|
AZAL-ın və “Türk Hava Yolları”nın iki təyyarə növündən imtinasının səbəbi

Son illər dünyanın ən böyük aviaşirkətləri tərəfindən “Airbus A 380" və “Boeing 747” sərnişin təyyarələrinə daha çox üstünlük verilir. Lakin bəzi  hava yolları şirkətləri də var ki, bu sərnişin təyyarələrini öz aviaparkına daxil etmir.

Türkiyə və Azərbaycan “Airbus A 380" və ”Boeing 747" yük təyyarələrindən istifadə etsə də, sərnişindaşımada onlardan imtina edirlər. THY-nin “Airbus A 380" və ”Boeing 747" sərnişin təyyarələrindən imtina etməsinin səbəbini məşhur youtuber, bu sahənin eksperti Kərəm Gök izah edir.

Kərəm Gökün sözlərinə görə, qardaş ölkənin ən böyük aviaşirkəti  “Boeing” şirkətindən 30 ədəd “Boeing 787-9" tipli sərnişin təyyarəsi və ”Airbus" şirkətindən 30 ədəd “Airbus A 350-900" tipli sərnişin təyyarəsi almağa hazırlaşır. Bununla ”Türk Hava Yolları" yeni nəsil geniş gövdəli hava gəmilərini təyyarə parkına qatmaqla böyüməkdə davam edəcək. 

Əvvəlcə qısa olaraq, THY-nin sifariş etdiyi yeni təyyarələr haqda arayış verək: 25 ədədi qəti olaraq sifariş verilən “Airbus A 350-900" təyyarələrnin ilk uçuşu 2013-cü ildə gerçəkləşdirilib və 2015-ci il yanvarın 15-də ”Qatar Airways" ilə istifadəyə verilib. 15 min kilometr mənzilə sahib olan “Airbus A 350" THY-nin yeni bazarlara çıxması üçün bir vasitə olacaq. ”Boeing 787-9" tipli sərnişin təyyarəsindən də 25 ədəd sifariş edilib. Bu sərnişin təyyarəsi istifadəyə verildiyi ilk vaxtlarda batareya problemi səbəbindən xeyli müzakirələrə səbəb oldu. Ancaq sonrakı dövrdə özünü təsdiq etməyi bacardı. 2024-cü ildə THY-nin bu sifarişləri artıq istifadədə olacaq.  

Image result for “Airbus A 380"

Bəs görəsən, THY niyə “Airbus A 380" və ”Boeing 747" tipli nəhəng təyyarələri almaqdan imtina etdi? Kərəm Gök bu sualı cavablayarkən ilk növbədə onu qeyd edir ki, THY kimi böyük bir aviaşirkət yeni təyyarə alarkən bir çox hesablamalar aparmalıdır: “Məsələn, yeni uçağı hansı xətt üzrə istifadə edə bilər, pilotların təlimi, təyyarənin baxımı, təmiri və sair kimi məsələlər nəzərə alınır və daha sonra alımasına qərar verilir. ”Airbus A 380" və “Boeing 747" təyyarələrinin hər ikisi çox nəhəngdir və bu səbəbdən uçuş xərcləri də digərləri ilə müqayisədə çoxdur. Bu təyyarələrdən istifadə edərək qazanc əldə etməkdən ötrü müəyyən edilmiş istiqamət üzrə çoxlu sayda sərnişin olması gərəklidir. Aviaşirkətlər bəzi xətlər üzrə yetərincə sərnişinə sahib olsa da, bəzi istiqamətlərdə hər uçuşda 500-600 nəfər sərnişin tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən qeyd etdiyimiz nəhəng təyyarələr heç də həmişə gəlirlilik baxımından effektli deyil. Bundan əlavə, belə geniş gövdəli və digərlərindən iki dəfə artıq sərnişin tutumu olan təyyarələrin enib-qalxması üçün də yeni infrastruktura ehtiyac var. O səbəbdən bəzi aviaşirkətlər, sadəcə, bəzi xətlər üzrə istifadə edə biləcəkləri təyyarəni almağa risk etmirlər. ”Airbus A 380" ilk dəfə istifadəyə veriləndə sanki bir röya gerçək olmuşdu. Artıq böyük deyil, çox böyük təyyarələrin dövrü başlayırdı. Ancaq üzərindən 10 il keçdikdən sonra durum dəyişdi və tələbat azaldı. İndi “Airbus” şirkəti bu təyyarənin bazardan çıxmaması üçün onun üzərində işləməyə və xərclərini azaltmaqla daha sərfəli bir hala gətirməyə çalışır.

“Boeing 747"nin tarixi isə daha qədimdir. Ötən əsrin 80-ci illərində o, nəhəng hava gəmilərinin bir ikonu olaraq yadda qalmışdı. Lakin indi ”Boeing 747"ə də tələbat azalıb. İndi şirkətlər “Boeing 787" və ”Airbus A 350-900" tipli orta böyüklükdə olan elastik bir təyyarə növünə üstünlük verməklə, daha gəlirli uçuşlar həyata keçirir və “Boeing 747", ”Airbus A 380" kimi riskli modellərdən imtina edirlər. Bu səbəbdən THY də bu nəhəng uçaqları almağa üstünlük vermir".

“Türk Hava Yolları”nın nə üçün qeyd etdiyimiz təyyarə tiplərini almamasının səbəbi aydın oldu. Bəs “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsi parkında nə üçün bu təyyarələrə yer verilmir?

Related image

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi  Paşa Kəsəmənski də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, aviaşirkət üçün önəmli olan təyyarənin tutumu deyil, uzunmənzilli olmasıdır: “Bizdə də böyük təyyarələr var. Bir ədəd ”Airbus 340" və iki ədəd “Boeing dreamliner” kimi uzaq məsafələrə uçan təyyarələrimiz mövcuddur. Təyyarə üçün önəmli olan uzunmənzilli olmasıdır. Neçə nəfərlik tutumu olmasını isə aviaşirkət özü sifariş verir. Variantlar “Boeing” tərəfindən təqdim olunur və aviaşirkət onu seçir. 500-600 nəfərlik tutumu olan təyyarələrimiz yoxdur. Ancaq söhbət uzaq məsafələrdən gedirsə, bu cür təyyarələr var. Hazırda Bakıdan Nyu-Yorka  birbaşa uça bilən təyyarəmiz var".

Paşa Kəsəmənskinin sözlərinə görə, AZAL növbəti ildən yeni təyyarələr almağı da planlaşdırır: “Biz gələn ildən 10 ədəd ən müasir ”Boeing 737 MAX" təyyarəsi alacağıq. Onların tutumunun nə qədər olması ilə bağlı isə müzakirələr gedir".

Aviasiya mütəxəssisi Ədalət Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu cür çox böyük təyyarələrə Azərbaycan aviaməkanında ehtiyac yoxdur: “Azərbaycanda ”Boeing 747" yük təyyarəsi var. Lakin bu tipli sərnişin təyyarəsinin ilk növbədə iqtisadi səmərəliliyini öyrənmək lazımdır. Azərbaycandan əksər hallarda heç bir istiqamət üzrə eyni vaxtda 500 nəfər uçmur. Bu baxımdan “Boeing 747", ”Airbus A 380" tipli təyyarələr iqtisadi baxımdan səmərəsizdir".