Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumu işə başlayıb.
AzərTAc xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Dövlət başçısı forumun açılışında nitq söyləyib.
Prezident bütün dünyada önəmli beynəlxalq tədbirə çevrilən VI Beynəlxalq Humanitar Forumunda bu il 90-dan çox ölkədən 400-dən artıq qonağın iştirak etdiyini deyib, burada müzakirə ediləcək məsələlərin gələcək əməkdaşlıq üçün gözəl imkanlar yaratdığını bildirib. Ölkəmizdə indiyədək humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyini deyən dövlət başçısı 10 il bundan əvvəl Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən Avropa Şurası mədəniyyət nazirlərinin toplantısına İslam ölkələri mədəniyyət nazirlərinin dəvət olunduğunu, bu formatın bir il sonra təkrarlandığını bununla da ölkəmizin həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv ölkə kimi sivilizasiyalararası əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Prezident bunun idman formatında da özünü göstərdiyini, Bakıda keçirilən I Avropa Oyunlarının və IV Islam Həmrəylik Oyunlarının bunu bir daha təsdiqlədiyini bildirib. Dövlət başçısı ölkəmizdə müxtəlif dinlərə məxsus xalqların hər zaman mehribanlıq şəraitində yaşadığını, bu sahədə mövcud olan dövlət siyasətinin səmərəli nəticələrə gətirib çıxardığını deyib. Ənənəvi dini məbədlərin tikintisinin və bərpasının Azərbaycanda gözəl ictimai iqlim yaratdığını, multukulturalizmin ölkəmizdə dövlət siyasi olduğunu bildirib.
“Biz mukltukulturalizmin bəhrəsinin gündəlik həyatda görürük. Bu gün ölkədə yaşanan sabitlik və həmrəylik məhz bunu deməyə əsas verir” deyən, prezident müasir Azərbaycan dövlətinin həm də dərin milli mənəvi dəyərlər üzərində qurulduğunu diqqətə çatdırıb. Müstəqilliyimizin ilk illərində ölkəmizin böyük humanitar fəlakətlə üzləşdiyini, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının öz doğma torpağında məcburi köçkünə çevrildiyini, xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparıldığını deyən prezident bildirib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsasən, Ermənistan silahlı qüvvələri işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxarılmalı idi. Lakin 25 il keçməsinə baxmayaraq, bu qətnamələr icra edilmir. Digər beynəlxalq təşkilatların da oxşar qərar və qətnamələr qəbul etdiyini diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, bu qətnamələrin hamısında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanır. “Dağliq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, Azərbaycanın ayrılmaz hissədir” deyən prezident işğal olunan torpaqlarımızda tarixi dini abidələrimizin, məscidlərin, qəbirlərin dağıldığını, muzeylərin talan olunduğunu bildirib.
Dövlət başçısı münaqişə nəticəsində yaranan humanitar böhrana baxmayaraq, Azərbaycanın inkişaf etdiyini, ölkəmizdə sabitliyin və təhlükəsizliyin bərqərar olduğunu vurğulayıb. “Azərbaycanda sabitliyin mənbəyi xalqdır” deyən prezident ölkəmizin beynəlxalq müstəvidə böyük hörmət qazandığını, ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayının artığını bildirib. Azərbaycanda son 15 ildə sürətlə inkişaf dinamikası nümayiş etdirdiyini, Ümumi Daxili Məhsulun 3,2 dəfə artdığını, Azərbaycana 250 milyarddan artıq investisiya qoyulduğunu, bununla da ölkəmizin iqtisadi müstəqilliyinin şərtləndirən tam iqtisadi müstəqillik əldə etdiyini diqqətə çatdırıb. Dövlət başçısı bütün bu uğurların sosial sahəyə müsbət təsir göstərdiyini, yoxsulluğun və işsizliyin səviyyəsinin kəskin şəkildə azaldığını, təhsilin inkişafının diqqət mərkəzində saxlanıldığını, son 15 ildə 3 mindən çox məktəbin tikildiyini və təmir olunduğunu, səhiyyə sektorunda 650-dən çox tibb müəssisənin tikildiyini və ya yenidən qurulduğunu deyib. Azərbaycanın artıq dünya kosmik klubuna daxil olduğunu, bu yaxınlarda 3-cü peykimizin orbitə buraxıldığını deyən prezident İ.Əliyev ictimai xidmətlər sahəsində bir inqilab olan “Asan Xidmət”in yaradılmasının da son illərin nailiyyətləri sırasında olduğunu vurğulayıb.

Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets prezident Vladimir Putinin forum iştirakçılarına müraciətini oxunub. Məktubda deyilir: “VI Bakı Humanitar Forumunun qonaqları! Forumun açılışı münasibətilə sizləri salamlayıram. Artıq VI dəfədir ki, Bakı bu foruma ev sahibliyi edir. Burada müzakirə olunan mövzular əhəmiyyətlidir. Burada müxtəlif aktual məsələlərin müzakirəsi, təhsil, informasiya təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq. Forumun iştirakçılarına ən xoş arzularımı çatdırmaq istəyirəm”.
O.Qolodets çıxışında forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirib.
Daha sonra BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron çıxış ediblər.
“Yeni Müsavat”
