|
"Ayağıma batan dəmiri çıxarıb onu vurdum"- qonşuların məhəllədə söyüş üstündə qanlı davası

Məhəllədə söyüş söymək üstündə qonşusunu bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Həbsdə olan şəxs cəzasının yüngülləşdirilməsini istəyib.
1982-ci il təvəllüdlü Şirəliyev Elman Şirəli oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qsədən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirli bilinib.
Elman Şirəliyev 9 sentyabr 2017-ci il tarixdə qonşusu İnqilab Bayramovu aralarında yaranmış mübahisə zəminində xuliqanlıq niyyəti ilə bıçaqlayıb. Şirəliyev cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baxılıb.
Həbsdə olan Şirəliyevin vəkili apellyasiya şikayətində göstərib ki, hadisə zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin nəticəsində baş verib. Müdafiəçi Elman Şirəliyevin əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunmasını istəyib.
Vəkil bildirib ki, Elman Şirəliyev yaşadığı evin yerləşdiyi küçədə İnqilab Bayramovun iki-üç nəfərlə birlikdə ucadan danışıb söyüş söydüyünü görüb və onlara xəbərdarlıq edib.
“Bu zaman İnqilab Bayramov Elmanın da ünvanına söyüş söyüb. Onunla əlbəyaxa olublar, amma Elman Şirəliyevin əvvəlcədən İnqilab Bayramova ağır xəsarət yetirmək niyyəti olmayıb. Elman dava zamanı ayağına batmış dəmir parçası ilə İnqilab Bayramova xəsarət yetirib. Elman Şirəliyev hər hansı xuliqanlıq hərəkətlərinə yol verməyib, hər hansı əmlaka maddi ziyan vurmayıb. 4-5 dəqiqə davam edən mübahisədən sonra polisə gedib və könüllü olaraq təslim olub”- deyə vəkil bildirib.
Elman Şirəliyev ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, qonşusu İnqilab Bayramovla münasibətləri yaxşı olub və hadisəyə qədər heç vaxt mübahisələri olmayıb: “Həmin gün evə qayıdanda 3 nəfərin uca səslə söyüşlə danışdıqlarını eşitdim. Ətraf qaranlıq olduğundan əvvəlcə həmin şəxslərin kimlər olduğunu bilmədim. Onlara yaxınlaşanda İnqilabı tanıdım və ona iradımı bildirdim. Bu zaman İnqilab məni də söydü. Onun belə kobud cavab verməsi mənə pis təsir elədi. Aramızda mübahisə başladı. Əlbəyaxa olanda hər ikimiz yerə yıxıldıq. Yerə yıxılanda İnqilabın yerdən daş götürüb məni vurmaq istədiyini hiss etdim. Sağ dizimin altında qalıb ayağıma batan dəmir parçasını götürüb qorxutmaq məqsədi ilə İnqilabın sağ tərəfindən bir dəfə vurdum. İnqilab qışqırdı, yanında olan Nəriman bizə yaxınlaşanda oradan getmək istədim. Qardaşım Seyfəddin gəlib bizi ayırdı.
Sonra mən siqaret almaq üçün evdən çıxdım. Səhər saat 6 radələrində evə qayıdanda polisin məni axtardığını bildim. Paltarımı dəyişdim, yemək yeyib polisə getdim. Orada öyrəndim İnqilab ağır xəsarət alıb".
Zərərçəkmiş İnqilab isə deyir ki, məhəllədə dostları ilə dayansa da söyüş söyməyib. Elman ona yaxınlaşaraq məhəllədə dayanmasına görə irad bildirib və mübahisəyə başlayıb, onu söyüb. Daha sonra isə ona ağır xəsarət yetirib.
İnqilab bildirib ki, həmin hadisə ilə bağlı Elman və qohumları ona dəfələrlə üzrxahlıq edib, müalicə ilə bağlı xərclərini tam ödəyiblər. Buna görə də Elman Şirəliyevə qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. O, Elmana azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edib.
Dövlət ittihamçısı apellyasiya şikayətinin rədd edilməsini istəyib.
Tərəfləri dinləyən məhkəmə kollegiyası qərarı elan edib. 
Qərara əsasən, Elman Şirəliyevin barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.