|
Diri quşların satışının məhdudlaşdırılmasının sirri...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quşçuluq sahəsində  fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması ilə bağlı nəzarət tədbirləri gücləndiriləcək. Bu sözləri  (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşdə səsləndirib. Sədr həmçinin bildirib ki, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının məhdudlaşdırılması, tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması və ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.

Sahibkarlarla əlaqələndirmə prinsiplərinə əsaslanaraq, şəffaflığın təmin olunması şəraitində həyata keçirilən tədbirlərin ölkədə qida təhlükəsizliyi siyasətinin təmin olunmasına töhfə verəcəyini vurğulayan Q.Təhməzli bu istiqamətdə agentliyin sahibkarlara hər cür metodiki köməklik göstərəcəyini diqqətə çatdırıb.

Görüşdə səsləndirilən fikirlər arasında ən çox diri  quşların satılmasının məhdudlaşdırılması məsələsi diqqət çəkib. Hətta sosial şəbəkələrdə bu qərarın quşçuluq sahəsindəki iri monopolist şirkətlərin diqtəsi ilə verilməsinə dair fikirlər də gündəmə gəlib.

İqtisadçı ekspert Natiq Cəfərli də mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dövlət orqanlarının fəaliyyəti qadağalar üzərində deyil, iş adamlarına, biznes çevrələrinə necə dəstək olmaq üzərində qurulmalıdır:“Qadağan etmək ən asan yoldur. Ola bilər ki, problemlər olsun. Hansısa rayonda kənd toyuqlarında sağlamlığa zərər vura biləcək bir xəstəlik olarsa, bu bütünlüklə həmin sahəni qapatmağa əsas vermir. Əslində bu məsələnin qadağan olunmasının yolu da yoxdur. AQTA-nın on minlərlə işçisi yoxdur ki, bütün ölkə ərazisində nəzarət həyata keçirsin. Bu cür qərarlardansa, kənd toyuqlarının satışı həyata keçirən kəndliyə, fermerə dəstək olmaq, onunla maarifləndirmə işi aparmaq, dərman preparatları vermək, vaxtaşırı həmin təsərrüfatda müayinələrin keçirilməsinə çalışmaq lazımdır. Əgər biz ölkədə ciddi rəqabətin olmasını, qiymətlərin müsbətə doğru dəyişməsini istəyiriksə, bu qadağalara getməməliyik. Çünki bu sahədə məhdudiyyətin olması monopoliyanın artmasına, rəqabətin azalmasına, nəticədə qiymət artımına gətirib çıxarır. Dövlət orqanları iş adamlarının qorxulu röyası yox, dostu olmalıdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da “Yeni Müsavat”a açıqlamasında bu sahəni məhdudiyyət və qadağa yolu ilə tənzimləməyin mümkün olmadığını qeyd etdi: “Bu qərar küçədə ət kəsiminin qarşısının alınmasına bənzər bir məsələdir. Əlbəttə,  hər ikisi çox vacibdir. Çünki bu cür toyuqların satılması əslində xəstəlik mənbəyidir. Lakin AQTA buna administrativ yollarla nail ola bilməyəcək. Əksinə, bu dövlət qurumu əhalinin fərdi təsərrüfatlarda yetişdirdiyi quşların bazara çıxarılması üçün mükəmməl logistika sistemi düzəltməlidir ki, onlar çətinlik çəkməsinlər. İnsanların sağlam qida ilə təmin olunması baxımından yaxşı bir addımdır, lakin kəndlilərin qazanması baxımından kafi deyil.  Ona görə də gərək AQTA diri quşların qanunauyğun satışını da təşkil etsin. Bu ikisi paralel getməsə, qoyulan qadağalar nəticə verməyəcək. AQTA-nın nizamnaməsində qeyd olunur ki, istənilən məhsulun tarladan istehlakçının süfrəsinə qədər keçdiyi yolu izləmə sistemi tətbiq olunsun. Qurum gəlsin kənd toyuğunun istehlakçının süfrəsinə qədər izlənməsini həyata keçirsin, belə bir sistem  qursun, ondan sonra qadağa tətbiq etsin. Əks halda, bu administrativ üsullar həm istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarar, həm də fermerin. İstehlakçılar istənilən halda diri toyuğa tələbat yaradacaqlar, gedib rayonlarda evlərdən alacaqlar. Bu üsulla qarşısını almaq mümkün deyil”.

İş adamı Mürvət Həsənli isə “Yeni Müsavat”a danışarkən  bu qərarı müsbət qiymətləndirdiyini vurğuladı: “Onlar əsasən  quşçuluq  sahəsinə sonradan daxil olan insanlardır, toyuqları evlərdə kəsib bazara gətirirlər. Nə qeydiyyatdan keçirlər, nə sertifikat alırlar, nə mənşəyi bilinir. Onlar həm istehlakçılara, həm də iri istehsalçı şirkətlərə ziyan vururlar. Bazara ucuz və keyfiyyətsiz mal çıxartmaqla digərlərinin alıcılığına  ziyan vururlar, bazarda problem yaradırlar. Mən də AQTA-nın bu addımını alqışlayıram. Lisenziyası  olmayan fərdi təsərrüfatların  mənşəyi məlum olmayan toyuqları alıb necə gəldi kəsməsinin qarşısı alınmalıdır. Çünki kəsimxananın da müəyyən standartı var. Toyuqların necə kəsilməsi, hansı sudan istifadə olunması, hansı istiqamətə kəsilməsi hamısı önəmli şərtlərdir. 

AQTA toyuq ətinin nəmlilik dərəcəsinə də haqlı olaraq önəm verir. Bunu bir misalla izah edək. Normal kəsimxanası olan şirkətlərdən biri də “Siyəzən Broyler”dir. Bu şirkətin yeni kəsilmiş 1,5 kiloqramlıq bir toyuğunu da götürüb qaynadın, Ukraynadan gətirilmiş və eyni çəkidə olan digər bir toyuğu da qaynadın. “Siyəzən Broyler” 50 qram itirəcək, Ukraynadan gətirilən mənşəyi bəlli olmayan toyuq isə 400-500 qram. Ucuz  olmasının səbəbi də budur. Diri toyuqların da hansı xəstəlik daşıyıcısı olduğu bilinmir. Broyler toyuqları soya, qarğıdalı, buğda  və sairlə qidalanır, nəsil olaraq kökəlməyə meylli olduqları üçün daha tez çəki artırırlar. Kənd toyuqlarının isə necə qidalandığı, hansı xəstəlik daşıdığı bəlli deyil". 

YM