|
“Bakının müxtəlif yerlərində aksiya edəcəyik”

Ölkə mətbuatında yayılan məlumatlara görə, ermənilər Bakıda keçirilən ilk Avropa Oyunlarında iştirakları zamanı nümayiş etdirmək üçün xüsusi loqo hazırlayıblar. Həmin loqoda isə qondarma erməni soyqırımının 100 illiyini bildirən işarə var. Ekspertlər bildirirlər ki, loqonu Azərbaycan tərəfi təsdiqləməsə, onların bunu istifadə etməsi mümkün deyil.

Məsələ ilə bağlı Hafta.az-a açıqlamasında Qarabağ Azadlıq Hərəkatının (QAT) sədri Akif Nağı danışıb. O bildirib ki, belə olduğu təqdirdə şəhərin hər yerində aksiya edəcəklər:

“İndiki şəraitdə ermənilərin Azərbaycanda hər hansı bir tədbirdə iştirak etməsi yolverilməzdir. Hesab edirik ki, bunu ölkə iqtidarı və beynəlxalq təşkilatlar nəzərə alacaqlar. Ermənistan bir də düşünsün. Düşünsünlər ki, sonra peşman olmasınlar. Biz ən müxtəlif formalarda aksiya keçirməyi düşünürük. Onlar Bakıda hansı məkanda yerləşdiriləcəklərsə, getmələri üçün hər cür vasitələrdən istifadə edəcəyik. Ermənilər istənilən məqamdan istifadə edirlər. Loqo ilə bağlı yayılan məlumatlar da bizim dediklərimizi təsdiq edir. Onlara yumşaq davranmağın mənası yoxdur. Ermənilər bunu başa düşmürlər. Türkiyə də ermənilərə qarşı bir neçə dəfə xoş niyyətdə olub. Ancaq onlar bunu anlamayıblar”.

A.Nağı bildirdi ki, ermənilər Bakıya gələnə qədər aksiya keçirməyi düşünmürlər:

“Çünki görürük ki, onlar da tərəddüd içərisindədirlər. Bu baxımdan hələ ki, biz xəbərdarlıq edirik. Buna məhəl qoymayıb gələcəklərsə, lazımi tədbirləri görəcəyik. Açılış günü ermənilər Bakıya gələrsə, şəhərin müxtəlif yerlərində aksiya edəcəyik”.