|
“Made in Azərbaijan” brendi üçün yeni bazarlar axtarılır

Azərbaycanda qeyri-neft ixracının artırılması və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində hökumət tərəfindən ciddi addımlar atılmaqdadır. Elə oktyabrın 31-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə dair keçirilən mətbuat konfransında səslənən fikirlər də bunu deməyə əsas verir.

Belə ki, tədbirdə AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev bildirib ki, Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda və xarici ölkələrdə 180 tədbir təşkil olunub. Bu ilin əvvəlindən 8 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 9 anlaşma memorandumu imzalanıb. Ümumilikdə indiyədək sahibkarlara 6,9 mln. manat, bu ilin yanvar-sentyabr aylarında isə 3,7 mln. manat məbləğində ixrac təşviqi ödənilib.

Həmçinin indiyədək ixracla məşğul olan sahibkarların müraciətləri əsasında ümumilikdə 12 bazar araşdırması aparılıb. İlin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 3,5 mln. dollar dəyərində müqavilə imzalanıb, artıq 2,6 mln. dollar dəyərində məhsul ixrac olunub.

Bu ilin yanvar-sentyabr ayları ərzində yerli məhsulların xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Rusiya, İsveçrə, Çin və Qazaxıstana ixrac missiyası həyat keçirilib. Ümumilikdə isə indiyədək 12 ölkəyə 17 ixrac missiyası təşkil olunub və Azərbaycan şirkətləri 6 ölkədə keçirilən 14 beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində öz məhsullarını nümayiş etdirblər. Həmçinin 2018-ci ilin noyabr ayında Çinin Şanxay şəhərində “Şərab Evi”, ilin sonunadək BƏƏ, Polşa və Qazaxıstanda “Azərbaycan Ticarət Evi”, Rusiyada isə “Şərab Evi”nin açılması nəzərdə tutulur. Bununla yanaşı, hazırda Azərbaycanın Rusiya, Çin, Şərqi Avropa və BƏƏ-də ticarət nümayəndəliyi fəaliyyət göstərir: 2018-ci ilin sonunadək Çin, Bolqarıstan, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil ediləcək. Lakin bütün bunlara rəğmən iqtisadçı ekspertlər bəzi məqamlarla bağlı narahatlıqlarını ifadə edirlər. Onlardan biri də ixracının artırılması nəzərdə tutulan məhsulların istehsalı ilə bağlı ciddi bir artımın olmamasıdır. Nəticədə bu, daxili bazarda bahalaşmaya səbəb olan əsas amil kimi qiymətləndirilir. 


İqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son illər Azərbaycanda ixracın genişləndirilməsi ilə əlaqədar aparılan siyasətdə müəyyən qədər qeyri-adekvatlıq müşahidə olunur: “Təbii ki, ixrac missiyalarının olması, ixracın təşviq olunması, ”Made in Azerbaijan" brendinin tanıdılması, sertifikatların alınması ilə bağlı xərclərin kompensasiya olunması və sair müsbət haldır. Ancaq məsələ ondadır ki, bütün bunlardan əvvəl Azərbaycanda liberal bazarın formalaşdırılmasına, iqtisadi mühitin inkişaf etdirilməsinə ehtiyac var. Çünki hər hansı məhsulun ixracının artırılması nəzərdə tutulursa, bu zaman istehsal da ciddi şəkildə artmalıdır. Məsələn, pomidor ixracı 2016-2017-ci illərdə əhəmiyyətli dərəcədə artdı və qeyri-neft məhsullarının strukturunda çox ciddi paya malik oldu. Ancaq pomidor istehsalı ilə bağlı rəqəmlərə baxarkən bəlli oldu ki, ölkədə istehsal azalıb. İstehsalın artmadığı halda biz onun ixracını təşviq edir və sürətləndiririksə, bu zaman daxili bazarda təklif azalır və qiymətlər bahalaşır. Nəticədə biz bu ilin mart aylarında Azərbaycan bazarlarında pomidorun 1 kiloqramını 5-6 manata alırdıq".


R. Həsənov hesab edir ki, istehsalı artmayan bir məhsulun ixracı artırsa, bu, daxili bazardakı balansın pozulmasına yol açır: “Biz ilk olaraq istehsalı artırmalıyıq. İstehsal rəqabətli olmalıdır, dünya bazarında özünə yer tutmağı bacarmalıdır. Deyək ki, Azərbaycanda istehsal olunan şərabı dövlətin dəstəyi ilə dünya bazarına çıxarmağı bacardıq. Sonradan bunun dövriliyi təmin olunmalıdır. İstehsal olunan məhsul həm qiymət baxımından, həm də keyfiyyət baxımından öz gələcək bazarını formalaşdırmalıdır. Bir neçə dəfə dövlətin dəstəyi ola bilər, ancaq sonrakı dövrlərdə bu məhsulların dünya bazarında yer tutması keyfiyyətindən və rəqabət qabiliyyətindən asılı olacaq. Hazırda Azərbaycanda görüləcək əsas iş rəqabət mühitinin formalaşdırılmasıdır”.


Hazırda ixrac missiyası göndərilən ölkələrə hansı məhsulların satışının nəzərdə tutulmasına gəlincə, ekspert bildirdi ki, qeyri-neft məhsullarının ixrac strukturuna baxsaq bunu görə bilərik: “Əsas yer kənd təsərrüfatı məhsullarına məxsusdur, ondan sonra müəyyən sənaye məhsulları gəlir. Elektrik enerjisi, metallurgiya və neft-kimya sənayesi məhsulları və sair. Yəni təəssüf ki, bizim dünya bazarında ciddi yer tutacaq elə bir brendlərimiz yoxdur.

Həmçinin bizim dünya bazarına çıxardığımız məhsulların əlavə dəyər yaratmaq imkanı elə də geniş deyil. Hazırda əsasən ixracatının ən azı 15-20 faizini beyin məhsulları, İP məhsulları təşkil edən ölkələr ixrac qabiliyyəti geniş ölkələr kimi qiymətləndirilir. Ancaq bizim qeyri-neft ixracatımızın 30 faizini aqrar məhsullar təşkil edir. Bu məhsulların əlavə dəyər yaratmaq qabiliyyəti çox azdır. Yaxın Şərq və Körfəz ölkələrinə ixracı müzakirə olunan məhsullar əsasən kənd təsərrüfatı məhsullarıdır. Ölkəmizdə kənd təsərrüfatı daha az intensiv inkişaf edib. Buna görə də məhsullarımız təbii olması baxımından dünya bazarında müqayisəli üstünlüyə malik ola bilər. Ancaq son nəticədə ölkəmizdə istehsal olunan hər 100 manatlıq ixrac məhsulunun 92 manatı Rusiya bazarına yönəlib. Nə qədər ki, ölkəmizdə ixrac istiqaməti az rentabelli olan və az əlavə dəyər yaradan sahələrə yönəlib, bir o qədər ixracın inkişafından və şaxələndirilməsindən danışmaq tezdir”.