalıdır. Bu günə qədər Səudiyyə Ərəbistanından ziddiyyətli açıqlamalar verildi. Səudiyyə Ərəbistanının əməkdaşlıq təkliflərini qəbul etdik. İş birliyindən gözləntilər sadəcə bizdən məlumatlar almaq, dəlillər qəbul etməkdirsə, bu doğru deyil. Əməkdaşlığın məqsədi ayrı-ayrı araşdırmalar apararaq məlumatı bölüşməkdir. Səudiyyə Ərəbistanı tərəfindən heç bir məlumat verilmədi. 3 məruzəçinin BMT baş katibliyinə müstəqil istintaq çağırışı göndərməsi vacibdir. Biz bundan sonra Səudiyyə Ərəbistanı başda olmaqla, hamı ilə iş birliyinə varıq”.
Musavat.com isə yazıb ki, Səudiyyə Ərəbistan mediası bütünlüklə şahzadə Məhəmməd bin Salmanın müdafiəsi üçün səfərbər edilib.
Hətta Qaşıqçının özünü belə ittiham edən “Okaz” qəzetinin ümumi xətti bundan ibarət olub ki, bu cinayətinin əsl qurbanı, heç demə, Səudiyyə Ərəbistanı imiş. Bütün bunlar şahzadə Məhəmməd bin Salmanın “Vision 2030" islahatlar proqramının qarşısını almaq üçünmüş...
Qaşıqçının ölümü Səudiyyə Ərəbistanının özü tərəfindən rəsmən etiraf edildikdən sonra isə düşmənlərinin dairəsi daha da genişlənib...
Bu həftənin 1-ci günü isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin artıq Qaşıqçının ölümündə MBS-ni ittiham edə biləcəyi barədə informasiyalar yayıldıqdan sonra “Okaz”ın ritorikası bütün xəyal gücünü keçib.
“Qətərin kafir əmiri İsrail, İran və ”Müsəlman qardaşlar"la Səudiyyə Ərəbistanını bölmək barədə saziş bağlayıb",-"Der Spiegel" “Okaz”dakı məqalədən sitat gətirib.
Sözügedən istiqamətdəki daha bir xəbər isə Qaşıqçının 2016-cı ildə Səudiyyə Ərəbistanında olarkən hələ vəzifəsinə başlamamış ABŞ prezidenti Donald Trampı tənqid etməsinin Səudiyyə rəhbərliyi tərəfindən xoş qarşılanmamasıdır.
Məlumata görə, Səudiyyə rəhbərliyi ona jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağası qoyub. ABŞ mediasının yazdığına görə, bu hadisə ABŞ Dövlət Departamentinin “2017-ci il İnsan Hüquqları Hesabatı”nın Səudiyyə Ərəbistanına aid hissəsində də yer alıb.
![]()
Hesabata görə, Trampı tənqid etdiyi üçün Səudiyyə krallığı onun çalışdığı “Al-Həyat” qəzetini bağlayır, hər hansı nəşr üçün yazı yazmasını, həmçinin konfrans verməsi və televiziya kanallarına çıxmasını qadağan edir. Qadağalar bir müddət sonra aradan qaldırılır, lakin həbs olunma təhlükəsinin qaldığını düşünən jurnalist ABŞ-a köçür.
Qeyd edilirdi ki, ABŞ-a gəlməsindən sonra Ər-Riyadı Yəmən siyasəti, mətbuata qoyulan qadağalar və digər mövzularda tənqid etməyə başlayan Qaşıqçı ölkəsinə geri dönəcəyi halda, həbs olunacağını söyləyirdi.
Qaşıqçı Səudiyyə rəhbərliyi tərəfindən təzyiq edilməsinə səbəb olduğu yazılarda Trampın xarici siyasətini “ziddiyyətli” adlandırmış, “prezident Trampın prezident Trampdan daha fərqli olacağını gözləmək, ən iyi ehtimalla yanlış bir ümiddir” yazmışdı.

Qeyd edək ki, bir neçə gün əvvəl MKİ-dəki mənbəyə istinadən “Vaşinqton Post” nəşrinin yazdığına görə, MKİ Qaşıqçının ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi qənaətinə gəlib.
Daha əvvəl isə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Qaşıqçının cinayəti ilə bağlı şok detalları açıqlayıb. Prokurorluq Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib.
Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.
Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.
YM
