|
Fasadı bəzəyib sakinləri yenidən qəzalı binaya köçürdülər

Zığ şosesi, bina 43-də yaşayan sakinlər Suraxanı Rayon İcra Hakimiyyətindən şikayətçidirlər

Suraxanı rayonu, Zığ şosesi, bina 43-də yaşayan sakinlər Suraxanı Rayon İcra Hakimiyyətindən şikayətçidirlər. Sürüşmə zonasında yerləşən bina qəzalı vəziyyətə düşdüyündən burada yaşayan sakinlərin həyatı cəhənnəmə çevrilib.

Şikayətçilər deyir ki, 5 mərtəbəli bina əvvəl 8 blokdan ibarət olub. Daha sonra bina qəzalı vəziyyətdə olduğundan iki bloku tamamilə sökülüb və sakinlər kompensasiya ilə təmin olunaraq köçürülüb.

Digər iki blokun sakinləri isə kirayə mənzillərə yerləşdirilib və onlara evlərinin təmir olunacağına dair söz verilib. Suraxanı Rayon İcra Hakimiyyətinin nəzarəti altında 2017-cı ildə binada təmir işlərinə başlanılıb.1 il 6 ay ərzində sakinlərin kirayə haqqı ödənilib. Daha sonra, bu ilin sentyabr ayında onlara mənzillərinin təmir olunduğu bildirilib, kirayə haqlarının verilməsi dayandırılıb.

Sakinlər mənzillərinə qayıtdığı zaman təmir-bərpa işlərinin başdansovdu aparıldığını görüblər. Mənzillər normal təmir olunmadığından sakinlər qəza təhlükəsinin hələ də davam etdiyini bildirirlər.

“Yeni Müsavat”ın müxbiri sözügedən əraziyə baş çəkərək, problemi işqlandırıb.

Doqquzmərtəbəli binanın həyətində hələ də tikinti materialları qalıb. Bu da tikinti işlərinin hələ tam yekunlaşmadığını göstərir. Ətrafa səpələnən qum, sement, taxta, dəmir parçaları işin yarımçıq qaldığını və səliqəsiz şəkildə aparıldığını göz önünə sərir. Bərpa işləri adı ilə binanın giriş qapıları sökülüb. Lakin aylardır ki, nə yeni qapı düzəldilib, nə də köhnəsi yerinə bərpa olunub. Bina kənardan təmirli görünsə də, içəridəki problemlər saymaqla bitmir.

5-ci blok, mənzil 46-da yaşayan Zaur Şirməmmədov bildirdi ki, təmirdən sonra da bir çox çatışmazlıqlar qalmaqdadır: “Əvvəllər bina Dövlət Neft Şirkətinin balansında idi, indi isə Suraxanı Rayon İcra Hakimiyyətinin balansındadır. Burada yaşayanların əksəriyyəti neft şirkətində çalışanlardır. Binanın iki bloku tamamilə söküldü. Digər iki blok, bizim mənzil də daxil olmaqla təmirə götürüldü. Üstündən ilyarım vaxt keçib və bizə bildirdilər ki, artıq kirayə haqqı ödənilməyəcək. Ancaq mən və mənim kimi bir neçə ailə oraya köçmək istəmirik. O qədər xərc çəkilib, ancaq binanın su təminatı pis vəziyyətdədir. Gün ərzində cəmi 1 saat su gəlir. Təmir işlərindən əvvəl binanın damında su çənlərimiz var idi. İndi çənlərdən istifadəyə icazə vermirlər ki, binaya ağırlıq edir. Bizi köçürməzdən əvvəl dedilər ki, içməli su çəkəcəyik. Lakin hamısı yalan vədlər idi. Bu vəziyyətdə körpə uşaqlarla yaşamaq mümkünsüzdür”.

Daha bir sakin Bayram Həsənov bildirdi ki, ərazidə kommunal xətlər bərbad duruma düşdüyündən binanın zirzəmisi su altında qalıb: “Bina təpənin ətəyində yerləşdiyi üçün yağış və kanalizasiya suları zirzəmiyə dolur. Bizdən yuxarıda yaşayış binaları, fərdi tikililər olduğu üçün kanalizasiya suları axaraq bizim binanın zirzəmisinə dolur. Üfunət iyindən nəfəs almaq mümkün olmur. Mənzillərdə nəmişlik olduğundan sakinlər revmatizm xəstəliyindən əziyyət çəkir. İndi digər blokların zirzəmisində bərkitmə işlərini aparırlar. Lakin keyfiyyət məsələsində problem yaşanır. Binanın istilik sistemi də yararsız vəziyyətdədir. Ölkə üzrə istiliyin verilməsinə başlanıldığında bizim binada sistemin işləyib-işləməyəcəyi dəqiq deyil”.

Binanın qəzalı vəziyyətə düşməsinin əsas səbəbi seysmik zonada yerləşməsidir. Həmçinin burada sürüşmə təhlükəsi var. Yağış və qrunt suları binanın altına  axır. Hətta yağış olmayan günlərdə də zirzəmidə su olur.

Bir qədər  yuxarıdakı binalarda və fərdi yaşayış evlərində də eyni vəziyyət hökm sürür. Evlərin bir çoxunda dərin çatlar əmələ gəlib. Yaşayış binalarının hər an uçma təhlükəsi var. Bina inşa olunan zaman sürüşmənin qarşısını almaq üçün istinad divarı da tikilib. Həmin istinad divarı ağırlığa tab gətirmədiyi üçün uçub. Uçan istinad divarının qabağında daha birini tikiblər. Lakin bunun da bir faydası olmayıb. Yağış suları istinad divarının altını yuduğundan divar aralanıb. Sakinlər deyir ki, bu divar da ağırlığa tab gətirməyib, uçacaq.

Sakinlər də bildirdilər ki, artıq bina yaşanılası vəziyyətdə deyil. Onlar hər hansı bədbəxt hadisə baş vermədən binadan köçürülmələrini tələb edirlər: “Yaxınlıqda bir bina da   qəzalı vəziyyətə düşdü. Sakinlərə mənzillərinin hər kvadratmetrinə görə kompensasiya verdilər. Bizə də bu cür köməklik olunsun. Sakinləri kommunal problemlərdən və böyük  təhlükədən xilas etsinlər. Kirayə pulu verilmədiyindən insanlar məcbur qalıb həmin binaya köçdülər. Bir çoxu şəraitsizlikdən evini satıb, canını qurtardı. Binanı nə qədər bərpa etsələr də, mümkün olmayacaq. Çünki torpaqda sürüşmə var. Axan qrunt və kanalizasiya suları binanın özülünü yuyur”.