Oktyabr ayında başlanan yumurta qıtlığı və bahalığı davam edir. Hələ də marketlərdə broyler yumurtasının biri 19-20 qəpiyə satılır. Kənd yumurtası isə 30-35 qəpik arasında dəyişir.
Qeyd edək ki, yumurta “böhranı” yeni başlananda Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev mətbuata açıqlama verərək problemin yaxın 10 gündə aradan qalxacağını bildirmişdi. Lakin artıq 3 həftəyə yaxın vaxt keçsə də, yumurtanın qiymətində azalma, məhsulun özünün bolluğu müşahidə olunmur.
Maraqlıdır ki, A.Vəliyev yumurta ilə bağlı problemin tam aradan qalxdığını deyir: “Quşçuluq fabrikləri yumurtanın maya dəyərinin üstünə 2-3 qəpik qoyurlar. Son altı ayda istehsalçılar qiyməti artırmayıblar. Kəndlərdəki istehsalın bizə aidiyyəti yoxdur. Soyuqlar düşən kimi açıq havada saxlanan kənd toyuqlarının hamısı yumurtadan kəsildi. Bir qismi isə soyuq havadan xəstələnib tələf oldular. Buna görə də indi kənd yumurtası azdır, olanların da qiyməti bahalaşıb. Kənd yumurtasının azlığı bizə ağırlıq düşməsinə səbəb oldu. Üstəlik, tələbələr tətildən qayıtdılar, Bakıda tələbat da artdı. Amma artıq hər şey yoluna qoyulub. Gənc fərələr də yumurtlamağa başlayıb, bütün ölkənin tələbatı tam təmin olunur. Təchizat 30-40 faiz artıb”.
A.Vəliyev birmənalı şəkildə bildirir ki, qiymətlər də aşağı enib: “Bəzi mağazalar qiyməti qaldırmışdılar, amma indi endiriblər. Bu gün marketlərə gedin, yumurtanın qiyməti 16 qəpikdir”.

Onu da qeyd edək ki, bəzi mənbələr yumurta qıtlığının bir neçə ay əvvəl broyler fabriklərinin bir çoxunda yumurtlayan toyuqlar arasında kütləvi xəstəlik yayılması ilə bağlı olduğunu bildirirlər. Yayılan məlumata görə, bu xəstəlik nəticəsində minlərlə baş toyuq tələf olub, qalanları da xəstəlik qorxusu ilə kəsimə verilib. Birlik sədri bu məlumatın həqiqətə uyğun olmadığını deyir: “Bizim fabriklərdə hər hansı xəstəlik, tələfat qeydə alınmayıb. Tələfat kənd yerlərində açıq havada saxlanan toyuqlar arasında olub. Bizim fabriklərdə toyuqlar qapalı mühitdə, tam mühafizə olunmuş şəraitdə saxlanılır. Hər hansı xəstəlik halı olmayıb”.
Onu da qeyd edək ki, 2016-cı ildən yumurta idxalına əlavə rüsum tətbiq olunması nəticəsində kənardan Azərbaycana bu məhsulun gətirilməsi sıfıra düşüb. Yerli istehsal isə bu il ərzində azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə yumurta istehsalı 0,6 faiz azalaraq 1 295,9 milyon ədəd təşkil edib. Həmin dövrdə quşçuluq fabriklərində diri çəkidə 57,3 min ton (keçən il 57,4 min ton) quş əti və 494,1 milyon ədəd (keçən il 568,4 milyon ədəd) yumurta istehsal olunub.
İstehsalın azalması ilə yanaşı ölkədən kənara yumurta ixracında kəskin artım qeydə alınıb. Belə ki, əgər ötən il Azərbaycandan 9 milyon 194.4 min ədəd quş yumurtası ixrac olunmuşdusa, bu ilin ilk 6 ayında bu rəqəm 41 milyon 049 min ədədə çatıb. Hökumət iyun ayından bəri quş yumurtasının ixracını ixrac təşviqinə daxil edib.
Yeri gəlmişkən, A.Vəliyevin açıqlamasından sonra bir daha redaksiyamızın yaxınlığında yerləşən marketlərdən yumurtanın qiyməti ilə maraqlandıq. Satıcıların dediklərindən aydın oldu ki, yumurta onlara istədikləri həcmdə deyil, məhdud sayda verilir. Üstəlik, qiymətlər də 19-20 qəpikdir...
