|
Qohumuna zəng etdiyi üçün sevgilisini bıçaqlayan şəxsə hökm oxundu

Qeyri-rəsmi münasibətdə olduğu qadını öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən 1984-cü il təvəllüdlü Əhmədov Azər Şəmistan oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Azər Əhmədov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihamda yazılır ki, Azər Əhmədov bir beçə ay əvvəl qeyri-rəsmi münasibətdə olduğu, ər-arvad kimi birlikdə yaşadığı Məhəbbət Şıxıyevaya 6 bıçaq zərbəsi endirib.

Buna səbəb Azər Əhmədov evə gəlmədiyi, telefonuna zəng çatmadığı üçün Şıxıyevanın onun qohumlarına zəng etməsi olub. Şıxıyevanın bu hərəkətindən qəzəblənən Azər Əhmədov qisas məqsədi ilə onu öldürmək istəyib. İttihamda yazılır ki, Əhmədov mətbəxdən götürdüyü bıçaqla Şıxıyevanı 6 zərbə endirib. Hadisə Şıxıyeva ilə Əhmədovun birlikdə yaşadığı evdə baş verib.

Bu əməlinə görə Azər Əhmədova qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Əməlindən peşman olduğunu deyən Əhmədov ailəli olduğunu söyləyib. O, bildirib ki, himayəsində azyaşlı uşaqları da var.

Məlum olub ki, Şıxıyevanın da himayəsində bir azyaşlı uşağı var.

Zərərçəkmiş qismində Məhəbbət Şıxıyeva da dindirilib. O da hadisənin baş vermə səbəbini eyni ardıcıllıqla danışıb.

Əhmədovu bağışladığını deyən Şıxıyeva məhkəmədən də sevgilisinin bağışlanmasını xahiş edib.